Beynəlxalq İKT-də Qızlar Günü ərəfəsində “Peerstack Academy”nin təşkilatçılığı ilə “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün rəqəmsal bacarıqların gücləndirilməsinə yönəlmiş 2 günlük praktiki təlim proqramı təşkil olunub.
Təlimçi Məryəm Mürşüdlü tərəfindən keçirilən təlimin ilk günündə iştirakçılar “Windows” əməliyyat sisteminin əsasları ilə tanış olub, sistemin formatlanması üzrə praktiki biliklər əldə edərək texniki tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarıqlarını inkişaf etdiriblər. Təlimin ikinci günündə isə diqqət süni intellektin düzgün və məsuliyyətli istifadəsinə yönəldilib. İştirakçılar süni intellekt alətlərindən təhsil, məhsuldarlıq və yaradıcılıq məqsədləri üçün effektiv istifadə imkanları barədə məlumat əldə ediblər.
Sonda iştirakçılara təlim proqramını uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və təqaüdlə yanaşı, gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.
Bakı və regional təhsil idarələrinin mühasibləri ilə TəhsilPlus kartı barədə interaktiv görüş təşkil olunub.
Görüşdə Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və 13 təhsil idarəsinin mühasibləri iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara TəhsilPlus kartının təqdim etdiyi imtiyazlar və bonuslar haqqında ətraflı məlumat verilib. Kartların sifariş prosesi vizual təqdimatla izah olunub, kartların təhvil verilməsi qaydası, istifadəçi tərəfindən aktivləşdirilməsi mərhələləri və təhlükəsizlik qaydaları geniş şəkildə təqdim edilib.
Eyni zamanda kartın təhlükəsiz və düzgün istifadəsi ilə bağlı əsas prinsiplər diqqətə çatdırılıb və iştirakçıların sualları cavablandırılıb. Görüş interaktiv formatda keçirilib və mühasiblərin suallarına xüsusi yer ayrılıb.
Sonda TəhsilPlus kartı ilə bağlı proseslərin daha səmərəli təşkili, idarələrarası koordinasiyanın gücləndirilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı, “Eco Az Energy”, “Coca-Cola”, “ATS Food” MMC, “Bakcell” və Birbank-ın dəstəyi ilə “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edərək bildirib ki, “GreenTech III” müsabiqəsinin əsas məqsədi yaşıl texnologiyalar və ümumilikdə texnoloji yeniliklər sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, ekoloji problemlərə innovativ həllər tapmaq və gəncləri davamlı inkişaf istiqamətində təşviq etməkdir. Rektor əlavə edib ki, müsabiqə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq rəqabətli insan kapitalının və “yaşıl artım”ın təşviqinə töhfə verir.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, TİF-in İdarə Heyətinin üzvü, şöbə müdiri Ramin Cəfərov, ARGF-in şöbə müdiri Nail Şükürov, ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək bildiriblər ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına, ekoloji məsuliyyət hissinin artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya tətbiq etmək, eləcə də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda “Alternativ enerji və təmiz dünya”, “Rəqəmsal həllər və robototexnika” və “İnklüziv və sosial innovasiyalar” olmaqla 3 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.
Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Ali Neft Məktəbinin “Biosenatorlar”, Milli Aviasiya Akademiyasının “Dəmir qanad” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Ecob” komandaları əldə edib.
II yeri Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin “Nanotech”, Mingəçevir Dövlət Universitetinin “Agrorover” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Co-Brain Medical” komandaları tutub.
III yerə Xəzər Universitetinin “Yüksəliş”, Azərbaycan Texnologiya Universitetinin “Termal İnstruksiya” və Azərbaycan Kooperasiya Universitetinin “Kod21” komandaları layiq görülüb.
Həvəsləndirici yerlərdə isə Bakı Biznes Universitetinin “Pixel”, Sumqayıt Dövlət Universitetinin “SDU2” və Milli Aviasiya Akademiyasının “Synx Research” komandaları qərarlaşıb.
Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.
