IV “Maarifçi” proqramı çərçivəsində ünsiyyət bacarıqlarının inkişafına dair təlim keçirilib

IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək məqsədilə “Danış, dinlə, inandır: ünsiyyətin inkişaf yolları” mövzusunda təlim təşkil olunub.

Təlim Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova tərəfindən keçirilib.

Təlimin əsas məqsədi iştirakçıların effektiv ünsiyyət qurmaq, aktiv dinləmək, fikirlərini aydın və məqsədyönlü ifadə etmək, eləcə də qarşı tərəfi inandırmaq bacarıqlarının inkişaf etdirilməsidir.

Təlim çərçivəsində ünsiyyətin şəxsi və peşəkar münasibətlərdə əhəmiyyəti, şifahi, yazılı, qeyri-verbal və vizual kommunikasiya formaları, həmçinin səs tonu, mimika, jest və bədən dilinin ünsiyyət prosesindəki rolu barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, aktiv dinləmə və düzgün sualvermə texnikaları, yazılı kommunikasiyada effektiv üslubun seçilməsi, fikirlərin düzgün çatdırılması və ünsiyyət zamanı qarşıya çıxan maneələrin aradan qaldırılması yolları müzakirə olunub.

İnteraktiv formatda keçirilən təlim zamanı gündəlik həyat və iş mühitindən nümunələr əsasında praktiki tapşırıqlar yerinə yetirilib, müxtəlif kommunikasiya situasiyaları təhlil olunub. İştirakçılar müzakirələrdə fəal iştirak edərək qazandıqları bilikləri praktikada tətbiq etmək imkanı əldə ediblər.

Qeyd edək ki, IV “Maarifçi” tələbə-məzun proqramı gənclərin bilik və bacarıqlarının artırılmasına, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə, eləcə də əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlib.

BDU-da “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun (TİF) əməkdaşlığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

Tədbirin əvvəlində qızların təhsilinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Daha sonra rəsmi çıxışlara başlanııb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin layihədə fəal iştirak etdiyini və bu istiqamətdə təşəbbüslərə dəstəyini davam etdirəcəyini bildirib. Rektor layihəyə daha çox qurumun və təhsil müəssisəsinin qoşulmasının onun əhatə dairəsinin genişlənməsi və davamlılığı baxımından əhəmiyyətini vurğulayıb. O, layihədən yararlanan gənc xanımların gələcəkdə digər qızların da təhsilinə və arzularının reallaşmasına dəstək göstərə biləcəklərini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilkin mərhələdə 14 qızın təhsilinə dəstəklə başlayan layihədən ötən müddətdə 730 nəfərin yararlandığını bildirib. O, bu il təsis olunan Hacı Zeynalabdin Tağıyev adına təqaüdü 22 qızın qazandığını, qarşıdakı il həmin təqaüddən yararlananların sayının ən azı 100 nəfərə çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Komitə sədri layihənin genişlənməsində tərəfdaşların rolunu vurğulayaraq yerli və xarici şirkətləri təşəbbüsə qoşulmağa dəvət edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların sosial şəraitindən asılı olmayaraq, istedadlarının üzə çıxarılmasına, təhsil və inkişaf imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. O, Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihəyə dəstək verməyin fond üçün əhəmiyyətini qeyd edib. Təqaüd proqramlarının iştirakçılarının gələcəkdə digər istedadlı qızların təhsilinə və inkişafına dəstək göstərəcəklərinə inamını ifadə edib.

Sonda Bakı Dövlət Universitetində təhsil alan Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının iştirakçılarına təltiflər təqdim olunub.

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına sən də qoşul

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul elan edilir.

Proqram ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan, sosial həssas qrupa aid olan oğlan və qızlara təhsil müddətində dəstək göstərməyi hədəfləyir. Proqram üzrə ixtisas məhdudiyyəti olmadan, müəyyən edilmiş digər meyarlara cavab verən və istənilən ixtisas üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. 

Təqaüd proqramı çərçivəsində 20 tələbə seçiləcək və hər bir iştirakçı aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Müraciət üçün əsas tələblər

Proqrama müraciət etmək istəyən namizədlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I kursunda təhsil almaq;
  • sosial həssas qrupa aid olan tələbə olmaq;
  • ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq;
  • könüllülük, sosial fəaliyyət və digər dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək.

Bundan əlavə, namizəd aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmalıdır:

  • ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
  • orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaq;
  • valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs olmaq.

Namizədin hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olmalıdır:

  • orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs;
  • işsiz kimi qeydiyyatda olan şəxs;
  • iş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxs;
  • iş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxs.

Qeyd: Yuxarıda qeyd olunan sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.

Seçim mərhələləri

Proqrama qəbul onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla, 3 mərhələdə aparılacaq.

Qiymətləndirmə zamanı namizədlərin sosial vəziyyəti, akademik göstəriciləri, və motivasiya məktubu nəzərə alınacaq.

