“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı

Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunur. 2022-2023-cü tədris ili ərzində təqaüd alan qızların sayı 25 nəfər olub. 2024-cü ildə bu say 135 nəfərə çatıb.

Gənclər və İdman Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

“TələbəPlus” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və TİF-in İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova imzalayıblar.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov TələbəPlus layihəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın tələbələrin sağlam həyat tərzinə marağın artmasına və asudə vaxtlarının daha səmərəli keçirilməsinə töhfə verəcəyini bildirib. Elnur Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyində olan, paytaxt Bakı və regionlarda yerləşən 47 idman kompleksində TələbəPlus kart istifadəçiləri üçün müəyyən güzəştlərin tətbiq ediləcəyini vurğulayıb.

TİF-in İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova Fondun təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirdiyini, infrastruktur layihələri icra etdiyini, habelə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini vurğulayıb. TələbəPlus kartının üstünlüklərindən bəhs edən Xanım Daşdəmirova TələbəPlus kartının tələbələrin sosial rifahının yaxşılaşdırılması və təhsilə çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müqavilə çərçivəsində Azərbaycan Respublikasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “TələbəPlus” kartları vasitəsilə nazirliyin tabeliyində olan idman obyektlərində müxtəlif güzəştlərin və xüsusi təkliflərin tətbiqi planlaşdırılır. Əməkdaşlıq bu güzəştlərlə bağlı maliyyə, iqtisadi, hüquqi və digər münasibətlərin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini təmin edir.

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

NEQSOL Holding-in tərkibinə daxil olan NEQSOL Academy, Təhsilin İnkişafı Fondu və Technology SNI tərəfdaşlığı ilə yaradılan Peerstack Academy-nin rəsmi açılış tədbiri həyata keçirilib.

Peerstack Academy Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-da yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan Qwasar Silicon Valley ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir.

Akademiyada beynəlxalq standartlara əsaslanan, layihə yönümlü və praktiki biliklərə üstünlük verən intensiv full-stack proqramlaşdırma təlimi keçirilir. Proqram Qwasar Silicon Valley-nin metodologiyasına uyğun hazırlanıb və real iş proseslərini əks etdirir. Təlim çərçivəsində tələbələr Ruby, JavaScript, React, PostgreSQL və REST API kimi texnologiyalar üzrə təcrübə qazanır və iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Tələbələr üçün təhsil haqqının 70% hissəsini NEQSOL Holding qarşılayır. Bu dəstək proqramın daha çox insanlar üçün əlçatan olmasını təmin etməklə yanaşı, ölkədə texnologiya sahəsinin inkişafına da töhfə verir. 2024-cü ildə başlayan seçim mərhələsi nəticəsində seçilmiş tələbələr artıq təhsillərinə başlayıb.

Tədbirdə Peerstack Academy-nin Direktoru Camal Rzayev, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, NEQSOL Holding Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə, NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov və Qwasar Silicon Valley-nin Baş İcraçı Direktoru Kwame Yamgnane çıxış ediblər.

“Peerstack Academy rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir. Gənc istedadları qlobal səviyyəli təhsil və qabaqcıl təcrübələri ilə bir araya gətirməklə, biz bu sahədə yeni nəsil mühəndislərin, peşəkarların və sahibkarların yetişməsi üçün möhkəm təməl qururuq,” – deyə, NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.

“Təhsilin İnkişafı Fondu olaraq inanırıq ki, innovativ və keyfiyyətli təhsilə yatırım ölkəmizin inkişafının təməlidir. Peerstack Academy güclü tərəfdaşlığın qlobal səviyyəli bacarıqların daha geniş təbəqə üçün əlçatan olmasına və gələcəyin peşəkar kadr bazasının formalaşmasına töhfəsinin bariz nümunəsidir,” – Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.

Tədbirdə çıxış edənlər Peerstack Academy təhsil ilə əmək bazarının tələblərini birləşdirən strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qeyd ediblər. Müasir tədris məkanında yaradılan şərait və təqdim olunan imkanlar, Qwasar-ın qabaqcıl tədris yanaşması və proqramları xüsusi vurğulanıb.

NEQSOL Holding-in nümayəndələri ölkədə ixtisaslı İT mütəxəssislərinə artan ehtiyacı və tələb-təklif arasında fərqi, Peerstack Academy-nin bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmasını və məzunların gələcəkdə Holdinqin şirkətlərində də işləmə imkanlarını qeyd ediblər.

Peerstack Academy və təqdim etdiyi proqramlar haqqında daha ətraflı məlumat və müraciət üçün:

peerstack.tech
Facebook: facebook.com/peerstack.tech
Instagram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy

Sumqayıt Dövlət Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Aprelin 11-də Sumqayıt Dövlət Universitetində (SDU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova layihənin tələbələrə yaratdığı imkanlardan danışaraq, kartın gündəlik həyatda faydalı olacağını qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib. Xanım Daşdəmirova layihənin artıq 23 universitetdə 190 min tələbəni əhatə etdiyini bildirib.

“Baku Design Academy”nin Brend üzrə kommunikasiya rəhbəri Əlihüseyn Rəsulov çıxış edərək, Akademiyanın fəaliyyətindən bəhs edib. O “TələbəPlus” kartı ilə əldə edilə biləcək xüsusi endirimlər barədə təqdimatla çıxış edib,  kartının tələbələr üçün sosial və iqtisadi üstünlüklərindən danışıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

4SİM və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanmaq istəyənlər üçün qeydiyyat başlayıb. 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq ödənişsiz təlimlərdən yararlana bilərlər. Bunun üçün vətəndaşlar form.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlər may ayından başlayaraq “Coursera” onlayn təhsil platformasında 6 həftə ərzində ödənişsiz təlimlərdən yararlanmaq üçün lisenziya əldə edəcəklər.

Qeyd edək ki, “Milli Proqram” çərçivəsində ilk 7500 istifadəçi aprelin 1-dən ödənişsiz təlimlərdən yararlanmağa başlayıb. Bu günə kimi vətəndaşlar platformada 20 242 təlimə müraciət ediblər. 2326 təlim artıq yekunlaşıb, verilən tapşırıqları uğurla yerinə yetirənlər beynəlxalq sertifikatlar əldə ediblər.

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.  “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası”da 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.

Bakı Avrasiya Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

10 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) “TələbəPlus” ilə bağlı məlumat sessiyası keçirilib.

Sözügedən məlumat sessiyanın keçirilməsində əsas məqsəd “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə həmçinin kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat çatdırmaq idi.

BAAU-nun konfrans zalında təşkil olunan tədbirdə Təhsilin İnkişafı Fondu (TİF), Birbank, “Family School”un nümayəndələri, BAAU-nun inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Tədbirin açılışında BAAU-nun rektorunun köməkçisi Arif Nəcimov, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov və TİF-in Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış ediblər. Onlar “TələbəPlus” kartının tələbələr üçün təqdim etdiyi yeni imkanları və faydaları barədə məlumat verərək, layihənin önəmindən söhbət açıblar.

Açılış nitqlərindən sonra TİF-in Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” kartı ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda kartın üstünlükləri, tələbələrə təqdim edilən sosial dəstək imkanları, kartla əlaqəli endirimlər və layihəyə qoşulan dövlət və özəl qurumları barədə məlumat verilib.

Sonra, “Family School”un direktoru Aydan İbadzadə təmsil etdiyi kursun xidmətləri və “TələbəPlus” kartı ilə əldə edilə biləcək xüsusi endirimlər barədə təqdimatla çıxış edib. O, tələbələrə təqdim edilən kartın verdiyi endirim imkanları ilə xarici dil biliklərinin artırılması, müxtəlif sahələrə aid kurslardan faydalana bilinəcəyini diqqətə çatdırıb.

Birbankın korporativ satış meneceri Nərmin İsayeva kartdan istifadə qaydaları, aktivləşdirmə prosesi və keşbek kateqoriyaları barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları kartın təqdim etdiyi bir çox imkanlar haqqında məlumatlanıblar.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırlıb.

Tədbirin sonunda BAAU-nun tələbələrinə “TələbəPlus” kartları təqdim edilib, xatirə fotoları çəkilib.

