Təhsilin İnkişafı Fondu ilə Bakı Biznes Universiteti arasında görüş keçirilib

1 iyun 2023-cü il tarixində Bakı Biznes Universitetində Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib. Görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun və Universitetin nümayəndələri iştirak ediblər.

Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov qonaqları salamlayıb və Bakı Biznes Universitetində görməkdən məmnun olduğunu bildirib. Rektor universitetin 30 illik fəaliyyəti haqqında məlumat verib, universitetin strateji məqsədləri və hədəflərindən danışıb. İ.Abbasov müasir dünyada baş verən sürətli dəyişikliklərin, texnoloji proseslərin, qlobal meyllərin, çağırışların təhsilin, o cümlədən, ali təhsilin qarşısında yeni tələblər qoyduğunudan təhsilin inkişaf strategiyalarının yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov Bakı Biznes Universitetinin 30 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıb, daha sonra Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib.

E. Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. Sədr Bakı Biznes Universiteti ilə potensial əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.  

Yekunda Fondun nümayəndə heyəti Bakı Biznes Universiteti ilə tanış olub.

Bakıda “Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfransı keçiriləcək

10 iyun 2023-cü ildə “Təhsilimiz: dünəndən sabaha” elmi-praktik konfransı keçiriləcək. Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq.

Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimlərinin təmsil olunacağı konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə reallaşacaq.

Əsas məqsəd dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübələr və yeni yanaşmalarla tanış olmaqdır.

Konfransda “Sabahın məktəbi: yeni yanaşmalar”, “Humanist pedaqogikanın yaşıl rəngli qələmi”, “Akkreditasiyaya müasir yanaşma yolu ilə məktəb mədəniyyətinin inkişafı”, “Ali məktəbdə tədris prosesi: onu necə maraqlı etmək olar?”, “KZ nəslinin mədəni sosiallaşması kontekstində gənclərlə işin qurulması”, “Məktəb transformasiyası”, “Basti Bubu və Mzianeti: humanist pedaqogikanın əyani təcrübəsi”, “Müasir müəllimi necə müasirləşdirməli: innovativ yanaşmalar” mövzularında çıxışlar nəzərdə tutulub.

“Optimist baxışlarla” devizi altında keçiriləcək konfransda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Nəsibov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban Vəliyeva, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin nəzdində Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, əməkdar müəllim Asif Cahangirov, Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili, Belçikadakı IBF Beynəlxalq Konsultasiya şirkətinin təmsilçisi, təhsil üzrə məsləhətçi Qreem Pollok, Qazaxıstan Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, sosiologiya elmləri doktoru, professor Aleksandr Teslenko, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin prezidenti, psixologiya elmləri doktoru, professor Paata Amonaşvili,  Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Mərkəzi Asiya üzrə Beynəlxalq Məktəblər Assosiasiyasının sədri, Beynəlxalq Məktəblər Şurası İdarə Heyətinin üzvü Françesko Bankini çıxış edəcəklər.

Konfransa Elm və Təhsil Nazirliyinin rəhbərliyi, tabeliyindəki qurumların rəhbər şəxsləri, millət vəkilləri, elm və təhsil xadimləri, məktəb direktorları, müəllimlər, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri dəvət olunublar.

Məlumat üçün bildirək ki, pedaqoji fəaliyyətə kənd məktəbində müəllim vəzifəsindən başlayan Asif Cahangirov 30 il ümumi təhsil sistemində rəhbər vəzifələrdə çalışıb. O vaxtkı Maarif Nazirliyində Baş Məktəblər İdarəsinin rəisi, Sumqayıt Maarif şöbəsinin müdiri, Bakı Baş Təhsil İdarəsinin rəisi olub. Azərbaycan təhsilinin inkişafı ilə bağlı çoxsaylı təşəbbüslərin müəllifi olub. Onun təşkilatçılığı ilə SSRİ-də ilk dəfə olaraq Bakıda ümumtəhsil məktəbi müəllimlərinin müsabiqə yolu ilə işə qəbulu, ilk məktəb  psixoloqlarının hazırlanması və s. həyata keçirilib. Asif Cahangirov “Təhsil haqqında” Azərbaycan Respublikasının ilk qanununun (1992), Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının (2013), təhsil sahəsində bir çox normativ hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edib.  O, Sinqapur, Finlandiya, ABŞ, Polşa, Türkiyə, Rusiya, Fransa, İtaliya, İçveç, İsveçrə, Almaniya və digər ölkələrdə beynəlxalq seminar və konfransların iştirakçısı olub, müxtəlif təqdimatlarla çıxış edib. 2020-ci ildə çap edilən “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabının müəllifidir.

Təhsilin İnkişafı Fondu “Sözdən əmələ: Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” dəyirmi masa görüşündə iştirak edib

Azərbaycan Tibb Universiteti tərəfindən təşkil edilən konsultativ xarakterli görüşdə Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən əksər elmi-tədqiqat institutları və müəssisələr, Səhiyyə nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Təhsilin İnkişafı Fondu, dövlət və özəl xəstəxanaları, iri klinikalar və tibb xidmətləri sferasındakı bir sıra qurumların rəhbərləri iştirak ediblər. Görüşün məqsədi ATU məzunlarının məşğulluğunun təmin olunması ilə bağlı fikir mübadiləsinin keçirilməsi olub.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli açılış nitqində qeyd edib ki, ali məktəbin əsas missiyaları sırasında keyfiyyətli təhsil verilməsi ilə yanaşı, əmək bazarında uğurla fəaliyyət göstərən, insanların sağlamlığının keşiyində duran və ictimaiyyətə böyük elmi və praktiki töhfə verən məzunların hazırlanması da daxildir. ATU məzunlarının işlə təmin olunması üçün maraqlı tərəflərin nümayəndələri ilə müzakirələrin aparılması önəmlidir.

Daha sonar çıxış edən ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” adlı təqdimatla çıxış edərək bir sıra statistik məlumatları açıqlayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək ali təhsil müəssisələrinin əsas göstəricilərindən biri kimi məzunların əmək bazarında işlə təmin olunmasını qeyd edib. Bu istiqamətdə təhsil müəssisələrinin işəgötürənlər və sənaye ilə qarşılıqlı əməkdaşlığının vacibliyi vurğulanıb. Ali təhsil müəssisələrində Himayədarlar Şuralarının yaradılması və burada işəgötürənlərin nümayəndələrinin iştirakı, eləcə də TİF tərəfindən sənaye və universitet işbirliyi mərkəzlərinin yaradılması təklif olunub.

Tədbirdə, Səhiyyə nazirliyi, TƏBİB və digər qurumların nümayəndələri çıxış edib. Qeyd olunub ki, ATU tələbələrinin müvafiq bacarıq və məşğuliyyət imkanlarının yaxşılaşdırılması üçün tədris proqramının və fənlərin inkişafı və yenilənməsi, rəqabətədavamlılığın və innovasiyaların dəstəklənməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılmasına ehtiyac var.

Görüş iştirakçıları yerli, regional və milli səviyyələrdə bacarıq və kadr çatışmazlığı probleminin həll edilməsi üçün bacarıqların formalaşdırılması, məşğulluq, təhsil və sosial təminat sahəsində inkişaf edən tələbat əsasında yeni ixtisaslarla bağlı təkliflərin hazırlanması mövzusu ilə bağlı təklif və fikirlərini bölüşüblər.

AzMİU müəllim və tələbələrinə IELTS sertifikatları təqdim olunub

Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanmış müqaviləyə əsasən IELTS imtahanlarında uğurlu nəticə göstərən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələrinə sertifikatlar təqdim olunub.

Təqdimetmə mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, Fond tərəfindən həyata keçirilən layihələr təhsilin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. IELTS imtahanının da bu qəbildən olduğunu qeyd edən rektor AzMİU-da ingilis dilində təhsilin təşviqi və təşkili ilə bağlı görülən işlərə diqqət çəkib. Müəllim və tələbələrin ingilis dili səviyyəsinin yüksəldilməsi üçün universitet tərəfindən davamlı olaraq ödənişsiz hazırlıq kursları və imtahanlar təşkil olunur. Həmin prosesin nəticəsidir ki, artıq Universitetdə ixtisasların böyük əksəriyyəti üzrə ingilis dilində tədrisi təşkil edilir, bunun üçün müəllim potensialı formalaşdırılıb. Bundan əlavə, Universitetin Böyük Britaniyanın Lester Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan imtahanların nəticələri Avropa universitetləri tərəfindən də tanınır. Bu amil müəllim və tələbələr üçün əlavə imkanlar yaradır.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında son IELTS imtahanlarında uğur qazanan AzMİU tələbələrinin say çoxluğuna diqqət çəkərək universitetin bu istiqamətdəki fəaliyyətini təqdir edib. Daha sonra Elnur Nəsibov Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib və gələcək əməkdaşlıq imkanları barədə danışıb.

Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatlar təqdim olunub.

Təhsilin İnkişafı Fondu Astarada keçirilən “Təhsil Festivalı”nda təmsil olunub

Təhsilin İnkişafı Fondu Astarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan təhsil festivalında geniş heyətlə iştirak edib.

Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.

TİF stendinə yaxınlaşan qonaqlar, təhsil ictimaiyyəti, müəllimlər və şagirdlərə Fond barədə ətraflı məlumat verilib, hədiyyələr təqdim olunub.

Festivalın gedişatında Təhsilin İnkişafı Fondu tərəfindən vaxtilə məzun olduğu məktəbi təmir etdirən iş adamı Emin Bağırova təşəkkür sertifikatı təqdim edilib.

“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. V.Vəliyev müasir çağırışların sənaye və təhsilin inteqrasiyasını qaçılmaz faktora çevirdiyindən, bu yolda ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Bu önəmli missiyanın icrasına Azərbaycan Texniki Universitetinin çox ciddi hazırlaşdığını qeyd edən rektor Universitetdə müasir innovasiyalara uyğun islahatların həyata keçirildiyini, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

E.Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.

