Azərbaycan Dillər Universitetində (ADU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) TələbəPlus kartına həsr olunmuş infosessiya təşkil olunub.

Məlumat sessiyasının əsas məqsədi tələbələri TələbəPlus kartının imkanları, təqdim etdiyi üstünlüklər və tərəfdaş şəbəkəsi barədə məlumatlandırmaq, eyni zamanda onların suallarını cavablandırmaq olub.

İnfosessiya Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Şəfəq Şahməmmədovanın açılış nitqi ilə başlayıb. O, tələbələr üçün həyata keçirilən bu kimi layihələrin əhəmiyyətini vurğulayaraq, TələbəPlus kartının gənclərin gündəlik həyatına verdiyi töhfələrdən bəhs edib.

Daha sonra Təhsilin İnkişafı Fondunun nümayəndəsi Almaz Axundzadə çıxış edərək TələbəPlus kartı barədə ətraflı təqdimat edib, layihənin məqsədləri və istifadə imkanları haqqında məlumat verib. Çıxış çərçivəsində tələbələrin sualları cavablandırılıb.

Tədbirdə, həmçinin layihənin tərəfdaş qurumlarından olan “Olivia Beauty & Care” şirkətinin marketinq meneceri Aygün Mirzəliyeva çıxış edərək tələbələr üçün təqdim olunan güzəştlər və imkanlar haqqında danışıb.

İnfosessiyanın davamında dermatoloq Mehriban Almazova “Tələbə həyatında dəri problemləri” mövzusunda maarifləndirici təqdimatla çıxış edib, tələbələrə dəriyə qulluq və sağlamlıqla bağlı faydalı tövsiyələr verib.

Tədbir interaktiv formatda davam edib, sual-cavab sessiyası təşkil olunub və tələbələr arasında viktorina keçirilib. Viktorinanın qalibi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, infosessiyada iştirak edən digər tələbələrə də müxtəlif hədiyyələr təqdim olunub.

Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisinin açılışı baş tutub

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.

Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır. 

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər.

Təhsil sərgisində Təhsilin İnkişafı Fondunu İdarə Heyətinin üzvü Ramin Cəfərov təmsil edib.

Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti təmsil olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.

Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş “Study in Kazakhstan” sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir. 

Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir. 

Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.

Təqaüd proqramı iştirakçıları “E-poçt etiketi və beynəlxalq yazışma” təlim sessiyasında iştirak ediblər

Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təqaüd proqramlarının iştirakçıları üçün “E-poçt etiketi və beynəlxalq yazışma” mövzusunda təlim sessiyası təşkil olunub. Peşəkar yazışma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə baş tutan təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.

Təlim çərçivəsində iştirakçılara professional e-poçt strukturunun qurulması, salamlaşma və müraciət formalarının düzgün istifadəsi, rəsmi üslubun qorunması mövzularında ətraflı məlumat verilib, beynəlxalq yazışmalarda diqqət edilməli əsas nüanslar izah olunub. Praktiki yanaşma əsasında qurulan təlimdə real nümunələr vasitəsilə düzgün və yanlış e-poçt yazışmaları təhlil edilib.

Təlimin əsas məqsədi iştirakçıların yazılı ünsiyyət bacarıqlarını gücləndirmək, rəsmi və beynəlxalq müstəvidə effektiv, etik və peşəkar yazışma vərdişlərini formalaşdırmaq olub.

“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirilib

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 3-cü dalğasına start verilib və proqrama yeni 50 tələbə qız qoşulub.

Bu münasibətlə təşkil olunan görüşdə Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” və qrup şirkətlərinin nümayəndələri, mentorlar və proqram iştirakçıları iştirak edib.

Tədbirin açılışında çıxış edən “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə proqramın əhəmiyyətindən bəhs edərək bildirib ki, “Parla” gənc xanımların bacarıqlarının inkişafı, peşəkar şəbəkələrinin genişləndirilməsi və özünəinamlarının artırılması üçün dəstəkləyici mühit formalaşdırır. O qeyd edib ki, proqram iştirakçılara təlimlər, mentorluq, təcrübə və digər praktiki imkanlar vasitəsilə təhsildən əmək bazarına uğurlu keçid üçün zəruri dəstəyi təmin edir.

