Bakı Slavyan Universitetinin müəllim və tələbələrinə IELTS sertifikatları təqdim olunub

01.02.2024-cü il tarixində Bakı Slavyan Universitetində Təhsilin İnkişaf Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət üzvü və təhsilalanların təltif olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev hərkəsi salamlayaraq Elm və Təhsil Nazirliyinə, Təhsilin İnkişafı Fonduna və Təhsilə Keyfiyyət Təminatı Agentiyinə layihəyə dəstək verdikləri üçün dərin təşəkkürlərini bildirib. Bakı Slavyan Universitetinin Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli sərəncamı ilə yeni istiqamətdə formalaşdırıldığından söz açan  Rektor Anar Nağıyev elə həmin tarixdə 13 iyun 2023-cü il tarixində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” imzalanan üçtərəfli əməkdaşlıq müqaviləsini diqqətə çatdırıb. O, qısa müddət ərzində elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar tərəfindən layihəyə çox aktiv marağın olduğunu bildirib. Rektor “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan Təhsilin İnkişafı Forumunun önəmi, təhsilimizin gələcəyi, qloballaşan proseslərdə təhsil müəssisələrinin innovativ  inkişafı mövzusunda yaradılan imkanlardan və bu istiqamətdə qurulmuş olan əməkdaşlıqlardan da danışıb.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı bildirib ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihə 7 ali təhsil müəssisəsində keçirilib, onlardan biri də Bakı Slavyan Universitetidir. Elnur Nəsibov qeyd edib ki, layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 285 nəfərə IELTS sertifkatı təqdim olunur.

TKTA İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan müəllim və tələbə heyətinin təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir. 

Daha sonra tədbir çərçivəsində təltifolunma mərasiminə keçid edilib. Elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar IELTS sertifkatı ilə təltif olunublar.

Təhsilin İnkişafı Fondu BETT qlobal təhsil texnologiyaları sərgisində

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Londonda keçirilən BETT təhsil texnologiyaları sərgisində iştirak edir.

Dünyada təhsil texnologiyaları sahəsində ən böyük sərgi hesab olunan BETT çərçivəsində Fond sədri “Google for education”, “META”, “SMART” olmaq üzrə bir sıra nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.

Fond sədri həmçinin BETT-in əsas təşkilatçılarından hesab edilən Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktorunun müavini Culia Garvey, dünyada təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısı sayılan Dünya Təhsil Forumunun direktoru Dominik Savaj və digər şəxslərlə görüşərək müzakirələr aparıb.

Görüşlərdə Elnur Nəsibov Təhsilin İnkişafı Fondunun məqsədi, fəaliyyəti, əsas prioritetləri və gələcək planları barədə məlumat verib, birgə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, BETT təhsilin keyfiyyətini təkmilləşdirməyə töhfə verən ən son texnologiya və innovativ təhsil həllərini bir araya gətirir. 24-26 yanvar tarixində reallaşan sərgidə 1200-dən çox qabaqcıl şirkət, 60 mindən çox iştirakçı təmsil olunur.

Bu ilin əsas mövzusu “Gələcəyi yaratmaq” olan sərginin əsas tərəfdaşları “Microsoft”, “Google”, “Lenovo” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləridir.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası ilə görüş keçirilib

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Təhsilin İnkişafı Fondu (TİF) arasında görüş keçirilib.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti, məqsədi, 2023-cü il ərzində görülən işlər və gələcək hədəflər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

KOBSKA sədri Nigar Ələsgərova Assosiasiyanın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, KOBSKA-nın əsas məqsədi yerli bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik və orta biznes subyektlərinin xarici bazarlara inteqrasiyasının sürətləndirilməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, əlaqələrin möhkəmləndirilməsi üçün B2B, B2C, B2G görüşlərinin keçirilməsi, o cümlədən, ölkədə fəaliyyət göstərmək üçün müraciət edən xarici sahibkarların maarifləndirilməsi və maraqlarının qorunmasıdır.

Görüş çərçivəsində iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün sonunda KOBSKA-nın fəaliyyətində göstərdikləri dəstəyə görə Fondun İdarə Heyətinin sədri Elnur Nəsibova Assosiasiyanın idarə heyətinin sədri Nigar Ələsgərova tərəfindən təşəkkürnamə təqdim olunub.

