Mətbuat Şurasının nümayəndələri TİF-də qonaq olublar

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsilin İnkişafı Fondunun qonağı olublar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri və gələcək planları haqqında qonaqlara məlumat verib.

Bildirilib ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 iyul 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, həmçinin təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etməkdən ibarətdir.

Görüş zamanı Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Azərbaycan Mətbuat Şurası arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icra edilməsi mövzusunda müzakirələr aparılıb.

“Erasmus Plus” proqramı çərçivəsində beynəlxalq nümayəndə heyəti TİF-ın qonağı olub

Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Erasmus Plus” proqramı çərçivəsində Qalisiya Gənclərinin Məlumat Koordinasiya Mərkəzinin beynəlxalq nümayəndə heyəti ölkəmizə tanışlıq məqsədilə səfər edib.

Səfər zamanı İspaniya, İtaliya, Portuqaliya, Moldova və Gürcüstanın bir sıra təşkilat nümayəndələri, gənclərin müxtəlif resurs və karyera mərkəzləri, peşə təhsili müəssisələri və digər əlaqədar təşkilatların fəaliyyəti ilə yaxından tanış olublar.

9 dekabr tarixində nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub. TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatı qonaqların diqqətinə çatdırıb.

Görüş zamanı iştirakçı təşkilatların nümayəndələri ilə davamlı əməkdaşlıq və tərəfdaşlığın qurulması məsələləri müzakirə edilib.

Səfərin məqsədi gənclərimizin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər ilə yaxından tanış olmaq idi.

Fondun dəstəyi ilə Azərbaycanda səfərdə olan “Erasmus Plus” Proqramının nümayəndələri “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub

“Erasmus Plus” Proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun dəstəyi ilə ölkəmizdə səfərdə olan İspaniya, İtaliya, Portuqaliya, Moldova və Gürcüstanın müxtəlif dövlət və özəl təşkilatlarından ibarət nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, “ABAD” publik hüquqi şəxsin nailiyyətləri barədə məlumatlar diqqətə çatdırılıb.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Təhsilin İnkişafı Fondunun Türkiyə ilə əməkdaşlığı genişləndirilir

Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Ankara səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) prezidenti professor Hasan Mandal ilə görüşüb.

Dekabrın 6-da TÜBİTAK-ın baş ofisində keçirilən görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, elm və təhsilin inteqrasiyası, akademik mobillik proqramlarının həyata keçirilməsi, universitet-sənayə iş birliyinin inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyət planının hazırlanmasına qərar verilib.

Elnur Nəsibov Türkiyənin Milli Təhsil Fondunun İdarə Heyətinin sədri Mehmet Temel, eyni qurumun baş direktoru Funda Kahraman ilə də görüşüb. Görüşdə hər iki fond arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

TİF İdarə Heyətinin sədri TED-in baş direktoru ilə görüşüb

Dekabrın 5-də elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) baş direktoru Səlcuq Pəhlivanoğlu ilə Türkiyənin paytaxtı Ankarada görüşüb.

Görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, müəllimlərin və təhsil idarəçilərinin peşəkar inkişafı, təcrübə mübadiləsi proqramları, sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və məqsədləri, o cümlədən, Azərbaycanda aparılan təhsil islahatları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan XXI əsrin tələblərinə uyğun təhsil üçün qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq yaradılıb.

Elnur Nəsibov TİF ilə TED əməkdaşlığına toxunaraq buna misal olaraq ötən günlərdə TED Universietinin rektoru, professor İhsan Sabuncuğlunun geniş təqdimatı ilə Bakıda baş tutan “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” seminarını göstərib və səmərəli əməkdaşlığın davamlı olacağına inandığını bildirib.

Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədri olan Səlcuq Pəhlivanoğlu görüşdən çox məmnun olduğunu bildirərək TİF İdarə Heyətinin sədrinə ziyarət üçün təşəkkür edib, təhsilin inkişafı ilə bağlı görüləcək işləri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Görüşdə TED Ankara məktəbinin yaradıcılarından biri Bülənt Bağdatlı, eyni adlı qurumun baş direktorunun müavini Ayşə Nalan Kaskan, məktəbin müdiri Tamer Atacan, TED Universitetinin müşaviri Berkay Orhaner iştirak ediblər.