Daha sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxışında proqramın gənc xanımların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların potensialının reallaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, proqram yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş geniş imkanlar yaradır, onların yeni bilik və bacarıqlar əldə etməsinə və peşəkar şəbəkələrə inteqrasiyasına şərait yaradır.

Rəsmi çıxışlardan sonra proqramı uğurla başa vuraraq əmək fəaliyyətinə başlayan məzunlar öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşüb.

Tədbirin sonunda Təhsilin İnkişafı Fondunun nümayəndəsi Aysel Məhərrəmova tərəfindən iştirakçılar arasında tanışlıq məqsədilə interaktiv sessiya təşkil olunub.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı artıq 3 ildir uğurla icra olunur. Proqram çərçivəsində iştirakçılar aylıq təqaüdlə təmin olunur, eyni zamanda hərtərəfli inkişaf imkanları əldə edirlər. Buraya ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq dəstəyi, “NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları, həmçinin “NEQSOL Academy” vasitəsilə rəqəmsal təhsil resurslarına çıxış daxildir.

Bu günədək proqram çərçivəsində 150 tələbə qız təqaüdlə təmin edilib. Onlardan 41-i proqramı uğurla tamamlayaraq əmək fəaliyyətinə başlayıb və ya təhsilini ölkə daxilində və xaricdə davam etdirir. Hazırda yeni qoşulan iştirakçılar da daxil olmaqla, 109 nəfər proqramda iştirakını davam etdirir.

2023-cü ildə təsis edilən “Parla” təqaüd və inkişaf proqramı qısa müddətdə qızların təhsilinə dəstək üçün güclü platformaya çevrilib. 2025-ci ildə bu təşəbbüs təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə “Böyük işəgötürənlər üçün Stevie®” mükafatlarının qızıl və gümüş kateqoriyalarına layiq görülərək beynəlxalq səviyyədə tanınıb.

Təhsilin İnkişafı Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub

Təhsilin İnkişafı Fondu (TİF) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında görüş keçirilib.

Görüşdə TİF tərəfindən Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli, sədrin müavini Xanım Daşdəmirova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edib.

AHİK tərəfini isə sədrin müşaviri Nigar Vahabzadə və İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin müdiri Azər Sanılı təmsil edib.

Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin təhsil sahəsində innovativ yanaşmaların təşviqi, rəqəmsal həllərin tətbiqi və müxtəlif təşəbbüslərin birgə reallaşdırılması imkanları müzakirə olunub.

Sonda tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslər üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təqaüd alan tələbə qızlar üçün “Zirvəyə doğru” adlı təlim keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təqaüd proqramlarının iştirakçısı olan tələbə qızlar üçün “Zirvəyə doğru” adlı təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd gənc qızların şəxsi inkişafını təşviq etmək, onların ictimai-sosial fəallığını artırmaq, eyni zamanda cəmiyyətə məqsədyönlü şəkildə inteqrasiyasına dəstək göstərmək olub.

Tədbirin açılışında Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya çıxış edərək qızların təhsilinin cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını vurğulayıb. O, layihə çərçivəsində əldə olunan nəticələr və gənc qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Daha sonra mediator Günel Əliyeva tərəfindən interaktiv formatda keçirilən təlim zamanı iştirakçılarla real həyat situasiyaları əsasında müzakirələr aparılıb, onlara praktiki bilik və bacarıqlar aşılanıb. Təlim çərçivəsində gənc qızların hədəflərinə çatması, gələcəkdə uğurlu karyera qurması üçün strategiyalar, effektiv yanaşmalar və şəxsi inkişafın əsas meyarları barədə ətraflı məlumat təqdim olunub.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

TəhsilPlus kartının təhsil işçilərinə təqdim olunmasına başlanılıb

Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində növbəti mərhələyə start verilib.

Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib. O bildirib ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.

Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, TəhsilPlus kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.

“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.

Rəsmi çıxışların ardınca, TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.

Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.

Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Sonda sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş, fəaliyyətləri ilə seçilən müəllimlərə TəhsilPlus kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.