Müsahibə mərhələsində namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbə həyatı və fəaliyyəti ilə bağlı suallar cavablandırılacaq. Yekun seçim zamanı müsahibə mərhələsində göstərilən nəticə əsas götürüləcək.

Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat təqaüd əldə edəcək.

Müraciət qaydası

Proqrama müraciət etmək üçün linkə keçid edə bilərsiniz.

Son müraciət tarixi: 29 noyabr 2026-cı il 

Qeyd: Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət edə bilməzlər.

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq.

2-30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya Bakı metrosu və avtobuslarda keçərlidir. Kampaniya müddətində TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edəcək.

Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər standart tariflə hesablanır. Bununla belə, TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10% bonus tətbiq edilir.

TəhsilPlus layihəsi təhsil işçilərinin gündəlik ehtiyaclarını nəzərə alaraq onların əməkhaqqı, ödəniş və müxtəlif xidmətlərdən istifadə imkanlarını vahid kartda birləşdirir. İctimai nəqliyyatda təqdim olunan yeni kampaniya isə kart istifadəçilərinin gündəlik xərclərinin azaldılmasına və rəqəmsal ödəniş imkanlarından daha sərfəli istifadəsinə əlavə dəstək verir.

Hazırda TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.

Kartların mərhələli şəkildə paylanması prosesi tamamlandıqca TəhsilPlus layihəsinin əhatə dairəsinin genişləndirilməsi və bütün təhsil işçilərinin kartlarla təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.  Kart əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Kart istifadəçiləri, həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.

Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.

Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Birbank tətbiqi vasitəsilə həyata keçirilən “Onu oxut” aksiyası çərçivəsində vətəndaşların etdiyi könüllü ianələr hesabına ərsəyə gələn bu kimi təşəbbüslər sosial həssas qrupa aid olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsinə və dövlətin bu istiqamətdə həyata keçirdiyi səylərə mühüm töhfə verir.

Proqram sosial həssas qrupa aid olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda təhsil alan və qəbul imtahanında minimum 600 bal toplayan tələbələri dəstəkləməyi hədəfləyir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat məbləğində təqaüd veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində bu günədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan gənclərin ali təhsil almasına və akademik inkişafına dəstəyin genişləndirilməsinə imkan yaradır.

“Study in Azerbaijan” layihəsi çərçivəsində əcnəbi tələbələrlə görüş keçirilib

Noyabrın 2-də Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə səhər yeməyi formatında görüş təşkil olunub.

Qeyri-rəsmi və səmimi şəraitdə keçirilən görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, “Study in Azerbaijan” layihəsinin nümayəndələri, müvafiq qurumların əməkdaşları, eləcə də ölkəmizin 9 ali təhsil müəssisəsində təhsil alan, 13 ölkəni təmsil edən 40-a yaxın əcnəbi tələbə iştirak edib.

Görüşün əsas məqsədi əcnəbi tələbələrlə birbaşa ünsiyyət qurmaq, onların Azərbaycandakı təhsil və tələbəlik təcrübələrini öyrənmək, qarşılaşdıqları çətinlikləri və təklifləri dinləmək, həmçinin təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.

İnteraktiv müzakirələr zamanı tələbələrin Azərbaycanda təhsil imkanları, universitet mühitinə uyğunlaşma prosesi, akademik və sosial həyatda iştirakı ilə bağlı məsələlər müzakirə edilib. Tələbələr öz təcrübələrini bölüşərək onları maraqlandıran məsələləri diqqətə çatdırıb, təkliflərini səsləndiriblər.

Görüşdə Pakistan, Rusiya Federasiyası, Türkiyə, Qazaxıstan, Hindistan, Çin, Gürcüstan, Əlcəzair, Mərakeş, Belarus, İraq, İndoneziya və Konqodan olan tələbələr təmsil olunublar.

Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti və Xəzər Universitetində təhsil alırlar.

TİF-in İdarə Heyətinin sədri “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyasında çıxış edib

Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib.

Sessiyanın açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Avstraliyanın Deakin Universitetinin professoru Fateh Mansouri çıxış edərək qlobal çağırışların həllində təhsilin, milli və bəşəri dəyərlərin təşviqinin, eləcə də rəqəmsal bacarıqların inkişafının əhəmiyyətini vurğulayıblar.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə və Fransanın Lion Katolik Universitetinin professoru Roje Kude mədəniyyətlərarası ünsiyyət, milli mədəni irsin qorunması və mədəni müxtəlifliyin sülhə töhfəsi barədə fikirlərini bölüşüblər.

Sessiyanın ikinci hissəsində Deakin Universitetinin professoru Fateh Mansourinin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak ediblər.

