TİF-in İdarə Heyətinin sədri “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyasında çıxış edib

28 Oktyabr 2026

Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib.

Sessiyanın açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Avstraliyanın Deakin Universitetinin professoru Fateh Mansouri çıxış edərək qlobal çağırışların həllində təhsilin, milli və bəşəri dəyərlərin təşviqinin, eləcə də rəqəmsal bacarıqların inkişafının əhəmiyyətini vurğulayıblar.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə və Fransanın Lion Katolik Universitetinin professoru Roje Kude mədəniyyətlərarası ünsiyyət, milli mədəni irsin qorunması və mədəni müxtəlifliyin sülhə töhfəsi barədə fikirlərini bölüşüblər.

Sessiyanın ikinci hissəsində Deakin Universitetinin professoru Fateh Mansourinin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak ediblər.

Elnur Əliyev “Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq səriştələri” mövzusunda çıxışında yeni təhsil standartlarında rəqəmsal bacarıqlar, süni intellekt və media savadlılığının inkişafına diqqət yetirildiyini bildirib. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, tənqidi düşüncə və fərqli fikirlərə hörmət kimi səriştələrin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “Süni intellekt dövründə mədəni suverenlik: gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxış edib. O, süni intellektin gənclərin düşüncə tərzinə, dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirinə diqqət çəkib. Müxtəlif süni intellekt modellərinin eyni suallara fərqli mədəni yanaşmalar əsasında cavab verə bildiyini qeyd edən Nicat Məmmədli bu sahədə müqayisəli tədqiqatların aparılmasını və xüsusi qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib. O, gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov isə incəsənət təhsilinin rəqəmsal dövrdə yaradıcılığın inkişafına və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə töhfəsindən danışıb. O, işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının bərpasının, uşaqların sosial-mədəni həyata inteqrasiyasında yaradıcılıq imkanlarının yaradılmasının və beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Sessiya çıxış və müzakirələrin yekunlaşdırılması ilə başa çatıb.