Elnur Nəsibov TED Ankara məktəbinin təcrübəsi ilə də tanış olub.

Məlumat üçün bildirək ki, Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, TEDMEM düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.

Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə 2022-ci ildən etibarən icra olunur.

2022-2023-cü illərdə layihə çərçivəsində IELTS imtahanında iştirak edən və 6.5 və yuxarı bal toplayan 300 nəfər akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Fond tərəfindən qarşılanıb. 2022-2023-cü illərdə layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Slavyan Universiteti olub.

2024-cü il ərizində Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti ilə layihə çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb.


İndiyədək, müqavilə şərtlərinə cavab verən 511 nəfərin (31 elmi-pedaqoji heyət üzvü, 480 tələbə) bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb.

“Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib

Oktyabrın 11-də Təhsilin İnkişafı Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr – Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib.

Görüşdə Elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

“Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyası çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 nəfər qızın təhsilinə dəstək veriləcəkdir.

Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.

Tədbirin yekununda Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb.

Daha sonra regionlardan gələn, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 qıza sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr – Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 tələbə qıza dəstək göstərilib.

Elm xadimləri Təhsilin İnkişafı Fondunun qonaqları olub

Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsilimizə böyük töhfələr vermiş elm xadimləri Təhsilin İnkişafı Fondunun qonaqları olub.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun məqsədləri, fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə məlumat verdi. Qonaqlar Təhsilin İnkişafı Fondunun yaradılması təşəbbüsünü çox müsbət qarşılayıb, Fondun gələcək fəaliyyəti üçün önəmli tövsiyələr təqdim ediblər.

İcra olunacaq proqram və layihələrin müzakirəsi və dəyərləndirilməsi məqsədilə belə məhsuldar görüşlərin mütəmadi şəkildə təşkil olunması razılaşdırıldı.

Elm və təhsilimizdə iz qoymuş təcrübəli pedaqoqlarımızı Təhsilin İnkişafı Fondunda görməkdən məmnun olduğumuzu bildiririk.

“Karyera və İşə Hazırlıq Mərkəzi”nin direktoru TİF-in qonağı olub

“Karyera və İşə Hazırlıq Mərkəzi”nin təsisçisi və direktoru Şahin Sərdarlı Təhsilin İnkişafı Fondunun qonağı olub

Mərkəzin bu il ərzində 200 tələbəyə 150-dən çox sahə (Mühasibatlıq, insan resursları, pedaqoqika, İT və s.) üzrə praktiki təlimlərin təşkili, həmçinin 80-dən çox tələbənin iş ilə təmin olunması istiqamətində verdiyi töhfələr barədə məlumat verilib.

Belə müsbət təcrübələrin genişləndirilməsi məqsədilə”Karyera və işə hazırlıq mərkəzi” ilə Təhsilin İnkişafı Fondu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsilin İnkişafı Fondu və kollec rəhbərləri arasında görüş keçirilib

2022-ci il sentyabrın 30-da Təhsilin İnkişafı Fondunun orta ixtisas təhsili üzrə strateji fəaliyyət istiqamətlərinin müzakirəsinə həsr olunmuş iclası keçirildi.

Tədbir elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşı Səbinə Ənvərli, Fondun əməkdaşları və 35 orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) rəhbərlərinin iştirakı ilə baş tutdu.

Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovun TİF haqda təqdimatından sonra orta ixtisas təhsili müəssisələri ilə Fond arasında tərəfdaşlığa dair ətraflı müzakirələr aparıldı.

Kolleclərdə təhsilin əmək bazarı iştirakçılarının tələblərinə uyğunlaşdırılmasının vacibliyi, ali təhsilə keçidin təmin olunması, kolleclərin fəaliyyətlərinin əlaqələndirilməsi, davamlı inkişaf fəaliyyətlərinin qurulması üzrə səmərəli fikir mübadiləsi keçirildi.