Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbiri açıq elan edən İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd edib.
ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan və Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqında geniş təqdimatla çıxış edib.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və şəbəkələşmək imkanı yaradıb.
Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları, təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin razılaşdıracağı digər layihələr çərçivəsində həyata keçirəcəklər.
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Kəmalə Məmmədova hazırda Təhsilin İnkişafı Fondunda təcrübə müddətini uğurla davam etdirir.
O, 4 aylıq proqramın ilk iki ayını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunda keçirərək mövcud qrant layihələri və təhsil sahəsində həyata keçirilən təşəbbüslərlə yaxından tanış olub.
Hazırda Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsində fəaliyyətini davam etdirən “Maarifçi” ilə ilk görüş Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən keçirilib. Görüş zamanı Fondun fəaliyyət istiqamətləri, mövcud prioritetlər, gözləntilər və digər mühüm məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.
Kəmalə Məmmədova Fondun həyata keçirdiyi proqram və layihələrin planlaşdırılması, icrası və monitorinqi proseslərində iştirak edir, layihə sənədlərinin hazırlanması və hesabatların tərtibində komandaya dəstək verir. Bununla yanaşı, o, təhsil sahəsində müasir idarəetmə yanaşmaları və layihə idarəetmə mexanizmləri üzrə praktiki bilik və bacarıqlarını genişləndirərək gələcək peşəkar inkişafı üçün təcrübə qazanır.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.
Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvü Elvin Əliyev və Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak edib.
Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edib, birgə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb.
Daha sonra Rəşad Cabirli MÜSİAD Azərbaycanın universitetlərlə sıx əməkdaşlıq aparıldığını və bu çərçivədə mütəmadi olaraq müxtəlif layihələrin icra edildiyini bildirib.
Tərəflər universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və gənclərdə sahibkarlıq ruhunun təşviqi istiqamətində tərəfdaşlıq barədə razılığa gəliblər. Bu istiqamətdə, yaxın zamanda Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında Tərəfdaşlıq Memorandumu imzalanacağı qeyd olunub.
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 30000 nəfər təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar.
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda – 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. Növbəti 7500 vətəndaş proqrama qoşulub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 5-ci dalğasına start verilib. Növbəti 7500 vətəndaş 6 həftə ərzində “Coursera” platformasından ödənişsiz istifadə imkanı qazanıb.
“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artır.
Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Milli Proqram” çərçivəsində “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim artıq platformada yerləşdirilib və 2000 təlim istifadəçilər tərəfindən başa vurulub. Yerli təlim şirkətlərinin 3 kursu proqram istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər sırasına daxildir.
“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlim və kurslar:
Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management)
Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere)
Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası
Data elmi nədir? (What is Data Science?)
Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional)
Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness)
Süni intellektə giriş (Introduction to Artificial Intelligence)
Liderlik bacarıqları (Leadership Skills)
Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)
İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English)
Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management)
Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.
“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.
“Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı – https://bit.ly/4ogG5Mw).
Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.
Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün elan etdiyi “Parla” təqaüd və inkişaf proqramının 20 iştirakçısı üçün Şamaxı Astrofizika Rəsədxanasında düşərgə keçirilib.
İki gün davam edən düşərgədə qrup sessiyaları və fərdi mentor görüşlərində iştirak edən gənc qızlar şəxsi inkişaf və karyera planlaması mövzularında yeni bilik və bacarıqlar əldə edərək, gələcək hədəflərini daha dəqiq müəyyənləşdirmək imkanı qazanıblar.
Təlimlər beş mentor tərəfindən aparılıb və “Maliyyə savadlılığı”, “Büdcə idarəçiliyi”, “Startaplar və layihələrin maliyyələşdirilməsi” kimi mövzuları əhatə edib.
Bu təşəbbüs gənc qadınların peşəkar inkişafına töhfə vermək, onların STEM və digər sahələrdə liderlik potensialını gücləndirmək məqsədi daşıyıb.
