Peerstack Academy

“Peerstack Academy” layihəsi “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə həyata keçirilən, Azərbaycanda innovativ və müasir tədris yanaşmaları təqdim edən İT təhsil layihəsidir. Layihə “peer-to-peer” öyrənmə modelinə əsaslanır və bu xüsusiyyəti ilə seçilir.

“Peerstack Academy”nin tədris metodikası dünya üzrə tanınan “Qwasar Silicon Valley” platforması üzərində qurulub və iştirakçıların qarşılıqlı əməkdaşlıq şəraitində bilik və bacarıqlarını inkişaf etdirməsini nəzərdə tutur. Bu yanaşma tələbələrin komanda ilə işləmə vərdişlərini gücləndirir və tədris proqramının daha səmərəli mənimsənilməsinə şərait yaradır.

Layihə çərçivəsində təhsil haqqının 70 faizədək hissəsi “NEQSOL Academy” tərəfindən qarşılanır.

Tədris proqramı üç əsas istiqamət üzrə həyata keçirilir: Full Stack Developer, Front-end DeveloperBack-end Developer.

Stadi10

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Stadi10” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “PSG-Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə icra edilir. Layihənin ilkin mərhələsində 5 məktəbin ərazisində yerləşən stadionların UEFA standartlarına uyğun təmir edilməsi nəzərdə tutulub.

Təmir işləri yekunlaşdıqdan sonra stadionların həftə içi 5 gün saat 18:00-dək şagirdlərin istifadə etməsi üçün məktəbin idarəsində olması, 18:00-dan sonra isə icarəyə verilməsi nəzərdə tutulur. Stadionların icarəyə götürülməsi prosesi xüsusi yaradılmış mobil tətbiq üzərindən həyata keçiriləcəkdir. Futbol oynamaq istəyən şəxslər tətbiq vasitəsilə oyunların hansı saatda, hansı stadionda keçiriləcəyinə dair ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə biləcəklər. Bununla yanaşı, fərdi və ya komanda şəklində oyunlara qoşulmaq mümkün olacaqdır.

Təhsilin İnkişafı Forumu

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu 2024 keçirilib.

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Forum “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı altında baş tutub. Yerli və beynəlxalq moderator və spikerlərin iştirakı ilə reallaşan Forumda “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı” panelləri təşkil olunub. Dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişaf etdirilməsinə yönəlmiş Foruma dövlət, sənaye və universitetləri təmsil edən 350-dən çox mütəxəssis qatılıb.


Artıq ikinci dəfədir təşkil edilən Təhsilin İnkişafı Forumu Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp Azərbaycan və “Lenovo Global Technology Azerbaijan” MMC-nin sponsorluğu ilə həyata keçirilib.

Tələbə yataqxanalarının infrastrukturunun təkmilləşdirilməsi

Təhsilin İnkişafı Fondu ilə bp Azərbaycan arasında tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun imzalanması Təhsilin İnkişafı Forumu 2024 çərçivəsində baş tutub. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və bp Azərbaycanın Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Ümumi təhsil müəssisələrinin təmiri və tikintisi

Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqaməti sahəsində Fond və “Silk Vey Vest Aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin təmiri və tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hesabat dövründə 7 məktəbdə tikinti işlərinə başlanılıb. 5 məktəb Abşeron rayonunda, 1 məktəb Kürdəmir rayonunda, 1 məktəb isə Qubadlı rayonunda yerləşir.

TələbəPlus

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.


Eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə Əməkdaşlıq Memorandumu imzalanıb.


Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 25 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190000 tələbə TələbəPlus kartı istifadəçisidir.

Endirim təqdim edən tərəfdaşlarla tanış olmaq və ətraflı məlumat əldə etmək üçün linkə daxil olmağınız kifayətdir.

Məktəblərə kitab ianəsi

“Məktəblərə kitab ianəsi” layihəsi Təhsilin İnkişafı Fondunun “İnci Group of Companies” şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşır.


Region məktəblərinə klassik dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı kitabların ianə edilməsi məqsədilə baş tutan layihə çərçivəsində 2023-cü il ərzində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Quba-Xaçmaz regional təhsil idarələrinin məktəblərinə 4800 kitab ianə edilib.


2024-cü ildə əlavə 5000 kitab Qazax-Tovuz, Qarabağ, Şərgi Zəngəzur, Şirvan-Salyan, Şəki-Zaqatala regional təhsil idarələrinin tabeliyində olan məktəblərə ianə edilib.

Davamlı İnkişaf Mərkəzləri

Bu günədək 3 ali təhsil müəssisəsi – Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti və 1 orta ixtisas təhsili müəssisəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Davamlı İnkişaf Mərkəzləri yaradılıb və fəaliyyət göstərir.


Dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrinin qurulması, müasir təhsil tələblərinə uyğun innovativ yanaşmaların tətbiq olunması və inkişaf etməkdə olan sahələr üzrə əməkdaşlıq imkanlarının artırılması mərkəzlərin fəaliyyətində əsas prioritetlərdəndir. Burada tələbələr üçün özəl şirkətlər tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar keçirilir.

“4Sİ Akademiyası – Milli Proqram”

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən birgə icra edilir.

“Milli Proqram” çərçivəsində platformada 6 kohort üzrə ümumilikdə 13 000-dən çox təlim təqdim olunub və bu təlimlərdə 45 000 nəfər iştirak edib. Proqram müddətində 80 000-dən çox təlim uğurla başa vurulub, eyni zamanda 960 rəqəmsal nişan əldə olunub. Təlimlərdən 2 500-ü Azərbaycan dilində altyazı ilə təmin edilib, ən çox tələbat olan 15 təlim isə Azərbaycan dilinə dublyaj olunub. İstifadəçilərin rahatlığı üçün platformada Azərbaycan dili interfeysi mövcuddur. Proqram çərçivəsində dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin təlimləri vətəndaşlara ödənişsiz təqdim olunur.

4Sİ Akademiyası 2024-cü ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək “Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət Mükafatı”na layiq görülüb.

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında imzalanmış Əməkdaşlıq Memorandumunn məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Sözügedən Memorandum çərçivəsində “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı təsis edilib. Proqram 600-dən yuxarı bal toplamış, ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan və aztəminatlı ailələrdən olan tələbə oğlan və qızlar üçün nəzərdə tutulub.

2024/2025-ci tədris ilində proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 10 ay ərzində aylıq 200 manat məbləğində təqaüd əldə ediblər.

Eyni şərtlər əsasında 2025/2026-cı tədris ili üçün proqrama 20 tələbə qəbul edilib.