“Zərif mühəndislər” təqaüd proqramından ilk 50 qız məzun olub

29 avqust tarixində Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “Zərif mühəndislər” təqaüd proqramının Məzun Günü baş tutub.

Tədbirdə Təhsilin İnkişafı Fondunun və STP Şirkətlər Qrupunun nümayəndələri, eləcə də proqramın məzunları iştirak ediblər.

İlk olaraq, 1 il ərzində davam edən proqram çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, gənc qızlar bu müddətdə aylıq təqaüd almaqla yanaşı, bilik və bacarıqlarını artırmaq məqsədilə  təcrübə və təlim proqramlarından yararlanmaq imkanı əldə ediblər. Proqram iştirakçıları ayda 4 dəfə olmaqla, STP Şirkətlər Qrupuna daxil olan müəssisələrdə təcrübə proqramına cəlb olunublar.

Həmçinin iştirakçı qızlar üçün “Şəxsi inkişaf və karyera planlaması” mövzusunda təlimlər təşkil olunub, əlavə tədris imkanlarından faydalanmaq üçün şərait yaradılıb. Belə ki, təqaüdçü qızların seçiminə əsasən, 50 nəfərdən 29-u ingilis dili, 21-i isə “Microsoft Excel” üzrə 3 aylıq kurslarda iştirak edib. Eyni zamanda, iştirakçılara “Coursera” onlayn platformasının ödənişsiz imkanlarından yararlanmaq fürsəti yaradılıb.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbirdə çıxış edərək bildirib ki, “Zərif mühəndislər” təqaüd proqramı gənc qızların mühəndislik sahəsində peşəkar inkişafına töhfə verməklə yanaşı, onların təhsil və karyera imkanlarını genişləndirən bir platforma rolunu oynayıb. Onun sözlərinə görə, bir il ərzində iştirakçılar həm nəzəri biliklər əldə ediblər, həm də real istehsalat mühitində praktiki təcrübə qazanıblar. O, qadın mühəndislərin dəstəklənməsinin ölkəmizin texnoloji inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Vektor Şirkətlər Qrupunun Baş insan resursları və təşkilati inkişaf inzibatçısı Şölə Əliyeva isə mühəndislik və texnologiya sahələrinin kişilərin üstünlük təşkil etdiyi sahələr kimi qəbul olunduğunu, lakin müasir dövrdə bir çox qabaqcıl şirkətlər tərəfindən qadınların sənayedə daha çox təmsil olunmasını təmin etmək üçün konkret addımlar atıldığını bildirib.

Tədbirdə məzun qızlar proqram çərçivəsində əldə etdikləri bilik və təcrübələrdən bəhs edərək öz təəssüratlarını bölüşüblər.

Çıxışlardan sonra proqramın məzunlarına sertifikat və gül dəstəsi təqdim olunub. 

Qeyd edək ki, “Zərif mühəndislər” təqaüd proqramı yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə müxtəlif ixtisaslarda təhsil alan, aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə və mühəndislik sahəsində peşəkar mütəxəssis kimi formalaşmasına dəstək məqsədilə həyata keçirilib.

Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında işgüzar görüş keçirilib

Avqustun 21-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev arasında işgüzar görüş baş tutub.

Görüş zamanı Elnur Nəsibov Fondun missiyası, əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, Fondun təhsilin keyfiyyətini artırmaq, tələbələr üçün yeni imkanlar yaratmaq və onların peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirdiyi təşəbbüslərindən bəhs edib. Fondun icra etdiyi təqaüd proqramları, innovativ layihələr, təlimlər və universitet-biznes əməkdaşlığını gücləndirməyə yönələn təşəbbüslər xüsusi olaraq vurğulanıb.

Daha sonra tərəflər arasında tələbələrin təcrübə proqramlarında iştirakının təmin olunması, təhsil və biznes strukturlarının birgə layihələrdə iştirakı, həmçinin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Bu baxımdan, gələcəkdə birgə təlimlərin, mentorluq proqramlarının, startap və innovasiya təşəbbüslərinin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.

Tural Mustafayev təhsil və biznesin qarşılıqlı əməkdaşlığının ölkənin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, “Marsol Group” və İCMA olaraq gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verən layihələrdə iştirak etməyə hazır olduqlarını vurğulayıb.

Görüşün sonunda tərəflər təhsil və biznes sektorlarının bir araya gəlməsi ilə daha genişmiqyaslı və dayanıqlı nəticələrin əldə edilə biləcəyini qeyd edib.

“Zərif mühəndislər” təqaüd proqramı çərçivəsində ingilis dili və “MS Excel” təlimləri başa çatıb

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə həyata keçirdiyi “Zərif mühəndislər” təqaüd proqramı çərçivəsində iştirakçılar üçün əyani və onlayn formatda təşkil olunmuş təlimlər uğurla yekunlaşıb.

“Family School” tərəfindən may–avqust ayları ərzində ingilis dili və “Microsoft Excel” üzrə 3 aylıq intensiv dərslər keçirilib. Təlimlər müddətində iştirakçılar həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirmək imkanı əldə ediblər.

Layihənin əsas məqsədi mühəndis xanımların peşəkar bacarıqlarını gücləndirmək, onların gələcək karyeralarında rəqabət üstünlüyü qazanmasına şərait yaratmaqdır.
Bu təşəbbüs “Zərif mühəndislər” təqaüd proqramının iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm bir hissəsini təşkil edib.

Qeyd edək ki, “Zərif mühəndislər” təqaüd proqramı çərçivəsində 50 tələbə qız üçün təqaüd ayrılıb.

“Milli Proqram” çərçivəsində 22500 nəfər təlimləri tamamlayıb, 7500 nəfər isə yeni təlimlərə qoşulub

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 22 min 500 nəfər ödənişsiz təlimlərdən faydalanaraq 41 mindən çox beynəlxalq sertifikat əldə edib.  

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü mərhələsinə start verilib. Proqram çərçivəsində növbəti 7500 vətəndaş “Coursera” onlayn təhsil platformasındakı təlimlərdən 6 həftə ərzində ödənişsiz istifadə imkanı qazanıb.

Aprel ayından başlayan “Milli Proqram”da ümumilikdə 22 min 500 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 120 minə yaxın təlimə qoşulub. Təlimləri uğurla başa vuranlar 41 mindən çox beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verib. Bununla yanaşı, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, eləcə də biznes sahəsi üzrə təlimlərə böyük maraq qeydə alınıb.

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:

  1. Süni intellekt hamı üçün (AI For Everyone);
  2. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management);
  3. Süni intellektə giriş (Introduction to Artificial Intelligence);
  4. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere);
  5. Liderlik bacarıqları (Leadership Skills);
  6. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work);
  7. Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals);
  8. Data elmi nədir? (What is Data Science?);
  9. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English);
  10. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, avqust ayından etibarən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha 5 təlim Azərbaycan dilinə dublyaj olunaraq vətəndaşların ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan  təlim Azərbaycan dilində təqdim olunur. (Kursların siyahısı – https://bit.ly/4ogG5Mw).

“Milli Proqram” çərçivəsində daha bir yenilik isə yerli təhsil müəssisələri və özəl şirkətlərin “Course Builder” aləti vasitəsilə öz təlim və kurslarını “Coursera” platformasına inteqrasiya etməyə başlamasıdır.

 “Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

Proqram SOCAR, “Pasha Holding”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub.

“Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gəlib

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün elan etdiyi “Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gələrək beynəlxalq səviyyədə tanınıb. Proqram “korporativ sərhədləri aşan təlim təşəbbüsləri” sahəsində “Qızıl”, “Müxtəliflik və inklüzivlik” sahəsində isə “Gümüş” mükafata layiq görülüb.

Dünyanın aparıcı biznes mükafatlarından biri kimi tanınan “Stevie Awards for Great Employers” hər il müxtəlif ölkələrdən olan təşkilatların insan resursları sahəsindəki uğurları və işçi inkişafı üzrə həyata keçirdikləri proqramları qiymətləndirir. “Parla” proqramının bu mükafata layiq görülməsi proqramın peşəkar inkişaf, bərabər imkanlar və inklüziv yanaşma prinsiplərinə əsaslanan fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

“Stevie Awards” mükafatları çərçivəsində əldə olunan bu uğur “Parla” proqramının fəaliyyətini daha da genişləndirmək və təsir dairəsini artırmaq üçün əhəmiyyətli motivasiya mənbəyi olub.

Məlumat üçün bildirək ki, hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. 2023-cü ildə 674 müraciət arasından 50 nəfər qalib müəyyən edilib. 12 ay müddətinə 50 nəfər qıza 200 manat məbləğində təqaüd verilib. 50 qalib arasından 5-i şəhid yoldaşıdır. 14 tələbə qız proqramı uğurla tamamlayaraq məzun olub. Həmin tələbələrdən 3-ü “NEQSOL Holding” və şirkətlərində işlə təmin olunublar. 36 qız təqaüd almağa davam edir.

2024-cü il tarixində isə “Parla” təqaüd və inkişaf proqramına yenidən qeydiyyat açıq elan edilib. Proqrama ümumilikdə 791 nəfər müraciət edib, 120 tələbə qız hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəaliyyətləri, tələbə həyatı ilə bağlı müsahibə olunub. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Beləliklə, sözügedən təqaüd proqramında iştirak edən gənc qızların sayı 86 nəfərə çatıb.

Təhsilin İnkişafı Fondunun rəsmi veb-saytında “İanə et” bölməsi istifadəyə verilib

Təhsilin davamlı inkişafını və dövlət-özəl tərəfdaşlığını təşviq etməyi qarşısına məqsəd qoyan Təhsilin İnkişafı Fondu rəsmi internet səhifəsini (www.tif.edu.az) yeniləyib.

Yeni dizayn və funksional imkanlarla təkmilləşdirilən sayt, istifadəçilərə Fondun fəaliyyəti, layihələri və təhsil sahəsində görülən işlər barədə daha əlçatan və şəffaf məlumat təqdim edir. 

Saytda əsas yeniliklərdən biri “İanə et” bölməsinin istifadəyə verilməsidir. Bu bölmə təhsilə dəstək göstərmək istəyən şəxslər və qurumlar üçün rahat və təhlükəsiz onlayn ianə imkanı yaradır. Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma üzərindən asanlıqla ianə edə bilərlər. İanələr Təhsilin İnkişafı Fonduna ümumi dəstək, “Gənc qızların təhsilinə dəstək” layihəsi və Qarabağ Təqaüd Proqramı üzrə qəbul olunur. İanə edən hər bir şəxsə dəstəyinin simvolu olaraq “İanə sertifikatı” təqdim olunur. Donorlar ianənin məbləğini və istiqamətini özləri müəyyənləşdirərək, təhsilin dayanıqlı inkişafına dəstək göstərə bilərlər. 

Dövlət-özəl tərəfdaşlığının real nəticəsi olaraq, yarandığı gündən etibarən 4 il ərzində Fondun dəstəyi ilə 6 proqram üzrə 500-ə yaxın tələbə təqaüdlə təmin olunub, 4 ali təhsil müəssisəsində Davamlı İnkişaf Mərkəzi yaradılıb, 900-dən çox tələbə və müəllimin IELTS imtahan nəticələrinə əsasən ödənişləri qarşılanıb. Eyni zamanda 7 ümumi təhsil müəssisəsinin isə tikinti və təmiri həyata keçirilir.

Təhsilin İnkişafı Fondu ictimaiyyət nümayəndələrini ölkənin təhsil gələcəyinə töhfə verməyə dəvət edir.

Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub

İyulun 18-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının təqdimat mərasimi baş tutub.

Tədbirdə təşkilatçı qurumların rəhbərliyi, Elm və Təhsil Nazirliyi və ona tabe strukturların təmsilçiləri, korporativ tərəfdaşlar, əməkdaşlıqda maraqlı şirkətlər, həmçinin müxtəlif media qurumlarının nümayəndələri iştirak edib.

Rəsmi hissədə ilk olaraq, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Müşavir təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olmasının vacibliyini qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 4 illik fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, TələbəPlus kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb.

Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan TəhsilPlus kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Daha sonra Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir. TələbəPlus kartının uğurundan bəhs edən Fərid Hidayətzadə, artıq 200 minə yaxın tələbənin bu imkanlardan faydalandığını bildirib. TəhsilPlus kartının isə daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb. Sonda o, layihənin tərəfdaşlarına təşəkkürünü bildirərək, təhsil sahəsində birgə daha çox uğurlu layihələrə imza atılacağına inandığını bildirib.

“Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar TəhsilPlus kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını “Mastercard” texnologiyalarının təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri “Mastercard”ın “Priceless Specials” platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər.

TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.

Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə TəhsilPlus kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır.

Daha sonra Fondun nümayəndəsi Aysel Məhərrəmova TəhsilPlus layihəsinə qoşulmaq imkanları barədə məlumat verib. Bildirilib ki, maraqlı şirkətlər Fondun rəsmi internet səhifəsində yerləşən müvafiq əlaqə vasitələri ilə müraciət edərək, TəhsilPlus kartı istifadəçilərinə öz məhsul və xidmətlərini təqdim etmək vasitəsilə layihəyə töhfə verə bilərlər.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestrinin təqdimatında bədii hissə ilə davam edib.

Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü və təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və “SABAH.HUB” İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Texnologiyaların transferi” proqramının nəticələri açıqlanıb.

Proqramın məqsədi ali təhsil və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ixtiraçı, tədqiqatçı və innovatorların ideya, konsepsiya və hüquqi cəhətdən qorunan texnologiyalarını funksional həllərə və yüksək kommersiyalaşdırma potensialına malik məhsullara çevrilməsi prosesinə dəstək verməkdir.

Layihə çərçivəsində ümumilikdə 76 müraciət qəbul olunub. Texniki ekspertiza mərhələsini uğurla keçən 17 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə müstəqil ekspertlərlə müsahibələr təşkil olunub və layihələr elmi əsaslandırma, texnologiyanın tətbiqi mümkünlüyü, mövcud həllərlə müqayisədə innovativliyi, sənayenin real problemlərini həll etmə qabiliyyəti və bazarda mövcud həllərlə müqayisədə üstünlükləri kimi meyarlar üzrə dəyərləndirilib.

Qiymətləndirmə nəticəsində 5 layihə qalib elan olunub. Qalib komandalar texnoloji həllərinin kommersiyalaşdırılması üçün zəruri dəstək və məsləhət xidmətləri ilə təmin olunacaqlar. “Texnologiyaların transferi” proqramı yerli tədqiqatçılar və startaplar üçün innovasiyaların bazara çıxarılması istiqamətində mühüm platforma olaraq çıxış edir və ölkədə elmtutumlu iqtisadiyyatın formalaşmasına töhfə verməyi hədəfləyir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

Təhsilin İnkişafı Fondu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartı üzrə görüş təşkil edib.

Görüş zamanı təhsil işçiləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazları əhatə edən yeni layihə barədə ətraflı məlumat verilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Təhsilin İnkişafı Fondunun nümayəndələri Almaz Axundzadə və Ofelya Salmanovanın iştirak etdiyi görüşdə TəhsilPlus kartının əsas məqsədləri, imkanları və hədəfləri haqqında məlumat verilib. Bildirilib ki, kart təhsil sahəsində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması, gündəlik xərclərinə dəstək göstərilməsi və müxtəlif sahələrdə güzəştli xidmətlərdən istifadəsinə şərait yaratmaq məqsədi daşıyır.

Görüş çərçivəsində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onların layihə ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb. Təhsil işçiləri kartın funksionallığı, istifadə mexanizmi və gələcək inkişaf perspektivləri barədə məlumat alıblar. Həmçinin iştirakçıların təklif və rəyləri dinlənilib, bu fikirlərin layihənin daha da təkmilləşdirilməsi prosesində nəzərə alınacağı bildirilib.

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

İyulun 7-də elm və təhsil naziri Emin Əmrullayev III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.

Proqram iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev  “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərə real iş mühitində elm və təhsil sahəsindəki proseslərlə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq imkanı yaratdığını və bu təşəbbüsün peşəkarların formalaşmasında mühüm rol oynadığını qeyd edib. 

Emin Əmrullayev proqramın bu il ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə ediyini və “Maarifçi” təşəbbüsünün coğrafiyasının genişlənməsinin daha çox gəncin bu imkandan faydalanmasına şərait yaratdığını xüsusi vurğulayıb. 

Daha sonra çıxış edən iştirakçılar yaradılan imkanlara görə təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafına verəcəyi töhfəni yüksək qiymətləndiriblər. 

Görüş zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.