Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Karyera və İşə Hazırlıq Mərkəzinin qonağı olub.
E.Nəsibov Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, işçi və təcrübəçi heyəti üçün “Karyera planlaması” mövzusunda maarifləndirici təqdimatla çıxış edib.
Görüş çərçivəsində Təhsilin İnkişafı Fondu və Karyera və İşə Hazırlıq Mərkəzi arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Qeyd edək ki, Mərkəz tərəfindən tələbələrə mühasibatlıq, insan resurslarının idarə olunması, pedaqoqika, İKT və digər sahələr üzrə praktiki təlimlər təşkil olunur, tələbələrin iş ilə təmin olunması istiqamətində dəstək göstərilir.
Yanvarın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Britaniya Şurası (BŞ) ilə tərəfdaşlıq əsasında təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir qrup müəllim və tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə ADPU rəhbərliyi, müvafiq qurumların əməkdaşları, universitetin Filologiya fakültəsinin müvafiq struktur rəhbərləri və namizəd müəllim və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib: “Pedaqoji Universitetlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə universitetimizin bir qrup müəllim və tələbəsi üçün IELTS imtahanı təşkil edilmişdır. Britaniya Şurasının təşkilatçılığı ilə keçirilən imtahanda universitetdaxili müsabiqə əsasında seçilmiş 9 müəllim və 10 tələbə iştirak etmiş və hər biri yüksək nəticə ilə beynəlxalq dil sertifikatı qazanmışdır. Cari il ərzində daha artıq tələbənin imtahanlara cəlb olunması nəzərdə tutulur.”
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Nərgiz Əkbərova qeyd ediblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik olan tələbələrin müvafiq proqramların tədrisindən azad olunmalarını stimullaşdırmaqdır. Xüsusilə vurğulanıb ki, ötən ilin sonunda 6 dövlət ali təhsil müəssisəsi ilə birgə icra olunan layihənin ilk ilində Pedaqoji Universitetdən namizədliyi irəli sürülmüş bütün müəllim və tələbələr yüksək nəticə ilə IELTS sertifikatı almağa müvəffəq olmuşlar və növbəti illərdə də layihə davam etdiriləcək.
Daha sonra müəllim və tələbələrə müvafiq sertifikatlar təqdim olunub.
Sertifikatların təqdimatından sonra qonaqlar ADPU-da qış imtahan sessiyasının gedişi, imtahanların nəticələrinin yoxlanılması və apellyasiya prosesi ilə yaxından tanış olub, imtahanların yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şuranın üzvləri İlqar Orucov, Etibar Əliyev, Pərvanə Məmmədova və Rüfət Əsədzadə Təhsilin İnkişafı Fondunun qonağı olub və Fondun nümayəndələri ilə görüşüblər.
Görüşün əsas müzakirə mövzuları 2023-cü il üçün nəzərdə tutulan fəaliyyət planı və həyata keçiriləcək layihələr ətrafında olub. Plana uyğun olaraq, il ərzində İctimai Şura məktəb-ailə-icma birliklərinin yaradılması, ictimai nəzarət mexanizminin gücləndirilməsi, regionlarda ictimai dinləmələrin və görüşlərin keçirilməsi və digər sahələrdə işlər həyata keçirəcəkdir.
Tədbirin yekununda Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri arasında müzakirələr aparılıb və fəaliyyət planına dair təkliflər irəli sürülüb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsilin İnkişafı Fondunun qonağı olublar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri və gələcək planları haqqında qonaqlara məlumat verib.
Bildirilib ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 iyul 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, həmçinin təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etməkdən ibarətdir.
Görüş zamanı Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Azərbaycan Mətbuat Şurası arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icra edilməsi mövzusunda müzakirələr aparılıb.
Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Erasmus Plus” proqramı çərçivəsində Qalisiya Gənclərinin Məlumat Koordinasiya Mərkəzinin beynəlxalq nümayəndə heyəti ölkəmizə tanışlıq məqsədilə səfər edib.
Səfər zamanı İspaniya, İtaliya, Portuqaliya, Moldova və Gürcüstanın bir sıra təşkilat nümayəndələri, gənclərin müxtəlif resurs və karyera mərkəzləri, peşə təhsili müəssisələri və digər əlaqədar təşkilatların fəaliyyəti ilə yaxından tanış olublar.
9 dekabr tarixində nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub. TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatı qonaqların diqqətinə çatdırıb.
Görüş zamanı iştirakçı təşkilatların nümayəndələri ilə davamlı əməkdaşlıq və tərəfdaşlığın qurulması məsələləri müzakirə edilib.
Səfərin məqsədi gənclərimizin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər ilə yaxından tanış olmaq idi.
“Erasmus Plus” Proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun dəstəyi ilə ölkəmizdə səfərdə olan İspaniya, İtaliya, Portuqaliya, Moldova və Gürcüstanın müxtəlif dövlət və özəl təşkilatlarından ibarət nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, “ABAD” publik hüquqi şəxsin nailiyyətləri barədə məlumatlar diqqətə çatdırılıb.
Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.
Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Ankara səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) prezidenti professor Hasan Mandal ilə görüşüb.
Dekabrın 6-da TÜBİTAK-ın baş ofisində keçirilən görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, elm və təhsilin inteqrasiyası, akademik mobillik proqramlarının həyata keçirilməsi, universitet-sənayə iş birliyinin inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyət planının hazırlanmasına qərar verilib.
Elnur Nəsibov Türkiyənin Milli Təhsil Fondunun İdarə Heyətinin sədri Mehmet Temel, eyni qurumun baş direktoru Funda Kahraman ilə də görüşüb. Görüşdə hər iki fond arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Dekabrın 5-də elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) baş direktoru Səlcuq Pəhlivanoğlu ilə Türkiyənin paytaxtı Ankarada görüşüb.
Görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, müəllimlərin və təhsil idarəçilərinin peşəkar inkişafı, təcrübə mübadiləsi proqramları, sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və məqsədləri, o cümlədən, Azərbaycanda aparılan təhsil islahatları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan XXI əsrin tələblərinə uyğun təhsil üçün qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq yaradılıb.
Elnur Nəsibov TİF ilə TED əməkdaşlığına toxunaraq buna misal olaraq ötən günlərdə TED Universietinin rektoru, professor İhsan Sabuncuğlunun geniş təqdimatı ilə Bakıda baş tutan “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” seminarını göstərib və səmərəli əməkdaşlığın davamlı olacağına inandığını bildirib.
Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədri olan Səlcuq Pəhlivanoğlu görüşdən çox məmnun olduğunu bildirərək TİF İdarə Heyətinin sədrinə ziyarət üçün təşəkkür edib, təhsilin inkişafı ilə bağlı görüləcək işləri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə TED Ankara məktəbinin yaradıcılarından biri Bülənt Bağdatlı, eyni adlı qurumun baş direktorunun müavini Ayşə Nalan Kaskan, məktəbin müdiri Tamer Atacan, TED Universitetinin müşaviri Berkay Orhaner iştirak ediblər.
Elnur Nəsibov TED Ankara məktəbinin təcrübəsi ilə də tanış olub.
Məlumat üçün bildirək ki, Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, TEDMEM düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.
Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.
Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılmışdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunan layihənin tərəfdaşları Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan, Bakı Mühəndislik və Sumqayıt Dövlət Universitetləridir.
Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.
2023-cü il ərzində layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. 2024-cü il ərzində daha 200 nəfərin layihə iştirakçısı olması gözlənilir.
Oktyabrın 11-də Təhsilin İnkişafı Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr – Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib.
Görüşdə Elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
“Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyası çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 nəfər qızın təhsilinə dəstək veriləcəkdir.
Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.
Tədbirin yekununda Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb.
Daha sonra regionlardan gələn, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 qıza sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr – Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 tələbə qıza dəstək göstərilib.