Çıxışının sonunda Elnur Nəsibov qalibləri və finalçıları təbrik edib, onlara uğurlar arzu edib.

Tədbir “Təhsil TV”nin təqdimatında müsabiqənin gedişatına dair videoçarxın nümayişi ilə davam edib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğı və diqqətindən bəhs edib. Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

Daha sonra 7 tələbə müsabiqənin final mərhələsində iştirakına görə ali təhsil müəssisələrinin rektor və prorektorları tərəfindən təltif ediliblər. Tələbələr Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Günel Pənahova, Rasim Həsənzadə və Sima Məmmədova, Lənkəran Dövlət Universitetinin tələbəsi Rövşən Ağasizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Səbinə Zülfiyeva, Qərbi Kaspi Universitetinin tələbəsi Bayram Bayramov və Bakı Ali Neft Məktəbinin tələbəsi Kəvsər Hüseynovadır.

3 qalib tələbə ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. 1-ci yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, 2-ci və 3-cü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görülüblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət Qardaşova çıxışlarında müasir təhsil idarəçiliyinə töhfə verəcək bu cür müsabiqələrinin önəmliliyini vurğulayaraq Təhsilin İnkişafı Fonduna minnətdarlıqlarını bildiriblər.

Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.

IELTS imtahanlarında uğurlu nəticə göstərən AzTU tələbələrinə sertifikat təqdim olunub

Azərbaycan Texniki Universiteti (AzTU), Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanmış müqaviləyə əsasən, 21 dekabr 2022-ci il və 31 mart 2023-cü ildə təşkil edilmiş IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

AzTU-da keçirilən tədbirdə tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli çıxış edərək tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, IELTS imtahanlarında iştirak etmək müəllim və tələbələrin fərdi inkişafında, dil biliklərinin daha da inkişaf etdirilməsində müsbət rol oynayır. Bu prosesdə Təhsilin İnkişafı Fondunun dəstəyi isə mühüm əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılova Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, sertifikat alan tələbələrin imtahan ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən geri qaytarılıb.

Azərbaycan Nəşriyyatları Assosiasiyasının nümayəndələri TİF-in qonağı olub

Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq, sədr müavini Nurman Tariq, Assosiassiyanın idarə heyətinin üzvləri Rafiq İsmayilov, Şöhlət İxtiyaroğlu, Fatimə Yılmaz, Seymur Tağıyev və koordinator Fizzə Məmmədova Təhsilin İnkişafı Fondunda qonaq olublar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri, hazırda icra olunan və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan layihələr haqqında qonaqları məlumatlandırıb.

Görüş zamanı Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondu arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icra edilməsi mövzusunda müzakirələr aparılıb.

“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsininin final mərhələsi başa çatdı

Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsini həyata keçirir.

Müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.

2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində 28 ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. 

Tələbələr aşağıdakı mövzular üzrə ideya və təkliflərini təqdim ediblər:

–             İnklüziv təhsilin inkişafı

–             Qeyri-formal təhsil metodları

–             Təhsildə texnologiyanın tətbiqi

–             Təhsildə idarəetmə

I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.

II mərhələdə iştirak hüququnu qazanan 11 nəfər finalçı isə təkliflərini 4 – 5 may tarixlərində peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediblər.

5 may tarixində çıxış edən finalçılar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli, Asim Əzizov və Mikayıl Zeynalabdinov, Lənkəran Dövlət Universitetinin tələbəsi Rövşən Ağasizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Səbinə Zülfiyeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sima Məmmədovadır.

Münsiflər heyətinin üzvləri ADA universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal, FEMact Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Zaur Kazımov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil Proqramının rəhbəri Leyla Həsənova və Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılovadır.

Müsabiqənin yekun nəticələrinin 10 may tarixinədək açıqlanması gözlənilir.

“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsininin final mərhələsinə start verdildi

Təhsilin İnkişafı Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsini həyata keçirir.

Müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.

2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində 28 ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. 

Tələbələr aşağıdakı mövzular üzrə ideya və təkliflərini təqdim ediblər:

–             İnklüziv təhsilin inkişafı

–             Qeyri-formal təhsil metodları

–             Təhsildə texnologiyanın tətbiqi

–             Təhsildə idarəetmə

I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.

II mərhələdə iştirak hüququnu qazanan 11 nəfər finalçının təkliflərini 4 – 5 may tarixlərində peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim etmələri nəzərdə tutulub.  

4 may tarixində çıxış edən finalçılar Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Günel Pənahova, Rasim Həsənzadə və Vaqif Fətullayev, Bakı Ali Neft Məktəbinin tələbələri Kəvsər Hüseynova və Zahid Abdullayev, Qərbi Kaspi Universitetinin tələbəsi Bayram Bayramovdur.

Münsiflər heyətinin üzvləri ADA universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal, FEMact Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Zaur Kazımov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil Proqramının rəhbəri Leyla Həsənova və Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılovadır.