“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib

“Milli Proqram”ın rəsmi açılış mərasimində layihə ilə bağlı məlumat verilib, proqramın aktiv iştirakçılarına sertifikatlar təqdim edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli müasir çağırışlara uyğun əmək bazarının formalaşması üçün insan kapitalına investisiya qoyuluşunun vacibliyini vurğulayıb. “Milli Proqram”ın insan resurslarının bilik və bacarıqlarının müasirləşdirilməsi, innovasiya potensialının inkişafı baxımından əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, aprelin 1-dən icra olunan layihənin birinci mərhələsi üzrə iştirakçıların 14000-dən çox sertifikat əldə etməsi öyrənməyə olan böyük marağın göstəricisidir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov proqramın məqsədinin ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olduğunu bildirib. Layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçi dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 8000-dən çox təlimdən ödənişsiz yararlana biləcək. Bildirilib ki, proqram çərçivəsində 2500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı ilə, 10 ən çox tələb olunan təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilərək istifadəçilərin ixtiyarına verilib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “Milli Proqram” çərçivəsində dünyanın 350 aparıcı universitet və nüfuzlu texnologiya şirkətinin təqdim etdiyi təlimlərin vətəndaşlar üçün əlçatan olduğunu diqqətə çatdırıb. Tələbə və müəllimlərin proqramın əsas benfisiarlarından biri olduğu xüsusilə vurğulanıb. O, qeyd edib ki, bilik cəmiyyətinin qurulması və təhsilin rəqəmsallaşdırılması prioritet istiqamətlərdəndir və “Milli Proqram” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, proqram keyfiyyətli təhsilə bərabər çıxış imkanları yaradır və məqsəd tələbələr və pedaqoji heyətə ixtisasından asılı olmayaraq, gələcəyin bacarıqlarını öyrənmək şansı verməkdir. O, əlavə edib ki, bu təşəbbüs şəxslərin ayrı-ayrılıqda fərdi inkişafı, həm də ümumilikdə cəmiyyətin intellektual potensialının gücləndirilməsini hədəfləyir.

Bildirilib ki, “Milli Proqramda” qeydiyyatdan keçən vətəndaşlar mərhələli şəkildə layihədən yararlanırlar. İlk mərhələdə 7500 istifadəçi platformada 6 həftə ərzində 45 minə yaxın təlimə müraciət edib və onlardan 14000-dən çoxunu uğurla başa vurublar. May ayının 14-də daha 7500 istifadəçi təlimlərə başlayıb və bu günə kimi artıq 3000-dən çox təlimi başa vuraraq beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər arasında 21–30 yaş aralığında olan gənclər üstünlük təşkil edib. Bu günə kimi “Milli Proqram”a müraciət edən ən gənc iştirakçının 12, ən yaşlı iştirakçı isə 72 yaşında olub.

Tədbirdə iştirak edən bp şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Pasha Holding”in baş icraçı direktorunun müavini Ad Boon, “Azerconnect Group”un kommersiya üzrə baş direktoru Müşfiq Əliyev “Milli Proqram”ın tərəfdaşı kimi layihəyə töhfə verməkdən məmnun olduqlarını bildiriblər. Layihənin yaşından, ixtisasından və regionundan asılı olmayaraq hər kəsə öyrənməyə şərait yaratması xüsusi qeyd olunub.

“Coursera” şirkətinin Tərəfdaşlıqlar üzrə baş direktoru Larisa Vitkroft və Müştəri uğuru üzrə baş meneceri Vera İqnatyeva “Gələcəyin peşələri və bacarıqları” mövzusunda təqdimatla çıxış ediblər.

“Milli Proqram”ın iştirakçıları arasında ən yaxşı nəticə göstərən istifadəçilər təcrübələrini paylaşıblar. Aktiv iştirakçılara 4SİM, TİF və “Coursera” adından sertifikatlar təqdim edilib.

Yaşından və ixtisasından asılı olmayaraq hər kəs “Milli Proqram”da iştirak edə bilər. Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “NEQSOL Holding”in tərkibinə daxil olan “Nobel Energy” şirkətinin törəmə müəssisəsi olan “Glensol”un əməliyyat sahəsinə səfər etmək imkanı qazanıblar.

Səfərin təşkilində başlıca məqsəd, iştirakçıların nəzəri biliklərini praktiki təcrübə ilə tamamlamalarına şərait yaratmaq və bu istiqamətdə inkişaflarına töhfə vermək olub.

