Haqqımızda

Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı ilə yaradılıb. 

Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.

Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Fondun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, habelə sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Nazirliyin normativ hüquqi aktlarını, Azərbaycan  Respublikası Elm və Təhsil nazirinin əmr və sərəncamlarını rəhbər tutur. 

Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Nizamnaməyə əsasən, Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. 

Fondun vəsaitləri Nazirliyin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaiti, ödənişli təhsil xidmətləri göstərilməsindən əldə edilən gəlirlərdən ayırmalar, Fondun fəaliyyətindən əldə olunmuş gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun fəaliyyətinə cari rəhbərliyi sədr, onun müavini və digər bir üzvdən ibarət İdarə Heyəti həyata keçirir. 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə Elnur Ramiz oğlu Nəsibov icra edir.

Fondun təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir.