IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək məqsədilə “Danış, dinlə, inandır: ünsiyyətin inkişaf yolları” mövzusunda təlim təşkil olunub.
Təlim Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova tərəfindən keçirilib.
Təlimin əsas məqsədi iştirakçıların effektiv ünsiyyət qurmaq, aktiv dinləmək, fikirlərini aydın və məqsədyönlü ifadə etmək, eləcə də qarşı tərəfi inandırmaq bacarıqlarının inkişaf etdirilməsidir.
Təlim çərçivəsində ünsiyyətin şəxsi və peşəkar münasibətlərdə əhəmiyyəti, şifahi, yazılı, qeyri-verbal və vizual kommunikasiya formaları, həmçinin səs tonu, mimika, jest və bədən dilinin ünsiyyət prosesindəki rolu barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, aktiv dinləmə və düzgün sualvermə texnikaları, yazılı kommunikasiyada effektiv üslubun seçilməsi, fikirlərin düzgün çatdırılması və ünsiyyət zamanı qarşıya çıxan maneələrin aradan qaldırılması yolları müzakirə olunub.
İnteraktiv formatda keçirilən təlim zamanı gündəlik həyat və iş mühitindən nümunələr əsasında praktiki tapşırıqlar yerinə yetirilib, müxtəlif kommunikasiya situasiyaları təhlil olunub. İştirakçılar müzakirələrdə fəal iştirak edərək qazandıqları bilikləri praktikada tətbiq etmək imkanı əldə ediblər.
Qeyd edək ki, IV “Maarifçi” tələbə-məzun proqramı gənclərin bilik və bacarıqlarının artırılmasına, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə, eləcə də əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlib.