Dövlət-özəl tərəfdaşlığına həsr edilmiş “Təhsildən tərəqiyyə” adlı tədbir keçirilib

Yanvarın 16-da Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb.   

“Təhsildən tərəqiyyə” adlı tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, dövlət-özəl tərəfdaşlığına həsr olunmuş tədbirin keçirilməsində məqsəd Təhsilin İnkişafı Fondunun reallaşdırdığı layihələr, eləcə də Fondun gələcək fəaliyyəti haqqında məlumat vermək, tərəfdaşları təltif etməkdir. 2023-cü il ərzində Fond tərəfindən görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandıran sədr təhsil vasitəsilə tərəqqiyə gedən bu yolda dövlət və özəl qurumları, ali təhsil müəssisələrini daha sıx əməkdaşlığa dəvət edib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Təhsilin İnkişafı Fondunun fəaliyyətə başladığı gündən dövlət-özəl, universitet-sənaye əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə uğurlu addımlar atdığını vurğulayıb. Bu əməkdaşlığın ən uğurlu nümunəsinin ötən il baş tutan Təhsilin İnkişafı Forumu olduğunu bildirən rektor Fondun gələcək fəaliyyətində uğurlar arzu edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı TİF ilə birlikdə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinə toxunaraq qeyd edib ki, layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. Komitə sədri qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və Təhsilin İnkişafı Fondunun vasitəsilə artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.

Daha sonra təhsilin inkişafına yönəldilmiş layihələrə dəstək verən dövlət qurumları və özəl sektor nümayəndələrinə tərəfdaşlıq və ianə sertifikatları təqdim olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin ifaları ilə müşaiyət edilən tədbirin yekununda qonaqlar müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.  

Britaniya Şurasının nümayəndə heyəti TİF-in qonağı olub

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və Cənubi Qafqaz bölgəsinin imtahanlar üzrə rəhbəri Nərgiz Əkbərova Təhsilin İnkişafı Fondunun qonaqları olublar.

Görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 7 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsinin icra vəziyyəti müzakirə olunub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov növbəti il ərzində layihəyə qoşulmaq istəyən universitetlər haqqında qonaqları məlumatlandırıb. O, proqramın ali təhsil müəssisələri arasında böyük populyarlıq və marağa səbəb olduğuğunu bildirib. Layihə fəaliyyətindən bu günədək 226 nəfərin faydalandığını və sayların hər ay artımını qeyd edib.

Görüş zamanı həmçinin Təhsilin İnkişafı Fondu ilə Britaniya Şurasının 2024-cü ilin fəaliyyət planına uğun olaraq əməkdaşlıq çərçivəsi barədə fikir mübadiləsi aparılıb.

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu arasında görüş keçirilib

Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının qonağı olub. Görüşün  əsas məqsədi iki qurum arasında əməkdaşlıq imkanlarının müzakirəsi olub.

STP-nin Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva qonaqları salamlayaraq STP-nin fəaliyyəti, unikal sahələr üzrə kadr bazasının formalaşdırılması istiqamətində gördüyü işlər və gələcək planları haqqında danışıb.  

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov peşəkar kadr hazırlığının təmin olunması üzrə mühüm işlər görən STP ilə universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və innovasiya sisteminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Görüşün gedişatında STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu arasında qızların təhsilinə dəstək, internat məktəbində böyümüş və hazırda peşə məktəblərində təhsil alan gənclər, eləcə də şəhid xanımları və övladları üçün müxtəlif proqramların həyata keçirilməsi, birgə “bootcamp”ların təşkil edilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsilin İnkişafı Fondu ilə Sumqayıt Dövlət Universiteti arasında görüş keçirilib

Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, layihələr üzrə menecer Rəsul Həşimov və universitetin professor-müəllim, eləcə də tələbə heyətinin iştirakı ilə görüş keçirildi.

Görüşdə əsas məqsəd hər iki qurum arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi oldu.