Sahə səfəri Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) üzrə ətraflı məlumatlandırma ilə başlayıb və enerji sektorunda təhlükəsizlik mədəniyyətinin əhəmiyyəti vurğulanıb. Daha sonra iştirakçılar “Glensol”un əsas sahə xidmətləri olan fırlanan avadanlıqlar üzrə mexaniki işlər, diaqnostika və təmir xidmətləri ilə tanış olublar. Təcrübəli mühəndis və texniki heyətin rəhbərliyi ilə iştirakçılar emalatxana sahələrini gəzərək avadanlıqların texniki qulluq prosesləri barədə məlumat əldə ediblər.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində hazırda 86 tələbə qız aylıq təqaüdlə təmin olunur, təcrübə, mentorluq, təlimlərdə iştirak edir, “NEQSOL Academy” və “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanı qazanırlar.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədilə donor və tərəfdaşlarla görüş təşkil edib

Mayın 26-da Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərilməsi məqsədilə “Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda görüş keçirilib.

“Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət qurumlarının və şirkətlərin nümayəndələri iştirak edib.

Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, azad edilmiş ərazilərdə təhsilin bərpası, müasir və inklüziv təhsil mühitinin yaradılması, uzunmüddətli sosial-iqtisadi inkişafın əsas sütunlarından birini təşkil edir.

“Biz bu ərazilərin yalnız fiziki yox, eyni zamanda intellektual və mənəvi dirçəlişindən danışırıq. Təhsil sahəsində atılan hər bir addım, istər məktəblərin inşası, istər müəllim hazırlığı, istərsə də təhsil proqramlarının yenilənməsi bütövlükdə regionun gələcəyinə qoyulan sərmayədir. Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində bu istiqamətlər üzrə birgə layihələrin reallaşdırılması bizim üçün olduqca əhəmiyyətlidir.” – deyə Fondun İdarə Heyətinin sədri bildirib.

O, həmçinin insan kapitalının formalaşdırılmasının vacibliyini qeyd edərək, yalnız məktəb binalarının inşası ilə kifayətlənməyin yetərli olmadığını, burada fəaliyyət göstərəcək ixtisaslı pedaqoji kadrların hazırlanmasının və cəlb edilməsinin həlledici rol oynadığını vurğulayıb.

Elnur Nəsibov bu cür tədbirlərin və platformaların əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə təşkil olunan bu cür görüşlər dövlət, özəl sektor və cəmiyyət arasında həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm göstəricisidir. 

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri Azərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasında ianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor və tərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıq etməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fond tərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.

Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib.

Görüşün sonunda korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün təlim sessiyası təşkil olunub

22 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün təlim sessiyası təşkil olunub.

“The Training Hub Azerbaijan” platformasının təsisçisi və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın təqdimatında “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda baş tutan təlimin məqsədi gənc qızların sosial, şəxsi və peşəkar həyata uğurlu inteqrasiyasına dəstək olmaq, onların effektiv ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək, habelə ictimai aktivliklərini artırmaq olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən təlim zamanı iştirakçılara “Effektiv özünütəqdimetmə bacarığı və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə, empati və bədən dilinin önəmi” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb.

Təlim çərçivəsində təşkil olunan oyun sessiyası vasitəsilə iştirakçılarla interaktiv şəkildə real situasiyalar müzakirə edilib və sosial bacarıqların gündəlik həyatda tətbiq imkanları ətraflı izah olunub. Bu kimi təşəbbüslər gənc qızların cəmiyyətə daha sağlam və məqsədyönlü inteqrasiyası, eləcə də ictimai həyatda daha fəal iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

16 may tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TələbəPlus kartı ilə bağlı infosessiya təşkil olunub.

Məlumat sessiyasında ilk olaraq, ADNSU-nun ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Tağıyeva çıxış edərək, tədbirin məqsədi və əhəmiyyətindən söz açıb. “Bu gün burada toplaşmağımızın əsas məqsədi tələbələrimizi bu layihə barədə daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq və layihənin təqdim etdiyi imkanlardan səmərəli şəkildə faydalanmalarına dəstək olmaqdır.” – deyə G. Tağıyeva qeyd edib. O, ADNSU rəhbərliyinin tələbəyönümlü layihələrə hər zaman xüsusi önəm verdiyini və bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi Almaz Axundzadə TələbəPlus kartı haqqında ətraflı təqdimatla çıxış edib. O, bildirib ki, proqram çərçivəsində tələbələrə müxtəlif sahələr üzrə – təhsil, iaşə, geyim, sağlamlıq, kitab, dəftərxana ləvazimatları və digər xidmətlərdə xüsusi endirim və güzəştlər təqdim olunur. Həmçinin TələbəPlus kartının ölkə üzrə genişlənən tərəfdaş şəbəkəsi barədə danışan Fondun nümayəndəsi, bu əməkdaşlıqların tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onların sosial rifahını artırmaq məqsədi daşıdığını vurğulayıb.