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına qəbul açıq elan edilir. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrində bakalavriat təhsili alan tələbə qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüdlə yanaşı, təcrübə, mentorluq, təlimlər və “NEQSOL Academy” ilə “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış kimi imkanlardan yararlanacaqlar.
Seçim şərtləri
Proqrama aşağıdakı meyarlara cavab verən şəxslər müraciət edə bilərlər:
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında əyani təhsilalma forması olan bakalavriat təhsili almalı;
Ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbul imtahanında minimum 450 bal toplamalı;
Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olmalı;
Dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etməli (könüllülük, sosial fəaliyyət və s.);
Aşağıdakı sosial meyarlardan birinə cavab verməlidir: – ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü; – valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs.
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs: – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər; – İşsiz kimi qeydiyyatda olan şəxslər; – İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər; – İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.
Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcək. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız aylıq 200 manat məbləğində təqaüd əldə edəcək və proqram çərçivəsində onlara təqdim olunan şəxsi və peşəkar inkişaf fəaliyyətlərində iştirak edəcəklər.
İxtisasların siyahısı və müraciət forması
“Parla” təqaüd və inkişaf proqramı üçün müəyyən edilmiş ixtisasların siyahısı iləburadantanış ola bilərsiniz.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 12 oktyabr 2025-ci il.
Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.
Təhsilin İnkişafı Fondu ilə “McDonald’s Azərbaycan” arasında TələbəPlus kartı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənəd Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov və “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolski tərəfindən imzalanıb.
Əldə olunmuş razılaşmaya əsasən, “McDonald’s” restoranlarında TələbəPlus kartına sahib olan tələbələr 5% endirimdən faydalana biləcəklər. Endirim tələbələr tərəfindən restoranda ödəniş zamanı TələbəPlus kartını təqdim etməklə tətbiq olunacaq.
Elnur Nəsibov çıxış edərək vurğulayıb ki, TələbəPlus kartından 190 mindən çox tələbə istifadə edir və bu rəqəm davamlı olaraq artmaqdadır. O əlavə edib ki, tələbələr arasında “McDonald’s Azərbaycan” restoranlarından geniş istifadə nəzərə alınaraq, bu əməkdaşlıq tələbələrin sosial və maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addım kimi qiymətləndirilir.
Oskar Boqopolski bildirib ki, təhsilin inkişafının dəstəklənməsi “McDonald’s Azərbaycan” şirkətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, təhsilə və gənclərin rifahına yönələn təşəbbüslər şirkətin uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz tərkib hissəsidir.
Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı artıq 24 ali təhsil müəssisəsinə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. TələbəPlus kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.
Sentyabrın 4-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Azərbaycan-Türkiyə İş adamları Birliyinin qonağı olublar.
Görüşdə Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Nigar Ələsgərova, “Coca-Cola Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Türkan Manaflı və Birliyin Katibliyinin rəhbəri Mehriban Əsədli iştirak edib.
İlk olaraq, Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verdiklərini bildirib. Fondun yerli və beynəlxalq qurumlarla icra etdiyi təqaüd və təcrübə proqramları, davamlı inkişaf mərkəzləri, eləcə də tələbələrin sosial həyatına dəstək layihələri haqqında danışıb. Elnur Nəsibov, həmçinin qeyd edib ki, əməkdaşlıqlar çərçivəsində 7 məktəb binasının tikintisinə başlanılıb, növbəti mərhələdə isə tələbə yataqxanalarının infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
Daha sonra Mürsəl Rüstəmov ATİB-in təsis məqsədləri və fəaliyyəti barədə danışıb. O, Birliyin iki ölkənin iqtisadi və sosial-mədəni inkişafına töhfə verməyi prioritet saydığını bildirib. Sədr həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa açıq olduqlarını, Fondla birgə fəaliyyətin də faydalı olacağına əminliyini vurğulayıb.
Görüşdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında problemlər, ölkənin gələcək inkişafı naminə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün görülməli işlər, habelə digər məsələlər müzakirə olunub.
