“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir.
Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirməkdir.
Müsabiqənin keçirilmə vaxtı 26–28 aprel tarixləridir.
Müsabiqədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər.
Müsabiqə qaliblərinə I yer üzrə 2000 AZN, II yer üzrə 1500 AZN, III yer üzrə isə 1000 AZN məbləğində mükafat təqdim olunacaq.
Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Müraciət üçün son tarix: 20 aprel
Müsabiqəyə fərdi və ya komanda şəklində müraciət etmək mümkündür. Komandanın tərkibi 10 nəfərdən ibarət olmalıdır.
5 aprel 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti və bir sıra özəl şirkətlər arasında görüş keçirilib.
Görüşün məqsədi Fondla əməkdaşlığın qurulması məqsədilə müraciət edən şirkətlərin fəaliyyəti, xidmətləri, təklif etdikləri layihə(lər) haqqında məlumat almaq və birgə görülə biləcək işləri müzakirə etmək olub. Sözügedən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən ümumilikdə 7 şirkət təmsil olunub.
Görüşdə “ProPM Mühəndislik və Konsaltinq Xidmətləri” MMC, “Start IT” tədris mərkəzi, “Canon” şirkətinin Azərbaycandakı nümayəndəliyi, “Azerbaijan Global IT Technologies” MMC, “CodeFactory” MMC və “Kəpəz Kursları” MMC-nin nümayəndələri iştirak edib.
Azərbaycan Nəşriyyatları Assosiasiyası, Təhsilin İnkişafı Fondu və “SİMART” Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə III Kitabqurdu Yaz Oxu Marafonuna start verilir.
Marafona 6-10 yaşlı uşaqlar qoşula bilərlər. Daha az yaşı olan uşaqlar isə valideynin tövsiyə və nəzarəti ilə marafona qoşula bilərlər. Kitablar 6-10 yaşlı uşaqlar (ibtidai siniflər) üçün nəzərdə tutulub. İştirakçılar marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdırlar. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.
İyunun 25-dək təyin olunmuş 6 kitab iştirakçılar tərəfindən oxunmalıdır. İmtahan iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq. İmtahanın ilk mərhələsi onlayn qaydada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər finala vəsiqə qazanacaq.
Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. Birinci yeri tutan iştirakçıya 1000 AZN, ikinci yeri tutan iştirakçıya 500 AZN, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikatlar veriləcək.
İştirak etmək üçün oxunmalı olan 6 kitabın siyahısı:
✔ Zahid Xəlil – “Bizim kəndin nağılları”
✔ Amin Sükut – “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”
Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.
Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaqdır.
Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcəkdir.
Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bu linkəkeçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 05.05.2024-cü il.
Layihəyə kimlər müraciət edə bilər:
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə 3-4-cü kurs bakalavr və ya hazırda magistr təhsili almalıdır.
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın, “Azərsun”un və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə “GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur.
Yarışın final mərhələsi 1-2 may 2024-cü il tarixlərində baş tutacaq.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat üçün son tarix 23.04.2024-cü ildir.
Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak edə bilər.
Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.
Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.
Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.
Aprelin 2-də ADA Universitetində “2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib. Tədbirin keçirilməsində məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir.
30-a yaxın nüfuzlu dövlət və özəl sektorları təmsil edən qurumların iştirakı ilə həyata keçirilən sərgidə Təhsilin İnkişafı Fondu da təmsil olunub. TİF nümayəndələri sərgi iştirakçılarına Fondun fəaliyyəti barəsində məlumatlandırıb, tələbə və məzunları müxtəlif iş imkanları ilə tanış edib.
Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Həsən Həsənli ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanı qazanmış 50 gəncin dünyanın 10 ən yaxşı universitetinə qəbul olduğunu xatırladıb. Nazir müavini əlavə edib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir.
Ardınca Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış ediblər.
Tədbirdə həmçinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları”, “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu”, “Əmək bazarına çıxış üçün nə tələb olunur?” mövzularında maarifləndirici çıxışlar olub.
Təhsilin İnkişafı Fondu yerli ali təhsil müəssisələrinin tələbələri üçün “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsini elan edir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.
Müsabiqədə ölkə üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan ideya və təkliflər aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir:
Təhsildə inklüzivlik
Təhsildə nəticəyönlü idarəetmə
Tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi
Erkən və məktəbəqədər təhsil
Qeyri-formal və informal təhsil
Ömürboyu təhsil
İqlim dəyişikliyinə qarşı mübarizədə keyfiyyətli təhsilin rolu
Müsabiqə 2 mərhələdən ibarətdir.