Təhsilin İnkişafı Fondu ilə “British Council” Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə olunub

Təhsilin İnkişafı Fondu ilə “British Council” Təşkilatı arasında görüş baş tutub. Görüşdə Fondun İdarə Heyətinin sədri Nicat Məmmədli, sədr müavini Xanım Daşdəmirova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edib. “British Council” Təşkilatını isə Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və İmtahanlar şöbəsinin rəhbəri Nərgiz Əkbərova təmsil edib.

Görüş çərçivəsində təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi imkanları, beynəlxalq sertifikasiya və imtahan mexanizmləri, eləcə də müəllim və tələbələr üçün inkişaf proqramları müzakirə olunub.

Sonda tərəflər təhsil sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinin ölkənin insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edərək, əlaqələrin davamlı və sistemli şəkildə qurulmasının vacibliyini bildiriblər.

Təhsilin İnkişafı Fondu bir qrup tədqiqatçı ilə görüş keçirib

Təhsilin İnkişafı Fondunun rəhbər və nümayəndələri bir qrup tədqiqatçı ilə görüş keçirib.

Görüşdə Almaniyanın Heydelberq Universitetinin Mannhaym Tibb fakültəsində nanodaşıyıcıların hazırlanması üzrə qrup rəhbəri, Priv.-Doz. Dr.med. Vüqar Yaqublu, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova, Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova, İstanbul Universitetinin Təbiət elmləri üzrə magistratura İnstitutunun molekulyar biologiya və genetika bölməsinin doktorantı Toğrul Sadıxov iştirak edib.

Tərəflər arasında elm və ali təhsil sahəsində əməkdaşlıq imkanları, fənlərarası tədqiqat təşəbbüsləri, gənc alimlərin hazırlanması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyası məsələləri müzakirə olunub. Xüsusilə, innovativ tədqiqat istiqamətlərinin inkişafı, birgə layihələrin həyata keçirilməsi, elmi potensialın gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli ölkədə tədqiqat mühitinin inkişafı, doktorantura təhsilinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.Tədqiqatçılar isə öz növbəsində əməkdaşlıq çərçivəsində elmi bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, Alman–Transxəzər Regional Nanodaşıyıcı Tədqiqat və İnnovasiya Şəbəkəsi haqqında geniş məlumat veriblər.

Görüş zamanı əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) TələbəPlus-a qoşulub

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Fevralın 24-də baş tutan imzalama mərasimində ADDA ilə TİF-in rəhbərliyi və nümayəndələri, həmçinin Kapital Bank-ın təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev ilk olaraq, akademiyanın fəaliyyəti, onun ölkənin dəniz təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olduğunu, beynəlxalq əməkdaşlıqların və müasir tədris infrastrukturunun davamlı şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Daha sonra Təhsilin İnkişafı Fonduna, Kapital Bank-a və Visa şirkətinə təşəkkürünü bildirib. O qeyd edib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi ali təhsil müəssisəsində idarəetmə proseslərinin təkmilləşdirilməsinə, tələbələrin akademik və sosial imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə öz növbəsində Fondun fəaliyyət istiqamətləri, həayata keçirilən layihələr haqqında məlumat verib. Bildirib ki, TələbəPlus kartı tələbələrə geniş üstünlüklər təqdim edəcək. Kart istifadəçiləri alış-veriş mərkəzləri, müxtəlif iaşə obyektləri, muzeylər, kitab mağazaları, idman kompleksləri, müxtəlif klinikalarda xüsusi güzəştlərdən yararlana biləcəklər.

Fondun nümayəndəsi Aysel Məhərrəmova TələbəPlus kartı barədə təqdimatla çıxış edərək vahid tələbə kartının üstünlükləri, tələbələr üçün nəzərdə tutulan güzəştlər və funksionallıqları haqqında ətraflı məlumat verib.

Müzakirələrdən sonra tərəflər “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. Layihənin ADDA-da tətbiqi tələbələr üçün vahid kart sisteminin formalaşdırılmasına və onların gündəlik həyatında əlavə üstünlüklərin yaradılmasına xidmət edəcək.

ADDA ilə birgə TələbəPlus-a qoşulan ali təhsil müəssisələrinin sayı 28-ə çatıb.