Qeyd edək ki, 2025-ci il 10 yanvar tarixində BAAU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Bakı Dövlət Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

4 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

İnfosessiyanın keçirilməsində əsas məqsəd TələbəPlus kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov qonaqları salamlayaraq, “TələbəPlus” kartlarının ilk istifadəçilərinin məhz BDU tələbələri olduğunu diqqətə çatdırıb. Ramin Səmədov həmçinin, TələbəPlus kartlarının BDU-nun bütün təhsil pillələri üzrə paylanıldığını bildirib. O, universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova təqdimatla çıxış edərək TələbəPlus layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində məlumat verib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

Çıxış edən “Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev, tələbələrə bir müddət öncə TİF ilə Bakcell arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalandığını bildirib. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusunun təqdim edildiyini bildirən Anar Verdiyev, bu təşəbbüsün onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacağını vurğulayıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova, Vəli Babayev və  “Bakcell”in Layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov tələbələrin suallarını ətraflı cavablandırıblar.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Bakı Slavyan Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 18-də Bakı Slavyan Universitetində (BSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Nigar Babayeva iştirakçıları salamlayaraq, BSU ilə TİF arasında əməkdaşlığın ötən ilin sentyabr ayında imzalanan rəsmi müqavilə əsasında həyata keçirildiyini qeyd edib. O, BSU-nun TİF-lə artıq üçüncü layihəsini icra etdiyini vurğulayaraq, bu əməkdaşlığın tələbələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Nigar Babayeva çıxışında Təhsilin İnkişafı Fondunun tələbələrə hər zaman dəstək göstərdiyini və onlar üçün yeni imkanlar yaratdığını bildirib. O, Fondun bu təşəbbüslərinə görə təşəkkürünü ifadə edərək, gələcəkdə də uğurlu əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Xanım Daşdəmirova layihənin gələcək perspektivlərindən danışaraq, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

Tədbirdə çıxış edən “Fibonaççi” intellektual oyunlarının təsisçisi və direktoru Sənan Mahmudov öz uğur hekayəsi və bu yolda qazandığı təcrübədən bəhs edərək, tələbələri motivasiya edən təqdimatla çıxış edib.
Sənan Mahmudov “Fibonaççi” oyunlarının yaranma ideyası, bu yolda atdığı inovativ addımlar barəsində tələbələri məlumatlandıraraq, TələbəPlus ilə əməkdaşlıq çərçivəsində tələbələrə 75% endirimin təklif edildiyini vurğulayıb və onları bu imkandan faydalanmağa dəvət edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda çıxışçılar tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıblar.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Bakcell”in baş icraçı direktoru Klaus Müller imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişaflarını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışlarını təmin etməkdir.

İmzalanmış müqaviləyə əsasən TələbəPlus kart istifadəçiləri üçün xüsusi güzəşt və imkanların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus tələbələrin təhsil prosesində onlara daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacaq.

Bakı Mühəndislik Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 14-də Bakı Mühəndislik Universitetində (BMU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova hər kəsi salamlayaraq, “TələbəPlus” layihəsinin tələbələr üçün əhəmiyyətindən bəhs edib.  O, bu layihənin təhsil alan gənclərin gündəlik xərclərini daha səmərəli şəkildə idarə etmələrinə və müxtəlif endirimlərdən yararlanaraq sosial həyatlarını zənginləşdirmələrinə imkan verəcəyinə inandığını vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları tələbələrə çatdıraraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

Təhsil İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova “TələbəPlus” layihəsi barəsində geniş təqdimatla çıxış edib. O, “TələbəPlus” kartının məqsədi, funksiyası, tələbələr üçün təqdim edilən endirim və imtiyazlar, TələbəPlus-ın tərəfdaşları haqqında ətraflı məlumat verib. Nərgiz Qədirova vurğulayıb ki, layihə çərçivəsində tərəfdaş şəbəkəsinin genişləndirilməsi, tələbələrin həyat keyfiyyətinin artırılmasına xidmət edən yeni fürsətlərin yaradılması məqsədilə fəal şəkildə işlər davam etdirilir.

“Code Academy”nin Qəbul və Tələbə İşləri Departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, Akademiyanın fəaliyyətindən bəhs edib. O, Akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kiber təhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. “Code Academy”nin Marketinq direktoru Göktuğ Sarı “TələbəPlus” layihəsinin tərəfdaşı olan Akademiyanın 10 illiyi ilə bağlı hazırda kampaniyanın mövcüd olduğunu, bu səbəbdən müraciət edən tələbələrə 10+10 güzəştinin tətbiq edildiyini diqqətə çatdırıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.