Elm və Təhsil Nazirliyində “Maarifçi” tələbə-məzun proqramının mentorları üçün “Effektiv mentorluq: Potensialın aşkarlanması və inkişafı” mövzusunda təlim keçirilib.
Təlimdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova və Elm və Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə sektorunun məsləhətçisi, “Maarifçi” proqramının İşçi Qrupunun katibi Tünzalə Vəliyeva təlimçi qismində çıxış ediblər.
Təlim çərçivəsində “Maarifçi” proqramının məqsəd və hədəfləri, mentorların proqramdakı rolu, mentor və menti arasında effektiv ünsiyyətin qurulması, eləcə də gənclərin potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində yanaşmalar barədə məlumat verilib.
Praktiki hissədə mentorlar real situasiyalar üzərində çalışaraq müxtəlif mentorluq yanaşmalarını müzakirə edib, iştirakçıların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını tətbiq ediblər.
Təhsilin İnkişafı Fondu (TİF), Qarabağ Dirçəliş Fondu (QDF) və Veysəloğlu Şirkətlər Qrupu arasında Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib.
Görüşdə TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu, eləcə də tərəflərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastruktunun qurulması, Qarabağ Universitetinin strateji inkişafına dəstək göstərilməsi və regionun kadr potensialının gücləndirilməsi istiqamətində birgə addımların atılması diqqət mərkəzində olub. Görüşdə dövlət, özəl sektor və akademik institutlar arasında üçtərəfli tərəfdaşlıq modelinin önəmi vurğulanıb. Universitetdə təhsil alan tələbələr üçün xüsusi təqaüd proqramlarının təsisi, təcrübə imkanlarının yaradılması və birgə sosial proqramların icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Qarabağın dayanıqlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb. N.Məmmədli dövlət, özəl sektor və ictimai institutların birgə fəaliyyətinin regionda təhsil imkanlarının genişləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində təhsilin xüsusi yer tutduğunu diqqətə çatdırıb. R.Hacıyev qeyd edib ki, regionda insan kapitalının formalaşması və gənclərin təhsil imkanlarının artırılması bölgənin hərtərəfli bərpasına xidmət edir və bu çərçivədəki layihələrə dəstək göstərilməsi xüsusi əhəmiyyət daşıyır.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov təhsilin inkişafına yönəlmiş bu mühüm təşəbbüsə göstərilən dəstəyə görə tərəfdaş qurumlara təşəkkürünü ifadə edib. O qeyd edib ki, göstərilən diqqət ali təhsil müəssisəsində akademik imkanların genişləndirilməsi və tələbələrin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Rektor vurğulayıb ki, bu kimi strateji addımlar Qarabağda təhsilin davamlı inkişafını təmin etməklə yanaşı, regionun hərtərəfli dirçəlişinə və gələcək tərəqqisinə mühüm təkan verir.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu təhsilə dəstəyin Şirkətlər Qrupunun strateji prioritetlərindən biri olduğunu bildirib. O, vurğulayıb ki, keyfiyyətli təhsilin inkişafı bütövlükdə ölkənin insan kapitalının güclənməsinə xidmət etməklə yanaşı, şirkətlərin peşəkar kadr potensialının formalaşması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Görüşün davamında Qarabağ Universitetinə dəstək mexanizmlərinin genişləndirilməsi, birgə təşəbbüslərin miqyasının artırılması və növbəti mərhələdə həyata keçiriləcək konkret fəaliyyət istiqamətləri müzakirə olunub.
Sonda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
İmzalanan müqavilə çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.
Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başladı.
Proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. Bununla yanaşı, iştirakçılar peşəkar və şəxsi inkişaflarına töhfə verəcək müxtəlif imkanlardan yararlanacaqlar. Proqram iştirakçıları təcrübə, mentorluq və təlimlərə, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış əldə edəcəklər.
Proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Parla” Məzunlar İcması yaradılıb. İcmanın yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində müxtəlif təlimlər, mentorluq görüşləri, peşəkar inkişaf sessiyaları və şəbəkələşmə tədbirləri keçirilir.
Proqrama kimlər müraciət edə bilər?
