Beynəlxalq İKT-də Qızlar Günü ərəfəsində “Parla” iştirakçıları üçün rəqəmsal bacarıqlar üzrə təlim təşkil olunub

04 May 2026

Beynəlxalq İKT-də Qızlar Günü ərəfəsində “Peerstack Academy”nin təşkilatçılığı ilə “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün rəqəmsal bacarıqların gücləndirilməsinə yönəlmiş 2 günlük praktiki təlim proqramı təşkil olunub.

Təlimçi Məryəm Mürşüdlü tərəfindən keçirilən təlimin ilk günündə iştirakçılar “Windows” əməliyyat sisteminin əsasları ilə tanış olub, sistemin formatlanması üzrə praktiki biliklər əldə edərək texniki tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarıqlarını inkişaf etdiriblər. Təlimin ikinci günündə isə diqqət süni intellektin düzgün və məsuliyyətli istifadəsinə yönəldilib. İştirakçılar süni intellekt alətlərindən təhsil, məhsuldarlıq və yaradıcılıq məqsədləri üçün effektiv istifadə imkanları barədə məlumat əldə ediblər.

Sonda iştirakçılara təlim proqramını uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və təqaüdlə yanaşı, gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.