Təqaüd proqramlarının iştirakçıları üçün təşkil olunan akademik məqalə yazmaq üzrə praktiki təlim sessiyası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən həyata keçirilib.
Sessiya çərçivəsində iştirakçılara akademik məqalənin əsas xüsusiyyətləri, onun strukturunun düzgün qurulması ətraflı şəkildə izah olunub. Eyni zamanda, akademik üslubun tələbləri, düzgün ifadə formaları və yazı zamanı tez-tez rast gəlinən səhvlər praktiki nümunələr əsasında təqdim edilib.
Təlimin praktik hissəsində iştirakçılar verilmiş mövzular üzrə qısa giriş paraqrafları hazırlayaraq nəzəri biliklərini tətbiq ediblər. Bu proses onların akademik yazı bacarıqlarını inkişaf etdirməyə və daha sistemli yanaşma formalaşdırmağa imkan yaradıb.
Qeyd edək ki, təşkil olunan təlim təqaüd proqramı iştirakçılarının elmi yazı bacarıqlarının gücləndirilməsinə və onların gələcək akademik fəaliyyətinə dəstək məqsədi daşıyıb.
Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına yeni qəbul olunmuş qız tələbələr üçün dil səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə yerləşdirmə testləri keçirilib.
Testlərin əsas məqsədi iştirakçıların ingilis dili üzrə mövcud bilik səviyyəsini qiymətləndirmək və onların daha effektiv inkişafını təmin etməkdir. Nəticələrə əsasən, tələbələr müxtəlif dil səviyyələri üzrə qruplara bölünəcək və onlar üçün ingilis dili, eləcə də IELTS hazırlıq kursları təşkil olunacaq.
Tədris proqramı iştirakçıların həm akademik, həm də peşəkar mühitdə ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlib. Bu yanaşma onların beynəlxalq imkanlardan daha səmərəli yararlanmasına və gələcək karyera perspektivlərinin genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı istedadlı qız tələbələrin inkişafını dəstəkləməyə yönəlib. Proqram çərçivəsində iştirakçılara təqaüd, təcrübə proqramları və mentorluq imkanları təqdim olunur. Hazırda 109 qız bu proqram çərçivəsində təqaüdlə təmin edilib.
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin I rübünün statistik nəticələri açıqlanıb.
Qeyd edilən dövr ərzində ümumilikdə 332 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. İştirakçıların 190 nəfəri kişi, 142 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir. Belə ki, layihə çərçivəsində 302 bakalavr, 24 magistratura tələbəsi, 3 doktorant və 3 müəllim iştirak edib.
Məlumat üçün bildirək ki, layihə 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir və ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsini hədəfləyir.
2026-cı ildən etibarən layihə üzrə tələblər təkmilləşdirilərək, namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə əldə etmək, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən TəhsilPlus kartının tətbiqi və inkişaf perspektivlərinə dair regional təhsil idarələrinin direktorları ilə görüş təşkil olunub.
Görüşdə Fondun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbərliyi və nümayəndələri, layihənin tərəfdaşı olan Kapital Bank-ın nümayəndələri, eləcə də 12 təhsil idarəsinin direktoru iştirak edib.
İlk olaraq, MÜTDA-nın direktor müavini Arslan Hacıyev görüş iştirakçılarını salamlayaraq, TəhsilPlus kartının təhsil işçiləri üçün yaradılan imkanlar baxımından əhəmiyyətini vurğulayıb. O, layihənin Bakı ilə yanaşı, regionlarda da uğurla tətbiqinin vacibliyini, bu istiqamətdə koordinasiyalı fəaliyyətin önəmini diqqətə çatdırıb.
Daha sonra Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli geniş çıxış edərək TəhsilPlus kartının strateji əhəmiyyətindən bəhs edib. O, təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onların motivasiyasının artırılması və təhsil mühitində dayanıqlı inkişafın təmin olunmasının Fondun əsas prioritetlərindən biri olduğunu qeyd edib. Nicat Məmmədli, həmçinin layihənin ölkə üzrə geniş tətbiqinin vacibliyini vurğulayaraq, regional təhsil idarələri ilə sıx əməkdaşlığın bu prosesdə mühüm rol oynadığını bildirib.
Çıxışlardan sonra TİF-in nümayəndəsi tərəfindən TəhsilPlus kartı ilə bağlı təqdimat keçirilib. Təqdimatda kartın funksionallığı, tərəfdaş şəbəkəsi, istifadə imkanları və layihənin gələcək inkişaf istiqamətləri barədə geniş məlumat təqdim olunub.
Görüş çərçivəsində regional təhsil idarələrinin rəhbərləri ilə fikir mübadiləsi aparılıb, layihənin regionlarda tətbiqi və daha da genişləndirilməsi ilə bağlı təkliflər müzakirə edilib.
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən TəhsilPlus layihəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Layihənin əsas məqsədi ölkə üzrə bütün təhsil işçilərini əhatə etməkdir.
Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) TələbəPlus kartına həsr olunmuş infosessiya təşkil olunub.
Məlumat sessiyasının əsas məqsədi tələbələri TələbəPlus kartının imkanları, təqdim etdiyi üstünlüklər və tərəfdaş şəbəkəsi barədə məlumatlandırmaq, eyni zamanda onların suallarını cavablandırmaq olub.
İnfosessiya Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Şəfəq Şahməmmədovanın açılış nitqi ilə başlayıb. O, tələbələr üçün həyata keçirilən bu kimi layihələrin əhəmiyyətini vurğulayaraq, TələbəPlus kartının gənclərin gündəlik həyatına verdiyi töhfələrdən bəhs edib.
Daha sonra Təhsilin İnkişafı Fondunun nümayəndəsi Almaz Axundzadə çıxış edərək TələbəPlus kartı barədə ətraflı təqdimat edib, layihənin məqsədləri və istifadə imkanları haqqında məlumat verib. Çıxış çərçivəsində tələbələrin sualları cavablandırılıb.
Tədbirdə, həmçinin layihənin tərəfdaş qurumlarından olan “Olivia Beauty & Care” şirkətinin marketinq meneceri Aygün Mirzəliyeva çıxış edərək tələbələr üçün təqdim olunan güzəştlər və imkanlar haqqında danışıb.
İnfosessiyanın davamında dermatoloq Mehriban Almazova “Tələbə həyatında dəri problemləri” mövzusunda maarifləndirici təqdimatla çıxış edib, tələbələrə dəriyə qulluq və sağlamlıqla bağlı faydalı tövsiyələr verib.
Tədbir interaktiv formatda davam edib, sual-cavab sessiyası təşkil olunub və tələbələr arasında viktorina keçirilib. Viktorinanın qalibi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, infosessiyada iştirak edən digər tələbələrə də müxtəlif hədiyyələr təqdim olunub.
Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.
Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər.
Təhsil sərgisində Təhsilin İnkişafı Fondunu İdarə Heyətinin üzvü Ramin Cəfərov təmsil edib.
Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti təmsil olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.
Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş “Study in Kazakhstan” sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.
Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.
Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.
Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təqaüd proqramlarının iştirakçıları üçün “E-poçt etiketi və beynəlxalq yazışma” mövzusunda təlim sessiyası təşkil olunub. Peşəkar yazışma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə baş tutan təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.
Təlim çərçivəsində iştirakçılara professional e-poçt strukturunun qurulması, salamlaşma və müraciət formalarının düzgün istifadəsi, rəsmi üslubun qorunması mövzularında ətraflı məlumat verilib, beynəlxalq yazışmalarda diqqət edilməli əsas nüanslar izah olunub. Praktiki yanaşma əsasında qurulan təlimdə real nümunələr vasitəsilə düzgün və yanlış e-poçt yazışmaları təhlil edilib.
Təlimin əsas məqsədi iştirakçıların yazılı ünsiyyət bacarıqlarını gücləndirmək, rəsmi və beynəlxalq müstəvidə effektiv, etik və peşəkar yazışma vərdişlərini formalaşdırmaq olub.