Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına yeni qəbul olunmuş qız tələbələr üçün dil səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə yerləşdirmə testləri keçirilib.
Testlərin əsas məqsədi iştirakçıların ingilis dili üzrə mövcud bilik səviyyəsini qiymətləndirmək və onların daha effektiv inkişafını təmin etməkdir. Nəticələrə əsasən, tələbələr müxtəlif dil səviyyələri üzrə qruplara bölünəcək və onlar üçün ingilis dili, eləcə də IELTS hazırlıq kursları təşkil olunacaq.
Tədris proqramı iştirakçıların həm akademik, həm də peşəkar mühitdə ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlib. Bu yanaşma onların beynəlxalq imkanlardan daha səmərəli yararlanmasına və gələcək karyera perspektivlərinin genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı istedadlı qız tələbələrin inkişafını dəstəkləməyə yönəlib. Proqram çərçivəsində iştirakçılara təqaüd, təcrübə proqramları və mentorluq imkanları təqdim olunur. Hazırda 109 qız bu proqram çərçivəsində təqaüdlə təmin edilib.
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin I rübünün statistik nəticələri açıqlanıb.
Qeyd edilən dövr ərzində ümumilikdə 332 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. İştirakçıların 190 nəfəri kişi, 142 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir. Belə ki, layihə çərçivəsində 302 bakalavr, 24 magistratura tələbəsi, 3 doktorant və 3 müəllim iştirak edib.
Məlumat üçün bildirək ki, layihə 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir və ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsini hədəfləyir.
2026-cı ildən etibarən layihə üzrə tələblər təkmilləşdirilərək, namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə əldə etmək, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən TəhsilPlus kartının tətbiqi və inkişaf perspektivlərinə dair regional təhsil idarələrinin direktorları ilə görüş təşkil olunub.
Görüşdə Fondun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbərliyi və nümayəndələri, layihənin tərəfdaşı olan Kapital Bank-ın nümayəndələri, eləcə də 12 təhsil idarəsinin direktoru iştirak edib.
İlk olaraq, MÜTDA-nın direktor müavini Arslan Hacıyev görüş iştirakçılarını salamlayaraq, TəhsilPlus kartının təhsil işçiləri üçün yaradılan imkanlar baxımından əhəmiyyətini vurğulayıb. O, layihənin Bakı ilə yanaşı, regionlarda da uğurla tətbiqinin vacibliyini, bu istiqamətdə koordinasiyalı fəaliyyətin önəmini diqqətə çatdırıb.
Daha sonra Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli geniş çıxış edərək TəhsilPlus kartının strateji əhəmiyyətindən bəhs edib. O, təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onların motivasiyasının artırılması və təhsil mühitində dayanıqlı inkişafın təmin olunmasının Fondun əsas prioritetlərindən biri olduğunu qeyd edib. Nicat Məmmədli, həmçinin layihənin ölkə üzrə geniş tətbiqinin vacibliyini vurğulayaraq, regional təhsil idarələri ilə sıx əməkdaşlığın bu prosesdə mühüm rol oynadığını bildirib.
Çıxışlardan sonra TİF-in nümayəndəsi tərəfindən TəhsilPlus kartı ilə bağlı təqdimat keçirilib. Təqdimatda kartın funksionallığı, tərəfdaş şəbəkəsi, istifadə imkanları və layihənin gələcək inkişaf istiqamətləri barədə geniş məlumat təqdim olunub.
Görüş çərçivəsində regional təhsil idarələrinin rəhbərləri ilə fikir mübadiləsi aparılıb, layihənin regionlarda tətbiqi və daha da genişləndirilməsi ilə bağlı təkliflər müzakirə edilib.
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən TəhsilPlus layihəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Layihənin əsas məqsədi ölkə üzrə bütün təhsil işçilərini əhatə etməkdir.
Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) TələbəPlus kartına həsr olunmuş infosessiya təşkil olunub.
Məlumat sessiyasının əsas məqsədi tələbələri TələbəPlus kartının imkanları, təqdim etdiyi üstünlüklər və tərəfdaş şəbəkəsi barədə məlumatlandırmaq, eyni zamanda onların suallarını cavablandırmaq olub.
İnfosessiya Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Şəfəq Şahməmmədovanın açılış nitqi ilə başlayıb. O, tələbələr üçün həyata keçirilən bu kimi layihələrin əhəmiyyətini vurğulayaraq, TələbəPlus kartının gənclərin gündəlik həyatına verdiyi töhfələrdən bəhs edib.
Daha sonra Təhsilin İnkişafı Fondunun nümayəndəsi Almaz Axundzadə çıxış edərək TələbəPlus kartı barədə ətraflı təqdimat edib, layihənin məqsədləri və istifadə imkanları haqqında məlumat verib. Çıxış çərçivəsində tələbələrin sualları cavablandırılıb.
Tədbirdə, həmçinin layihənin tərəfdaş qurumlarından olan “Olivia Beauty & Care” şirkətinin marketinq meneceri Aygün Mirzəliyeva çıxış edərək tələbələr üçün təqdim olunan güzəştlər və imkanlar haqqında danışıb.
İnfosessiyanın davamında dermatoloq Mehriban Almazova “Tələbə həyatında dəri problemləri” mövzusunda maarifləndirici təqdimatla çıxış edib, tələbələrə dəriyə qulluq və sağlamlıqla bağlı faydalı tövsiyələr verib.
Tədbir interaktiv formatda davam edib, sual-cavab sessiyası təşkil olunub və tələbələr arasında viktorina keçirilib. Viktorinanın qalibi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, infosessiyada iştirak edən digər tələbələrə də müxtəlif hədiyyələr təqdim olunub.
Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.
Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər.