I mərhələ
İştirakçılar tərəfindən təqdim olunan ideya və təkliflər aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndiriləcək:
Təqdimatın müsabiqənin prioritet sahələrindən birinə uyğunluğu – 20 bal
Mövzunun prioritet sahə çərçivəsində aktuallığı – 15 bal
Məqsəd, vəzifə və gözlənilən nəticələrin dəqiqliyi – 10 bal
İrəli sürülən təklifin icrasının prioritet sahə üzrə benefisiarlara faydalılığı – 15 bal
Məsələnin həllində innovativ yanaşmanın tətbiqi – 20 bal
Təqdimatın keyfiyyətli hazırlanmasında yaradıcılığın tətbiqi – 20 bal
I mərhələdən II mərhələyə keçid balı 60 bal təşkil edir. Təqdimatlar yalnız Azərbaycan dilində qəbul edilir.
II mərhələ
I mərhələnin tələblərinə cavab verərək minimum 60 bal toplamış müraciətçilər müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Bu mərhələdə tələbələr müsabiqənin prioritet sahələrindən birinə müraciət etdikləri təqdimatlarla peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin qarşısında çıxış edəcəklər.
II mərhələdə iştirakçılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Təqdimat bacarığı – 5 bal
İrəli sürülən fikirlərin əsaslandırılması – 5 bal
Vaxtın idarəedilməsi (təqdimat üçün maksimum müddət 7 dəqiqə müəyyən olunmuşdur) – 5 bal
Qeyd olunan meyarlar üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaqdır.
Mükafatlandırılma aşağıdakı formada aparılacaqdır:
I yer – 1000 AZN
II yer – 750 AZN
III yer – 500 AZN
Müsabiqəyə təqdim olunacaq təkliflərin qəbulu 01 aprel 2024-cü il tarixindən başlayaraq 14 aprel 2024-cü il tarixi də daxil olmaqla müraciət formasını doldurmaqla həyata keçiriləcəkdir.
Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub.
Universitetin innovasiya mühiti ilə tanışlıq, eləcə də bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə ali təhsil müəssisəsində innovasiya ekosisteminin inkişafının başlıca prioritetlər sırasında yer aldığı vurğulanıb, həmçinin tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə kadr hazırlığı, ingilis dilinin üstünlük təşkil etdiyi tədris sistemi və s. məsələlərlə bağlı dolğun məlumat verib. Eyni zamanda, universitetin yaxın dövr üçün strateji inkişaf məqsədlərini vurğulayan rektor bu çərçivədə BMU ilə TİF arasında mümkün əməkdaşlıq sahələrinə toxunub.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun ali təhsil müəssisələri ilə bağlı əsas strateji fəaliyyət istiqamətləri və hər istiqamət üzrə nəzərdə tutulan prioritetləri qeyd edib. Ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıqdan gözlənilən mümkün nəticələr haqda danışan Elnur Nəsibov tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, eləcə də digər istiqamətlərdə TİF-in həyata keçirdiyi müxtəlif layihələri, təqaüd proqramlarını diqqətə çatdırıb.
Sonra nümayəndə heyəti ali təhsil müəssisəsinin infrastrukturu, yataqxanaları, o cümlədən elmi-tədqiqat fəaliyyətinə imkan verən Texnoparkı, müasir bazaya malik laboratoriyaları ilə yaxından tanış olublar. Tanışlıq zamanı universitet-sənaye iş birliyinin inkişafı, elm və innovasiyalar istiqamətində faəliyyətin daha da gücləndirilməsi kimi məsələlərdən bəhs edilib, geniş potensiala malik BMU ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Davamlı İnkişaf Mərkəzində “Handex” şirkəti tərəfindən həyata keçirilən təlimlər yekunlaşıb.
20-dən çox tələbənin qatıldığı təlim zamanı tələbələrlə birgə “MS Office” proqramları üzrə nəzəri və texniki biliklərin artırılması istiqamətində işlər aparılıb. Təlimin sonunda keçirilən imtahanı uğurla başa çatdıran bütün tələbələr sertifikatlarla təltif edilib, ən yüksək nəticəni toplayan ilk 3 yerin qalibinə isə “Handex” şirkəti tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Davamlı İnkişaf Mərkəzində mütəmadi olaraq digər ixtisas sahələrinə yönəlmiş təlimlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzində universitet-sənaye əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində yaradılıb.