ADNSU-da “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O, makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, Reading Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar.

Konfrans çərçivəsində keçirilən panel sessiyada “Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, SOCAR Downstream şirkətinin proses direktoru Qədir Əliyev, “SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və “N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər.

Panel çərçivəsində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov universitet-sənaye əməkdaşlığının ölkənin innovasiya və iqtisadi inkişafında strateji rol oynadığını bildirib. O, ali təhsil sistemində nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanmasının tələbələrin peşəkar inkişafına, əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına mühüm töhfə verdiyini qeyd edib. Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Maarifçi” təcrübə proqramının bu istiqamətdə uğurlu model olduğunu deyən Elnur Nəsibov, tələbələrin real iş mühitində iştirakının onların təşəbbüskarlıq və innovativ düşüncə bacarıqlarının inkişafına şərait yaratdığını diqqətə çatdırıb.

Elnur Nəsibov vurğulayıb ki, universitet-sənaye əməkdaşlığı təkcə gənclərin praktiki vərdişlər qazanması ilə məhdudlaşmır, eyni zamanda regionların sosial-iqtisadi inkişafına, yeni innovasiya platformalarının formalaşmasına, akademik biliklərin tətbiqə yönəlməsinə və ümumilikdə ölkədə rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsinə xidmət edir. Təhsilin İnkişafı Fondu bu istiqamətdə tərəfdaşlıqların genişləndirilməsi və sistemli şəkildə davam etdirilməsi üçün dəstəyini davam etdirir.

Konfrans çərçivəsində həmçinin, “Sənayedə Müasir Texnologiyalar və İnnovasiyalar” mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib.

Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.

Study in Azerbaijan

“Study in Azerbaijan” layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə müvafiq məlumat və dəstək təqdim etməkdir. Layihə çərçivəsində həyata keçirilən marketinq tədbirləri nəticəsində 2.2 milyon tələbəyə çatılaraq, 8248 nəfər Azərbaycanda təhsil almağa maraq göstərib.
3583 nəfər müraciət prosesinə başlayıb və nəticədə 57 nəfər üçün müvafiq universitetlərə müraciət edilərək 48 nəfər şərti qəbul təklifi alıb, 32 nəfər isə artıq Azərbaycanda tam tələbə statusu qazanıb.


Tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və bir sıra digər ölkələri təmsil edir.
Bundan əlavə, layihə çərçivəsində Pakistan, Banqladeş, İndoneziya və Azərbaycandan olan 5 təhsil agenti ilə müqavilələr imzalanaraq beynəlxalq tələbələrin cəlb olunması daha da gücləndirilib.

Peerstack Academy

“Peerstack Academy” layihəsi “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə həyata keçirilən, Azərbaycanda innovativ tədris proqramları təqdim edən yeni və inqilabi İT təhsil layihəsidir. Bu layihə “peer-to-peer” modelinə əsaslanır.


Peerstack Academy-nin tədris metodikası iştirakçıların birgə çalışmasına əsaslanan və dünya miqyasında tanınan “Qwasar Silicon Valley” platformasının üzərində qurulub. Bu yanaşma tələbələrə komanda ilə işləmə bacarıqlarını inkişaf etdirməyə və tədris proqramını uğurla mənimsəməyə dəstək olacaqdır.


Təhsil haqqının 70%-dək hissəsi “NEQSOL Academy” tərəfindən qarşılanır. İlkin mərhələdə proqramdan 250 iştirakçının yararlanması nəzərdə tutulub. Dərslər Azərbaycan Texniki Universitetinin yeni kampusunda layihə üçün xüsusi ayrılmış məkanda keçiriləcəkdir. Layihəyə 1200-dən çox müraciət daxil olub, 28 nəfər seçim mərhələlərini uğurla keçərək iştirak hüququ əldə edib.

Stadi10

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Stadi10” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “PSG-Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə icra edilir. Layihənin ilkin mərhələsində 5 məktəbin ərazisində yerləşən stadionların UEFA standartlarına uyğun təmir edilməsi nəzərdə tutulub.

Təmir işləri yekunlaşdıqdan sonra stadionların həftə içi 5 gün saat 18:00-dək şagirdlərin istifadə etməsi üçün məktəbin idarəsində olması, 18:00-dan sonra isə icarəyə verilməsi nəzərdə tutulur. Stadionların icarəyə götürülməsi prosesi xüsusi yaradılmış mobil tətbiq üzərindən həyata keçiriləcəkdir. Futbol oynamaq istəyən şəxslər tətbiq vasitəsilə oyunların hansı saatda, hansı stadionda keçiriləcəyinə dair ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə biləcəklər. Bununla yanaşı, fərdi və ya komanda şəklində oyunlara qoşulmaq mümkün olacaqdır.

Təhsilin İnkişafı Forumu

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu 2024 keçirilib.

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Forum “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı altında baş tutub. Yerli və beynəlxalq moderator və spikerlərin iştirakı ilə reallaşan Forumda “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı” panelləri təşkil olunub. Dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişaf etdirilməsinə yönəlmiş Foruma dövlət, sənaye və universitetləri təmsil edən 350-dən çox mütəxəssis qatılıb.


Artıq ikinci dəfədir təşkil edilən Təhsilin İnkişafı Forumu Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp Azərbaycan və “Lenovo Global Technology Azerbaijan” MMC-nin sponsorluğu ilə həyata keçirilib.

Tələbə yataqxanalarının infrastrukturunun təkmilləşdirilməsi

Təhsilin İnkişafı Fondu ilə bp Azərbaycan arasında tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun imzalanması Təhsilin İnkişafı Forumu 2024 çərçivəsində baş tutub. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və bp Azərbaycanın Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Ümumi təhsil müəssisələrinin təmiri və tikintisi

Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqaməti sahəsində Fond və “Silk Vey Vest Aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin təmiri və tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hesabat dövründə 7 məktəbdə tikinti işlərinə başlanılıb. 5 məktəb Abşeron rayonunda, 1 məktəb Kürdəmir rayonunda, 1 məktəb isə Qubadlı rayonunda yerləşir.

TələbəPlus

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.


Eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə Əməkdaşlıq Memorandumu imzalanıb.


2024-cü il ərzində əməkdaşlıq müqaviləsi imzalanmış 21 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 170000 tələbə TələbəPlus kartı ilə təmin olunmaqdadır.

Məktəblərə kitab ianəsi

“Məktəblərə kitab ianəsi” layihəsi Təhsilin İnkişafı Fondunun “İnci Group of Companies” şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşır.


Region məktəblərinə klassik dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı kitabların ianə edilməsi məqsədilə baş tutan layihə çərçivəsində 2023-cü il ərzində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Quba-Xaçmaz regional təhsil idarələrinin məktəblərinə 4800 kitab ianə edilib.


2024-cü ildə əlavə 5000 kitab Qazax-Tovuz, Qarabağ, Şərgi Zəngəzur, Şirvan-Salyan, Şəki-Zaqatala regional təhsil idarələrinin tabeliyində olan məktəblərə ianə edilib.

Davamlı İnkişaf Mərkəzləri

Bu günədək 3 ali təhsil müəssisəsi – Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti və 1 orta ixtisas təhsili müəssisəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Davamlı İnkişaf Mərkəzləri yaradılıb və fəaliyyət göstərir.


Dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrinin qurulması, müasir təhsil tələblərinə uyğun innovativ yanaşmaların tətbiq olunması və inkişaf etməkdə olan sahələr üzrə əməkdaşlıq imkanlarının artırılması mərkəzlərin fəaliyyətində əsas prioritetlərdəndir. Burada tələbələr üçün özəl şirkətlər tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar keçirilir