Təhsil sərgisində Təhsilin İnkişafı Fondunu İdarə Heyətinin üzvü Ramin Cəfərov təmsil edib.
Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti təmsil olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.
Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş “Study in Kazakhstan” sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.
Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.
Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təqaüd proqramlarının iştirakçıları üçün “E-poçt etiketi və beynəlxalq yazışma” mövzusunda təlim sessiyası təşkil olunub. Peşəkar yazışma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə baş tutan təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.
Təlim çərçivəsində iştirakçılara professional e-poçt strukturunun qurulması, salamlaşma və müraciət formalarının düzgün istifadəsi, rəsmi üslubun qorunması mövzularında ətraflı məlumat verilib, beynəlxalq yazışmalarda diqqət edilməli əsas nüanslar izah olunub. Praktiki yanaşma əsasında qurulan təlimdə real nümunələr vasitəsilə düzgün və yanlış e-poçt yazışmaları təhlil edilib.
Təlimin əsas məqsədi iştirakçıların yazılı ünsiyyət bacarıqlarını gücləndirmək, rəsmi və beynəlxalq müstəvidə effektiv, etik və peşəkar yazışma vərdişlərini formalaşdırmaq olub.
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 3-cü dalğasına start verilib və proqrama yeni 50 tələbə qız qoşulub.
Bu münasibətlə təşkil olunan görüşdə Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” və qrup şirkətlərinin nümayəndələri, mentorlar və proqram iştirakçıları iştirak edib.
Tədbirin açılışında çıxış edən “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə proqramın əhəmiyyətindən bəhs edərək bildirib ki, “Parla” gənc xanımların bacarıqlarının inkişafı, peşəkar şəbəkələrinin genişləndirilməsi və özünəinamlarının artırılması üçün dəstəkləyici mühit formalaşdırır. O qeyd edib ki, proqram iştirakçılara təlimlər, mentorluq, təcrübə və digər praktiki imkanlar vasitəsilə təhsildən əmək bazarına uğurlu keçid üçün zəruri dəstəyi təmin edir.
Daha sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxışında proqramın gənc xanımların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların potensialının reallaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, proqram yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş geniş imkanlar yaradır, onların yeni bilik və bacarıqlar əldə etməsinə və peşəkar şəbəkələrə inteqrasiyasına şərait yaradır.
Rəsmi çıxışlardan sonra proqramı uğurla başa vuraraq əmək fəaliyyətinə başlayan məzunlar öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşüb.
Tədbirin sonunda Təhsilin İnkişafı Fondunun nümayəndəsi Aysel Məhərrəmova tərəfindən iştirakçılar arasında tanışlıq məqsədilə interaktiv sessiya təşkil olunub.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı artıq 3 ildir uğurla icra olunur. Proqram çərçivəsində iştirakçılar aylıq təqaüdlə təmin olunur, eyni zamanda hərtərəfli inkişaf imkanları əldə edirlər. Buraya ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq dəstəyi, “NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları, həmçinin “NEQSOL Academy” vasitəsilə rəqəmsal təhsil resurslarına çıxış daxildir.
Bu günədək proqram çərçivəsində 150 tələbə qız təqaüdlə təmin edilib. Onlardan 41-i proqramı uğurla tamamlayaraq əmək fəaliyyətinə başlayıb və ya təhsilini ölkə daxilində və xaricdə davam etdirir. Hazırda yeni qoşulan iştirakçılar da daxil olmaqla, 109 nəfər proqramda iştirakını davam etdirir.
2023-cü ildə təsis edilən “Parla” təqaüd və inkişaf proqramı qısa müddətdə qızların təhsilinə dəstək üçün güclü platformaya çevrilib. 2025-ci ildə bu təşəbbüs təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə “Böyük işəgötürənlər üçün Stevie®” mükafatlarının qızıl və gümüş kateqoriyalarına layiq görülərək beynəlxalq səviyyədə tanınıb.
Təhsilin İnkişafı Fondu (TİF) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında görüş keçirilib.
Görüşdə TİF tərəfindən Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli, sədrin müavini Xanım Daşdəmirova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edib.
AHİK tərəfini isə sədrin müşaviri Nigar Vahabzadə və İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin müdiri Azər Sanılı təmsil edib.
Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsində innovativ yanaşmaların təşviqi, rəqəmsal həllərin tətbiqi və müxtəlif təşəbbüslərin birgə reallaşdırılması imkanları müzakirə olunub.
Sonda tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslər üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təqaüd proqramlarının iştirakçısı olan tələbə qızlar üçün “Zirvəyə doğru” adlı təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd gənc qızların şəxsi inkişafını təşviq etmək, onların ictimai-sosial fəallığını artırmaq, eyni zamanda cəmiyyətə məqsədyönlü şəkildə inteqrasiyasına dəstək göstərmək olub.
Tədbirin açılışında Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya çıxış edərək qızların təhsilinin cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını vurğulayıb. O, layihə çərçivəsində əldə olunan nəticələr və gənc qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.
Daha sonra mediator Günel Əliyeva tərəfindən interaktiv formatda keçirilən təlim zamanı iştirakçılarla real həyat situasiyaları əsasında müzakirələr aparılıb, onlara praktiki bilik və bacarıqlar aşılanıb. Təlim çərçivəsində gənc qızların hədəflərinə çatması, gələcəkdə uğurlu karyera qurması üçün strategiyalar, effektiv yanaşmalar və şəxsi inkişafın əsas meyarları barədə ətraflı məlumat təqdim olunub.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində növbəti mərhələyə start verilib.
Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.
Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib. O bildirib ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, TəhsilPlus kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.
“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.
Rəsmi çıxışların ardınca, TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.
Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.
Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.
Sonda sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş, fəaliyyətləri ilə seçilən müəllimlərə TəhsilPlus kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.
Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.