“Parla” təqaüd və inkişaf proqramına aşağıdakı tələblərə cavab verən tələbə qızlar müraciət edə bilərlər:
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə bakalavriat səviyyəsində təhsil almaq;
Proqram üçün müəyyən edilmiş ixtisaslardan biri üzrə təhsil almaq;
Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplamaq;
Ümumi orta müvəffəqiyyət göstəricisinin 80%-dən yuxarı olması;
Dərsdənkənar, o cümlədən könüllülük və sosial fəaliyyətlərdə fəal iştirak etmək;
Aşağıdakı sosial meyarlardan ən azı birinə cavab vermək:
ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs olmaq;
Hər iki valideyninin (tək valideyn olduğu halda həmin şəxsin) aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olması:
Orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs;
işsiz kimi qeydiyyatda olan şəxs;
iş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxs;
iş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxs.
Qeyd: Yuxarıda qeyd olunan sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.
Seçim necə aparılacaq?
Proqrama qəbul 3 mərhələdən ibarətdir:
1. Onlayn müraciət Namizədlər müəyyən edilmiş müddət ərzində elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər.
2. Qiymətləndirmə Namizədlərin akademik göstəriciləri və təqdim etdikləri məlumatlar qiymətləndirilir.
3. Müsahibə Növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunur. Müsahibə zamanı namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti və digər meyarlar nəzərə alınır.
Yekun seçim zamanı müsahibədə göstərilən nəticə əsas götürülür.
Proqram çərçivəsində müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.
TələbəPlus kart istifadəçiləri üçün yeni bonus imkanı təqdim olunub.
Artıq tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki TələbəPlus kartı, həm də QR ödənişləri zamanı keçərlidir.
Beləliklə, ilin sonunadək tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, TələbəPlus kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən TəhsilPlus kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. TəhsilPlus istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
TələbəPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Sentyabrın ilk həftəsində Şamaxı Astrofizika Rəsədxanasında “NEQSOL Academy”nin dəstəyi və “Women in Tech Azerbaijan”ın ev sahibliyi ilə iki günlük mentorluq düşərgəsi təşkil olunub.
Düşərgənin əsas məqsədi proqram iştirakçısı olan istedadlı qızları müxtəlif sahələr üzrə təcrübəli peşəkarlarla bir araya gətirmək, onların yeni istiqamətlər və karyera imkanları barədə məlumatlılığını artırmaq, eləcə də peşəkar inkişaflarına dəstək göstərməkdir.
İki gün davam edən proqram çərçivəsində maliyyə texnologiyaları, startap, sahibkarlıq, süni intellekt, şəxsi inkişaf, karyera planlaması ilə bağlı sessiyalar keçirilib. İştirakçılar, həmçinin fərdi mentorluq görüşlərində iştirak edib, təcrübəli mütəxəssislərlə açıq müzakirələr apararaq müxtəlif peşə və karyera istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Düşərgədə mentor qismində Leyla Seyidzadə, Alya Abbaszadə, Leyla Hacıyeva və Elnarə Məcidova iştirak edərək öz peşəkar təcrübələrini gənc iştirakçılarla bölüşüblər. Mentorların iştirakı iştirakçıların yeni əlaqələr qurmasına, fərqli baxışlarla tanış olmasına və gələcək inkişaf istiqamətlərini daha aydın müəyyənləşdirməsinə imkan yaradıb.
“Parla” Mentorluq düşərgəsinin keçirilməsi gənc qadınların müasir trendlər və yeni imkanlar barədə məlumatlılığının artırılması, onların təcrübəli mütəxəssislərlə əlaqələrinin genişləndirilməsi və uzunmüddətli peşəkar şəbəkələrinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram ali təhsil müəssisələrində təhsil alan qız tələbələrin akademik, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə yönəlib. Bu çərçivədə iştirakçılara təqaüdlə yanaşı, mentorluq, təlim və karyera inkişafı imkanları təqdim olunur.
Elm və təhsil naziri Emin Əmrullayev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli də iştirak edib.
Proqram iştirakçılarını salamlayan elm və təhsil naziri “Maarifçi” tələbə-məzun proqramının gənclərin elm və təhsil sahəsində həyata keçirilən prosesləri yaxından tanımaları, real iş mühitində praktiki təcrübə qazanmaları və peşəkar inkişaf etmələri baxımından əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, gənclərin inkişafı yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, onların real iş mühitində formalaşan təcrübə və bacarıqları ilə tamamlanmalıdır. Bu baxımdan “Maarifçi” proqramının iştirakçılara həm müxtəlif istiqamətlər üzrə təcrübə qazanmaq, həm də elm və təhsil sahəsində çalışan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratdığını bildirib.
Emin Əmrullayev gənclərə proqram müddətində əldə etdikləri bilik və təcrübədən yararlanmağı tövsiyə edib.