Görüşdə iştirak edən SDU rektoru Rüfət Əzizov qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Fondun təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan, dövlətin təhsilin inkişafına verdiyi xüsusi önəmdən danışan Rüfət Əzizov vurğulayıb ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Rektor SDU-nun fəaliyyət istiqamətləri, yeniliklər və gələcək prioritetlər barədə məlumat verib. Bildirib ki, hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər durur. Bu illər ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, ölkənin sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində mühüm nailiyyətlər əldə etmişdir və bu gün də peşəkar kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır.

Rektor onu da qeyd etdi ki, SDU-da universitet-sənaye əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə görüşlərin təşkili də vacib amillərdəndir. Rektor müəllim və tələbələrə Təhsilin İnkişafı Fondu tərəfindən gerçəkləşdirilən layihələrdən yararlanmağı tövsiyə etdi.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə etdi. Bildirdi ki, ali təhsil müəssisələrində innovasiya və elmi-tədqiqat zəruridir. Bu səbəbdən də universitetlər öz iş mexanizmlərini uyğun qurmalı, zamanın tələbinə uyğun planlamalıdır. Ali təhsil müəssisələrində tədrisdə məzmunun yenilənməsində birgə fəaliyyət istiqamətləri, elmi-tədqiqat layihələrində birgə əməkdaşlıq aparılmalıdır.

Sonra sədr Təhsilin İnkişafı Fondunun gördüyü işlərlə bağlı təqdimatla çıxış edərək Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verdi, bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsilin İnkişafı Fondunun fəaliyyətləri peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhətə edir. Qısa zaman kəsiyində ali təhsil müəssisələri ilə bağlı 5 əsas strateji fəaliyyət istiqaməti müəyyən olunmuşdur. Strateji fəaliyyət istiqamətlərində akademik mobillik proqramlarının icrası, ali təhsil müəssisələrinin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək və digər məsələlər əhatə olunur.

Sədr həmçinin qarşıda mühüm layihələrin olduğunu qeyd etdi. Onu da bildirdi ki, bütün bunlar tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, tələbələri elm sahəsində aparıcı mövqe tutmaqlarına təkan verəcək.

Görüşdə universitetin strateji məqsədləri və hədəfləri, sənaye-universitet işbirliyi, tələbələrin karyera imkanlarının genişləndirilməsi, müəllim və tələbələrin ingilis dil üzrə danışıq bacarıqlarının inkişafı ilə bağlı həyata keçirilən işlər müzakirə olundu. Tədbir iştirakçılarının təklifləri dinlənildi, suallar Elnur Nəsibov tərəfindən ətraflı cavablandırıldı.

Sonda rektor Rüfət Əzizov Təhsilin İnkişafı Fondunun rəhbərliyinə səmimi görüş və gələcəkdə həyata keçəcək layihələrə göstərəcəkləri dəstəyə görə təşəkkürünü bildirdi.

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Lənkəran şəhərində keçirilib

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti benefisiarı olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri ilə görüş Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində baş tutub. Görüşdə region məktəblərinə 800 kitab hədiyyə edilib.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Fond və Regional Təhsil İdarəsinin nümayəndələri, məktəbin direktoru, müəllim və şagirdləri iştirak ediblər.

Lənkəran şəhər 8 nömrəli tam orta məktəbinin direktoru İlqar Paşayev qonaqları salamlayaraq layihə təşəbbüskarlarına məktəb adından təşəkkürünü bildirib.

Daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bu cür layihələrin şagirdləri daha çox kitab oxumağa həvəsləndirdiyini qeyd edərək kitabların, xüsusilə bədii ədəbiyyatın onların dünyagörüşünün zənginləşdirilməsində mühim rol oynadığını vurğulayıb. O, şagirdləri layihə çərçivəsində ianə edilən kitablardan mümkün olduğu qədər yararlanmağa çağırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin tam dəstək göstərdiyini qeyd edib. X.Daşdəmirova layihə çərçivəsində artıq 5-ci Regional Təhsil İdarəsində görüşün keçirildiyini, eləcə də ümumi ianə edilmiş kitabların sayının 4800 ədəd olduğunu bildirib.

Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.

ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olundu

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Britaniya Şurası ilə (“British Council”, BŞ) tərəfdaşlıq əsasında artıq ikinci dəfə təşkil olunan IELTS (International English Language Testing System) imtahanlarında iştirak edən universitetin bir qrup tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə ADPU-nun rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim heyəti, TİF və BŞ-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, Pedaqoji Universitetdə təhsilverənlərin və tələbələrin dil və İT bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl layihələr icra olunur. Bu baxımdan Təhsilin İnkişafı Fondunun dəstəyi ilə Britaniya Şurası tərəfindən təşkil olunan ingilis dili üzrə IELTS imtahanlarına hazırlıq və imtahanların keçirilməsi də xüsusi əhəmiyyətə malikdir.

Rektor vurğulayıb ki, ilk dəfə ötən tədris ilində reallaşdırılan layihədə 19 nəfər iştirak etmişdisə, artıq bu il ADPU-nun 26 tələbəsi layihədə iştirak edərək, müvafiq hazırlıqlardan keçdikdən sonra imtahanlardan uğurla keçərək IELTS sertifikatları qazanıblar. Tələbələri təbrik edən prof. C.Cəfərov layihənin davamlı olacağına inamını ifadə edib.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, Şuranın 5 regional mərkəzindən biri məhz Azərbaycanda yerləşir. Şura tərəfindən ölkə üzrə bir çox layihənin icra olunduğunu vurğulayan direktor 4 mindən çox orta məktəb müəlliminin onlayn ingilis dili inkişafı proqramına cəlb olunduğunu diqqətə çatdırıb.

N.Hacıyeva qeyd edib ki, ADPU ilə BŞ arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq təkcə dil biliklərinin artırılması sahəsində deyil, eyni zamanda ingilis dili üzrə proqramların, milli kurikulumun hazırlanması kimi akademik sahələrdə də uğurla davam etdirilir. Vurğulanıb ki, TİF-in dəstəyi ilə ali məktəblər üçün təşkil olunan IELTS imtahanları artıq iki ildir davam edir və layihədən həm tələbələr, həm də təhsilverənlər yararlana bilərlər. Diqqətə çatdırılıb ki, layihəyə cəlb olunan ADPU tələbələri çox uğurlu nəticələr göstərirlər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova da öz növbəsində Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq TİF-in iki il davam edən bu layihəyə dəstək göstərdiyini və indiyədək layihə çərçivəsində 7 ali təhsil müəssisəsindən ümumilikdə 200-dək tələbə və təhsilverənlərin yararlandığını diqqətə çatdırıb.

Daha sonra layihədə iştirak edərək uğur qazanmış tələbələrə IELTS sertifikatları təqdim olunub, onların təəssüratları dinlənilib.

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məsləhət xidmətinin – layihəsinin hesabat konfransı keçirilib.

Tədbirdə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.

Layihə haqqında məlumat verən AzTU-nun rektoru Vilayət Vəliyev  bildirib ki, universitet-sənaye-dövlət tandemində həyata keçirilən ilk layihələrdən olan mobillik planının icrası istiqamətində işlərin görülməsinə 2022-ci ildə başlanılıb. Layihə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilib. 2023-cü ildə ilkin olaraq universitetlə 16 şəhər və rayon (Yevlax şəhər, Şəki şəhər, Göyçay rayon, Ağcabədi rayon, Göygöl rayon, Şəmkir rayon, Naftalan şəhər, Mingəçevir şəhər, Tovuz rayon, Quba rayon, Qusar rayon, Xaçmaz rayon, Lənkəran şəhər, Biləsuvar rayon, Masallı rayon və Şirvan şəhər) icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxış edərək sözügedən layihədə universitet-sənaye-dövlət tandeminin iştirakını müsbət dəyərləndiriblər. Qeyd olunub ki, AzTU-nun nəqliyyat sahəsində yüksəkixtisaslı kadrlar hazırlayan universitet olaraq bu istiqamətdə dəstəyi hər zaman hiss olunur.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov görülən işlərin hesabatı ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihə üzrə bölgələrdə əhali arasında sorğuların aparılmasına 100-ə yaxın tələbə (77 bakalavr, 22 magistr) və 15 müəllim cəlb olunub. Bundan başqa, Özbəkistan və Türkiyənin mobilliklə bağlı təcrübəsi öyrənilib.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Yolçuyev təqdim edilən hesabatla bağlı fikirlərini bölüşüb. 

Tədbir sual-cavab sessiyası ilə davam edib.