Təhsilin İnkişafı Fondu son 3 ayda 86 nəfərin IELTS imtahanında iştirakına dəstək göstərib 

19 Oktyabr 2026

Təhsilin İnkişafı Fondunun ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviqinə yönəlmiş layihəsi çərçivəsində 2026-cı ilin III rübündə 14 ali təhsil müəssisəsini təmsil edən 86 nəfərin imtahan xərcləri Fond tərəfindən qarşılanıb.

Layihədən yararlananların 79 nəfəri tələbə, 7 nəfəri isə ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvüdür. İştirakçıların 47-si qadın, 39-u kişidir.

Tələbələrin təhsil səviyyələri üzrə bölgüsünə əsasən, 71 nəfər bakalavriat, 6 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil alır.

İngilis dili biliklərinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə imkan yaradan IELTS imtahanı iştirakçıların təhsil və karyera perspektivlərinin genişləndirilməsində mühüm rol oynayır. Təhsilin İnkişafı Fondunun imtahan xərclərini qarşılaması isə bu istiqamətdə iştirakçılara göstərilən dəstəyin mühüm tərkib hissəsidir.

Təhsilin İnkişafı Fondu bu təşəbbüslə ali təhsil müəssisələrinin təhsilalanları və elmi-pedaqoji heyət üzvlərinin beynəlxalq imkanlara çıxışını genişləndirməyi, onların akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.