Elnur Əliyev “Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq səriştələri” mövzusunda çıxışında yeni təhsil standartlarında rəqəmsal bacarıqlar, süni intellekt və media savadlılığının inkişafına diqqət yetirildiyini bildirib. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, tənqidi düşüncə və fərqli fikirlərə hörmət kimi səriştələrin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “Süni intellekt dövründə mədəni suverenlik: gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxış edib. O, süni intellektin gənclərin düşüncə tərzinə, dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirinə diqqət çəkib. Müxtəlif süni intellekt modellərinin eyni suallara fərqli mədəni yanaşmalar əsasında cavab verə bildiyini qeyd edən Nicat Məmmədli bu sahədə müqayisəli tədqiqatların aparılmasını və xüsusi qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib. O, gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov isə incəsənət təhsilinin rəqəmsal dövrdə yaradıcılığın inkişafına və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə töhfəsindən danışıb. O, işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının bərpasının, uşaqların sosial-mədəni həyata inteqrasiyasında yaradıcılıq imkanlarının yaradılmasının və beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Sessiya çıxış və müzakirələrin yekunlaşdırılması ilə başa çatıb.

4-cü “Parla” təqaüd və inkişaf proqramının müsahibə mərhələsinə keçid edən namizədlərin adları açıqlanıb

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının 4-cü mərhələsi üzrə müsahibəyə keçid edən namizədlərin adları açıqlanıb.

Bu il proqrama ümumilikdə 2020 müraciət daxil olub. Müraciətlərin qiymətləndirilməsi nəticəsində 228 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Müsahibə mərhələsinə keçid edən namizədlərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.

Növbəti mərhələdə namizədlərlə müsahibələr keçiriləcək. Müsahibələrin vaxtı və təşkili ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.

“Qızların təhsilinə dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra layihənin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nəticələri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində göstərilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qızlar məktəbinin 125 illiyi və “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq müasir dövrdə rəqəmsal texnologiyalar və əmək bazarının yeni tələbləri fonunda qızların elm, mühəndislik, informasiya texnologiyaları, hüquq və digər perspektivli sahələrə marağının dəstəklənməsinin vacibliyini qeyd edib.

Komitə sədri qızların təhsilinə və gələcək inkişafına dəstəyin genişləndirilməsi üçün dövlət qurumlarını, ali təhsil müəssisələrini, sahibkarları, şirkətləri və uğur qazanmış qadınları əməkdaşlığa dəvət edib. O, mentorluq, təcrübə və peşəkar inkişaf imkanlarının yaradılmasının gənc qızların potensialını reallaşdırmasına, gələcək karyeralarına inamının artmasına və ölkənin inkişafına töhfə verməsinə şərait yaradacağını bildirib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinə yatırılan investisiyaların yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini bildirib. Nazir vurğulayıb ki, qızların təhsili ölkənin intellektual potensialının gücləndirilməsi, gələcək nəsillərin daha savadlı, müstəqil və məsuliyyətli vətəndaşlar kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Emin Əmrullayev həmçinin qadınların dövlət və özəl sektorda, eləcə də cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirakının genişləndirilməsinin dayanıqlı inkişafın və daha sağlam cəmiyyətin formalaşmasının vacib amillərindən biri olduğunu diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı roldan bəhs edib. O, dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın təşəbbüsün davamlı inkişafına töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər layihənin qızların potensialının üzə çıxarılmasına, onların peşəkar inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə verdiyi töhfələri vurğulayıblar. Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları layihənin onların şəxsi inkişafına, müxtəlif təlim və inkişaf proqramlarında iştirakına yaratdığı imkanlardan bəhs ediblər.

Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.

Təhsilin İnkişafı Fondu son 3 ayda 86 nəfərin IELTS imtahanında iştirakına dəstək göstərib 

Təhsilin İnkişafı Fondunun ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviqinə yönəlmiş layihəsi çərçivəsində 2026-cı ilin III rübündə 14 ali təhsil müəssisəsini təmsil edən 86 nəfərin imtahan xərcləri Fond tərəfindən qarşılanıb.

Layihədən yararlananların 79 nəfəri tələbə, 7 nəfəri isə ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvüdür. İştirakçıların 47-si qadın, 39-u kişidir.

Tələbələrin təhsil səviyyələri üzrə bölgüsünə əsasən, 71 nəfər bakalavriat, 6 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil alır.

İngilis dili biliklərinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə imkan yaradan IELTS imtahanı iştirakçıların təhsil və karyera perspektivlərinin genişləndirilməsində mühüm rol oynayır. Təhsilin İnkişafı Fondunun imtahan xərclərini qarşılaması isə bu istiqamətdə iştirakçılara göstərilən dəstəyin mühüm tərkib hissəsidir.

Təhsilin İnkişafı Fondu bu təşəbbüslə ali təhsil müəssisələrinin təhsilalanları və elmi-pedaqoji heyət üzvlərinin beynəlxalq imkanlara çıxışını genişləndirməyi, onların akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.