İnfosessiya çərçivəsində layihənin tərəfdaşı olan Bakı Dizayn Akademiyasının Kreativ konsultantı Əlihüseyn Rəsulov çıxış edərək, tələbərə təqdim edilən güzəştlər barədə danışıb. O, yaradıcı sahədə təhsil alan tələbələr üçün təqdim olunan imkanlar, həmçinin Akademiyanın bu istiqamətdə həyata keçirdiyi layihə və təlim proqramları barədə məlumat verib. Akademiyanın nümayəndəsi məlumat sessiyasında iştirak edən 60-a yaxın tələbəyə xidmətlərdən istifadə üçün vauçer təqdim edib.

Eyni zamanda, “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Peerstack Academy”nin Əməliyyatlar üzrə rəhbəri Məryəm Abbas-zadə-Poladova isə çıxışında innovasiya və texnologiya sahəsində gənclərin fəallığının artırılmasının vacibliyinə toxunaraq, tələbələrin bu sahələrdə iştirak etdiyi təşəbbüslərin gələcəyin texnoloji inkişafına töhfə verdiyini vurğulayıb.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib. Tələbələrin ünvanladığı suallar Təhsilin İnkişafı Fondunun nümayəndələri Almaz Axundzadə və Ofelya Salmanova tərəfindən cavablandırılıb.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans təşkil edilib.

İlk olaraq, çıxış edən AQUPDK-nın sədri Bahar Muradova qeyd edib ki, ailə institutu təkcə Azərbaycanda deyil, bütün dünyada cəmiyyətin əsas sütunlarından biridir. Ənənəvi ailə dəyərlərinin tədris mühitinə inteqrasiyası, ailə və təhsil sistemlərinin qarşılıqlı fəaliyyəti cəmiyyətin uzunmüddətli inkişafında həlledici rol oynayır. O, komitə tərəfindən yeni “Ailə konsepsiyası” hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın ən qiymətli sərvəti onun keçmişi ilə bu gününü birləşdirən, kimliyini yaşadan milli-mənəvi dəyərləridir. Rektor bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rola malik olduğunu vurğulayıb.

Konfransda, həmçinin Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin deputatı Mehriban Vəliyeva, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və BDU-nun Psixologiya kafedrasının müəllimi Emiliya İgidova çıxış edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında vurğulayıb ki, təhsilin cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında və ailə institutunun möhkəmləndirilməsində mühüm rolu var. O, təhsil imkanlarının bərabər şəkildə təmin olunması və xüsusilə qızların təhsilə çıxışının genişləndirilməsinin Fondun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.

Sonra mövzu ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib, müzakirələr aparılıb.

Bakı Mühəndislik Universitetində (BMU) “TəhsilPlus” kartı ilə bağlı müzakirə görüşü keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) pedaqoji heyətin iştirakı ilə “TəhsilPlus” kartı mövzusunda müzakirə formatında görüş təşkil edilib. Görüşdə təhsil işçiləri üçün müxtəlif güzəşt və imtiyazlar təqdim edən bu yeni layihə ətrafında fikir mübadiləsi aparılıb.

İlk olaraq, BMU-nun rektoru Yaqub Piriyev Fond tərəfindən həyata keçirilən bir sıra uğurlu sosial və təhsil yönümlü layihələr barədə danışıb. O, tələbələrə yönəlmiş “TələbəPlus” kartının üstünlüklərini vurğulayıb və Fondun müəllimlər üçün nəzərdə tutduğu yeni “TəhsilPlus” təşəbbüsünü müsbət qiymətləndirərək, onun təhsil işçiləri üçün faydalı olacağına inandığını bildirib.

Daha sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu günədək həyata keçirilmiş layihə və proqramlar barədə geniş məlumat verib. O, bu görüşün əsas məqsədinin təhsil sahəsində çalışan şəxslərin ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək olduğunu qeyd edib. E.Nəsibov bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələrin davam etdirildiyini də diqqətə çatdırıb.

Görüş zamanı geniş müzakirələr aparılıb, müəllimlərin rəy və təklifləri dinlənilib.

Bakı Slavyan Universitetində (BSU) “TəhsilPlus” kartı ilə bağlı müzakirə formatında görüş keçirilib

Mayın 12-də Bakı Slavyan Universitetində (BSU) müəllimlər üçün sosial-iqtisadi dəstəyin gücləndirilməsi məqsədilə tətbiq olunacaq “TəhsilPlus” kartı ilə bağlı müzakirə formatında görüş təşkil olunub.

Görüşdə BSU-nun rektoru Anar Nağıyev, Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev və BSU-nun müəllim heyəti iştirak edib.

Görüşü giriş nitqi ilə açıq elan edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, Təhsilin İnkişafı Fondu yaradıldığı zamandan təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı istiqamətində bir sıra birgə proqram və layihələr həyata keçirir. Rektor bildirib ki, Fondun icra etdiyi fəaliyyətlər həm tələbələr, həm də müəllimlər üçün böyük imkanlar yaradır. Bu imkanlar ölkəmizdə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və gəncliyin inkişafı naminə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Müxtəlif dövlət proqramları təhsilin həm ölkə daxilində, həm də xaricdə təşviqinə və inkişafına geniş dəstək verir. Sözügedən layihələr həmin proqramların tərkib hissəsi olaraq, cəmiyyətimizin gələcəyinə əhəmiyyətli töhfələr verir.

Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən layihələr, görülən işlər, tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartı və yaxın zamanda tətbiq olunacaq “TəhsilPlus” kartı barədə ətraflı məlumat verib. O, müzakirə formatında təşkil olunan görüşün əsas məqsədinin təhsil sahəsində fəaliyyət göstərən şəxslərin ehtiyaclarını müəyyənləşdirmək olduğunu qeyd edib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev isə İttifaq tərəfindən təhsil işçilərinə təklif olunan imkanlar, o cümlədən yollayışların verilməsi və təşkil olunan düşərgələr barədə geniş məlumat təqdim edib. Araz Paşayev gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri də müəllim heyətinin diqqətinə çatdırıb.

Görüş zamanı geniş müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib, iştirakçıların təklifləri dinlənilib.

Təhsilin İnkişafı Fondu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi VI Karyera Sərgisində iştirak edib

1 may 2025-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən VI Karyera Sərgisi çərçivəsində Təhsilin İnkişafı Fondu da iştirak edib.

Sərginin rəsmi açılış mərasimində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov çıxış edib. Rəsmilər tələbələrin peşəkar inkişafında bu cür tədbirlərin mühüm rol oynadığını vurğulayıb, tələbə və məzunları sərgidə aktiv olmağa səsləyiblər. 

Sərgi müddətində Fondun nümayəndələri tələbələrə Fondun fəaliyyəti və həyata keçirdiyi proqramlar, xüsusilə də “TələbəPlus” layihəsi barədə ətraflı məlumat veriblər.

Fondun stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr təqdim olunan imkanlar barədə məlumatlanaraq müvafiq suallarına cavab alıblar.

Təhsilin İnkişafı Fondunun təqaüd proqramlarının iştirakçıları üçün “Proqramçının addımları” mövzusunda təlim sessiyası keçirilib

26 aprel 2025-ci il tarixində Developia Engineering Academy tərəfindən Təhsilin İnkişafı Fondunun təqaüd proqramlarında iştirak edən gənclər üçün “Proqramçının addımları” mövzusunda xüsusi təlim sessiyası təşkil olunub. Təlimin məqsədi gələcəyin mühəndislərinə proqramlaşdırma sahəsində ilkin bilikləri aşılayaraq onların peşəkar inkişafına dəstək göstərmək olub.

Sessiya çərçivəsində iştirakçılara proqramlaşdırma dillərinin əsas prinsipləri, effektiv öyrənmə strategiyalarının seçilməsi, qarşıya çıxan çətinliklərin düzgün idarə olunması və keyfiyyətli inkişaf üçün zəruri metodikalar barədə ətraflı məlumat verilib. Təlim zamanı həmçinin, proqramlaşdırma dilləri arasında seçim edərkən diqqət yetirilməli məqamlar, sürətli və dayanıqlı bilik əldə etməyə imkan verən üsullar iştirakçılarla bölüşülüb.

Təlimin əsas vurğularından biri də proqramlaşdırmaya yeni başlayan şəxslər üçün motivasiyanın qorunmasının əhəmiyyəti olub. Bu baxımdan, kitab oxuma vərdişlərinin formalaşdırılması, müntəzəm qeydlərin aparılması və inkişafyönlü mühitdə öyrənmənin rolu xüsusi qeyd edilib.

Tədbirin sonunda iştirakçılara öz potensiallarını daha dərindən dərk etmələri və proqramlaşdırma sahəsində uğurlu karyera qurmaq üçün konkret və məqsədyönlü addımlar atmaları tövsiyə olunub.