Sonda bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının vacibliyi barədə ortaq fikrə gələn tərəflər Əməkdaşlıq Memorandumunun imzalanmasına dair razılıq əldə ediblər.
Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən TələbəPlus kartı partnyor şəbəkəsini genişləndirməyə davam edir.
Bu çərçivədə tələbələrə xüsusi endirimlər təqdim edən növbəti tərəfdaş Dünyagöz Xəstəxanası olub. Bununla bağlı Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, TələbəPlus kartı istifadəçiləri lazer müayinəsi və analizlərdə 50%, lazer əməliyyatlarında isə 20% endirim əldə edəcəklər. Bundan əlavə, tələbələrin birinci dərəcəli qohumları üçün də güzəştlər nəzərdə tutulub. Belə ki, müayinə və analizlərdə 30%, əməliyyatlarda isə 20% endirim tətbiq olunacaq.
İmzalanma mərasimində çıxış edən Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, TələbəPlus kartının məqsədi tələbələrin gündəlik ehtiyaclarına dəstək olmaq, onların daha sərfəli və əlçatan xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. O, Dünyagöz Xəstəxanası ilə əməkdaşlığın tələbələrin sağlamlıq imkanlarını genişləndirdiyini xüsusi vurğulayıb.
Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu isə qeyd edib ki, tələbələrin sağlamlığına dəstək vermək və onların tibbi xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına imkan yaratmaq xəstəxana üçün önəmli sosial məsuliyyət addımıdır.
Sonda Fondun nümayəndələri üçün xəstəxananın fəaliyyəti ilə bağlı infotur təşkil olunub.
Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı artıq 24 ali təhsil müəssisəsində təhsil alan 190 mindən çox tələbəyə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. TələbəPlus kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.
Sentyabrın 3-də Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə tədbir keçirilib. Görüşdə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və gənclərin inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Texniki Universitetinin nəzdində yerləşən Davamlı İnkişaf Mərkəzində keçirilən tədbirdə İCMA-ya üzv şirkətlər və “Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri də iştirak edib.
Tədbiri açıq elan edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun sahibkarlıq subyektləri ilə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb. O, vurğulayıb ki, belə tərəfdaşlıqlar yeni imkanların yaradılmasına və təhsilin əmək bazarının tələblərinə uyğun inkişafına xidmət edəcək.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək, universitetlər və özəl sektor arasında qurulan əlaqələrin təhsil prosesinin keyfiyyətinin artırılmasındakı müsbət rolundan danışıb. Rektor bildirib ki, müasir dövrdə əməkdaşlıq platformaları tələbələrin daha hazırlıqlı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ardınca İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev çıxış edərək özəl sektorun təhsilə dəstəyinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, iş dünyasının təhsil müəssisələri ilə qurduğu əlaqələr həm tələbələr, həm də sahibkarlar üçün olduqca vacibdir.
Görüş çərçivəsində Fondun ümumi fəaliyyət istiqamətləri, xüsusilə TələbəPlus kartı və Qarabağ Təqaüd Proqramı barədə təqdimatlar keçirilib. Keçirilən təşəbbüslərin tələbələrin sosial rifahına və təhsil imkanlarının genişlənməsinə töhfə verəcəyi bildirilib.
Tədbirin ən mühüm hissəsi isə Təhsilin İnkişafı Fondu ilə İCMA arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Sənəd tərəflər arasında birgə layihələrin icrasını, tələbələrin dəstəklənməsi və təhsildə innovativ yanaşmaların təşviqini nəzərdə tutur.
İmzalanma mərasimindən sonra tədbir iştirakçıları qarşılıqlı fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılar üçün İT təhsil layihəsi olan “Peerstack Academy”, eləcə də Kitabxana İnformasiya Mərkəzinə infotur təşkil olunub. Qonaqlar akademiya və kitabxananın fəaliyyəti, tətbiq olunan müasir metodlar və tələbələr üçün təqdim edilən imkanlar barədə məlumatlandırılıb.