Görüşdə “Maarifçi”lərin təhsil sistemi ilə bağlı sualları cavablandırılıb, prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Emin Əmrullayev müasir dövrün tələbləri, dəyişən əmək bazarı, gənclərin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsi və ixtisas seçiminə məsuliyyətlə yanaşmasının əhəmiyyəti barədə danışıb. Nazir, həmçinin gənclərin elm və təhsil sistemində fəal iştirakı, onların bilik və bacarıqlarının gələcək inkişaf üçün əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. IV tələbə-məzun proqramında isə 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı qazanıb.
AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzinə infotur təşkil olunub.
İnfoturda Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova ilə yanaşı, millət vəkili Vüqar İskəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, nazirliyin və tabe qurumların digər nümayəndələri iştirak ediblər.
İnfotur iştirakçıları “Təhsil” istirahət mərkəzində təhsil işçiləri üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin infrastrukturu, istirahət və asudə vaxtın səmərəli təşkili üçün təqdim olunan imkanlar barədə məlumat alıblar.
Tədbir çərçivəsində mərkəzdə istirahət edən elm və təhsil işçiləri ilə görüş keçirilib, onların istirahət şəraiti və mərkəzdə yaradılmış imkanlarla bağlı təəssüratları dinlənilib. Eyni zamanda, təhsil işçilərinin istirahət imkanlarının daha da genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş zamanı ittifaq üzvlərinin təklif və mülahizələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli proqram iştirakçıları ilə görüş keçirib.
Görüşdə çıxış edən Nicat Məmmədli Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və təhsil ekosisteminin inkişafına xidmət edən strateji təşəbbüslər barədə ətraflı məlumat verib. O, təhsil sahəsində innovativ yanaşmaların təşviqi, insan kapitalının inkişafı və tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Görüş zamanı təhsildə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi mövzusunda fikir mübadiləsi aparılıb. Nicat Məmmədli süni intellektin tədris prosesinə inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqların formalaşdırılmasında bu texnologiyaların rolu barədə fikirlərini iştirakçılarla bölüşüb.
Görüş iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə davam edib.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçəcəklər.
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin II rübünün statistik nəticələri açıqlanıb.
Qeyd edilən dövr ərzində ümumilikdə 282 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. İştirakçıların 153 nəfəri kişi, 129 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir. Belə ki, layihə çərçivəsində 233 bakalavr, 38 magistratura tələbəsi, 1 doktorant və 10 müəllim iştirak edib.
Məlumat üçün bildirək ki, layihə 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir və ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsini hədəfləyir.
2026-cı ildən etibarən layihə üzrə tələblər təkmilləşdirilərək, namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə əldə etmək, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının məzunlarını bir araya gətirən “Parla” Məzunlar İcmasının ilk görüşü keçirilib.
“Parla” Məzunlar İcması proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə yaradılıb.
Hazırda icmanın tərkibinə proqramın əvvəlki buraxılışlarından olan 40 məzun daxildir. Növbəti illərdə yeni məzunların da şəbəkəyə qoşulması ilə icmanın daha da genişlənməsi nəzərdə tutulur.
Tədbir giriş nitqləri ilə başlayıb. Çıxışlarda proqram məzunları üçün yaradılan yeni inkişaf platformasının əhəmiyyəti, güclü məzun şəbəkəsinin formalaşdırılması, davamlı öyrənmə imkanlarının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüş çərçivəsində məzunların şəxsi və peşəkar inkişafını dəstəkləməyə yönəlmiş təlim proqramı təşkil olunub. Tədbirin ilk hissəsində şəxsi inkişaf üzrə interaktiv sessiya keçirilib. Sessiya zamanı iştirakçılar liderlik, özünüinkişaf, məqsədlərin müəyyənləşdirilməsi və peşəkar inkişaf istiqamətində praktiki yanaşmalarla tanış olublar.
Daha sonra neyroqrafika üzrə praktiki seminar təşkil olunub. Seminar çərçivəsində iştirakçılar özünürefleksiya, yaradıcı düşüncə və fərdi inkişaf bacarıqlarının gücləndirilməsinə yönəlmiş interaktiv fəaliyyətlərdə iştirak ediblər.
“Parla” Məzunlar İcmasının yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində gələcəkdə müxtəlif təlimlərin, mentorluq görüşlərinin, peşəkar inkişaf sessiyalarının və şəbəkələşmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı ali təhsil müəssisələrində təhsil alan tələbə qızların akademik, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə yönəlmiş proqramdır. Proqram çərçivəsində iştirakçılara təqaüdlə yanaşı, mentorluq, təlim və karyera inkişafı imkanları təqdim olunur.