1 həftə davam edən müsahibələrdə qeydiyyatdan keçən 995 nəfər arasından seçim meyarlarına cavab verən 73 namizəd iştirak edərək qiymətləndirilib.
Qeyd edək ki, yaxın günlərdə proqramın qalibi olmuş tələbələrin adları elan ediləcək.









1 həftə davam edən müsahibələrdə qeydiyyatdan keçən 995 nəfər arasından seçim meyarlarına cavab verən 73 namizəd iştirak edərək qiymətləndirilib.
Qeyd edək ki, yaxın günlərdə proqramın qalibi olmuş tələbələrin adları elan ediləcək.









İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın icrasına həsr olunmuş tədbir keçirilib.
TİF-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı proqramın ölkədə yüksək rəqabət qabiliyyətinə malik insan kapitalının formalaşmasına verdiyi töhfəyə diqqət çəkib. “Milli Proqram”ın vətəndaşlara texnoloji bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların peşəkar inkişafını dəstəklədiyi, əmək bazarında rəqabət qabiliyyətini artırdığı və gələcək karyera imkanlarını genişləndirdiyi qeyd edilib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın insan kapitalının inkişafında oynadığı rolu vurğulayıb. Bildirilib ki, rəqəmsal iqtisadiyyat, dördüncü sənaye inqilabı texnologiyaları və innovasiya sahələrində mütəxəssislərin hazırlanması uzunmüddətli iqtisadi inkişaf üçün mühüm baza yaradır.
Tədbirdə bildirilib ki, “Milli Proqram” çərçivəsində indiyədək 37 500 vətəndaş “Coursera” onlayn təhsil platformasında 75 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib. Proqram çərçivəsində platformada dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox təlimi vətəndaşlara ödənişsiz təqdim olunub. 2500 təlim Azərbaycan dilində altyazı ilə, ən çox tələbat olan 15 təlim isə dublyaj edilib. İstifadəçilərin rahatlığı üçün “Milli Proqram”ın interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.
Hesabat dövründə “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt, layihələrin idarəolunması, data elmi, kommunikasiya, biznes, kibertəhlükəsizlik və yumşaq bacarıqlar kimi sahələrdə təklif olunan təlimlərə müraciət ediblər.
“Coursera” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə idarəedici direktoru Nikolaz Fuko “Milli Proqram”ın icrasını yüksək qiymətləndirib. Süni intellekt və avtomatlaşdırma dövründə qlobal əmək bazarında yaranan yeni tendensiyalar barədə məlumat verib və bacarıqlara əsaslanan öyrənmə modelinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın “Coursera” platformasında istifadəçi fəallığı və nəticələr baxımından regionun nümunəvi ölkələrindən biri olduğu, son iki ildə platformadakı azərbaycanlı istifadəçilərin sayının təxminən iki dəfə artaraq 240 mini ötdüyü qeyd edilib.
Proqramın ən fəal iştirakçılarının uğur hekayələri təqdim olunub, təşəbbüsün fərdi inkişaf üçün yaratdığı real imkanlar nümayiş etdirilib. Həmçinin, istifadəçilər arasında qadınların payının 54%-dən yüksək olduğu diqqətə çatdırılıb.
Daha sonra tədbir çərçivəsində “Coursera” şirkəti ilə yerli universitetlərin nümayəndələri arasında platformada təqdim olunan kursların ali məktəblərin kurikulumlarına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb və ali təhsil ekosistemində bacarıq yönümlü transformasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin nümayəndələri və layihənin tərəfdaşları qatılıb.
Qeyd edək ki, “Milli Proqram” çərçivəsində 1 il ərzində Azərbaycanda on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. “Milli Proqram” SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.









Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə müsahibə mərhələsinə dəvət olunacaq namizədlərin siyahısı açıqlanıb.
Siyahı ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz.
Proqram üzrə ümumilikdə 995 müraciət daxil olub. Seçim meyarlarına uyğun qiymətləndirmə nəticəsində 73 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb.
Məlumat üçün bildirək ki, həftə ərzində müsahibə mərhələsinə dəvət alan namizədlərlə əlaqə saxlanılacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Elm və Təhsil Nazirliyi ilə bağlanmış kollektiv sazişdən irəli gələrək, üzv təşkilatlarla işəgötürənlər arasında 2025-2027-ci illəri əhatə edən kollektiv müqavilələrin imzalanması prosesinə start verilib. Bu istiqamətdə Təhsilin İnkişafı Fondu ilə Fondun Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb.
İmzalanan kollektiv müqavilə sosial tərəfdaşlığın inkişafı, əmək münasibətlərində sabitliyin təmin olunması, əmək mübahisələrinin qarşısının alınması, idarəetmədə şəffaflıq və qarşılıqlı etimadın gücləndirilməsi kimi əsas prioritetləri əhatə edir. Müqavilə həmçinin Fond əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılmasına yönəlik öhdəlikləri özündə ehtiva edir.
Görüş zamanı Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri İlqar Bayramlı kollektiv müqavilənin Fondun daxili idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına və əmək münasibətlərinin sistemli şəkildə tənzimlənməsinə xidmət etdiyini qeyd edib. O, müqavilənin həm sosial təminat, həm də institusional əməkdaşlıq baxımından yeni mərhələ açdığını vurğulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova kollektiv müqavilənin həmkarlar ittifaqının üzvlərinin sosial-iqtisadi maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsi istiqamətində əhəmiyyətli addım olduğunu vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri Ramin Cəfərov isə çıxışı zamanı kollektiv müqavilənin işçilərin sosial müdafiəsinin gücləndirilməsi və idarəetmə proseslərinin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacağını qeyd edib. O, gələcək dövrdə təlim və sosialyönümlü təşəbbüslərin daha sistemli şəkildə həyata keçiriləcəyini bildirib.
2025-2027-ci illər üzrə imzalanan kollektiv müqavilə Təhsilin İnkişafı Fondunun işçilərinin və işəgötürənin maraqlarının qorunmasına, sosial tərəfdaşlıq mexanizmlərinin möhkəmləndirilməsinə və əmək münasibətlərinin institusional əsaslar üzərində inkişafına mühüm töhfə verəcək.



“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı iştirakçılarının peşəkar inkişafına dəstək məqsədilə “Müsahibə bacarıqları və özünütəqdimetmə” mövzusunda təlim təşkil olunub. Təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara müsahibə prosesində ən çox verilən suallara, xüsusilə özünü təqdimetmə mərhələsində effektiv cavab vermək yolları barədə praktik tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar öz güclü və zəif tərəflərini düzgün ifadə etməyi, bədən dili, göz təması və səs tonundan düzgün istifadə etməyi öyrəniblər.
Təlimin sonunda rol oyunu formatında müsahibə ssenariləri üzrə praktiki məşğələlər keçirilib. Bu fəaliyyət tələbələrə nəzəri biliklərini real müsahibə şəraitində tətbiq etmək imkanı yaradıb.
Təlimin əsas məqsədi gənclərin işə qəbul prosesinə daha hazırlıqlı yanaşmasını təmin etmək, onların özünüifadə və təqdimat bacarıqlarını gücləndirmək olub.





Zəfər Gününün beşinci ildönümü münasibətilə Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusuna həsr olunan tədbir keçirilib.
“#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, Fondun donor və tərəfdaşları, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlk olaraq, Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunmuş “Faciədən zəfərə” adlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov çıxış edərək, Qarabağın azad edilməsinin son 200 ildə türk dünyasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri olduğunu bildirib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri İlqar Bayramlı, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, Təhsilin İnkişafı Fondunun İnvestisiyalar üzrə baş mütəxəssisi Ofelya Salmanova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, müharibə iştirakçısı Alik Yusifov və digər natiqlər Zəfər Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti xüsusi vurğulamaqla yanaşı, əldə olunan Zəfərin Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd ediblər.
Qeyd edək ki, bu əlamətdar tarix ərəfəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində ianə edib.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, göstərilən bu dəyərli dəstəyə görə universitetin rektoru Ədalət Muradova “İanə Sertifikatı” təqdim edib və onun rəhbərliyi altında kollektivin Qarabağın yenidən qurulması prosesinə verdiyi töhfəni yüksək dəyərləndirib.
Onu da bildirək ki, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olublar.









Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində icra olunan “Parla” təqaüd və inkişaf proqramı üzrə müsahibə mərhələsinə dəvət olunacaq namizəd qızların siyahısı açıqlanıb.
Siyahı ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz.
Proqram üzrə ümumilikdə 1170 müraciət daxil olub. Seçim meyarlarına uyğun qiymətləndirmə nəticəsində 167 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb.
Məlumat üçün bildirək ki, növbəti həftə ərzində müsahibə mərhələsinə dəvət alan namizədlərlə əlaqə saxlanılacaq.

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul açıq elan edilir. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.
Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:
Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
Layihə çərçivəsində ümumilikdə 20 nəfər təhsilalanın seçilməsi nəzərdə tutulur. Onlardan 10 nəfər donor şirkətin kvotasına əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil alanlar arasından seçiləcək:
Digər 10 nəfərin seçimi isə ixtisas məhdudiyyəti olmadan həyata keçiriləcək.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 23 noyabr 2025-ci il
Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.
