Təhsilin İnkişafı Forumu keçiriləcək

Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçiriləcək.

“İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edəcəklər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.

“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.

Təhsilin İnkişafı Forumu “NEQSOL Holding”, bp şirkəti, “SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, “ABB”, “Azersun Holding” və “BestComp Group”-un sponsorluğu ilə həyata keçiriləcəkdir.

Forum haqqında ətraflı məlumatı www.tif.az veb-saytı və fondun sosial media hesablarından əldə etmək mümkündür.

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti təqaüd proqramının təqdimat mərasimi keçirilib

11 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə  “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı -2023”-ün təqdimatı baş tutub.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, artıq üç ildir ki, həyata keçirilən bu əhəmiyyətli layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. O, qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.

Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan ölkə kimi Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur. Maarifçilik və xeyriyyəçilik ənənələrimizdən bəhs edən nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib. Təqaüd proqramlarının əhəmiyyətindən söz açan nazir bildirib ki, bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir. O, üç ili tamam olan bu layihənin qızların təhsilinə, gələcək inkişafına töhfə baxımından vacib və simvolik rol oynadığını qeyd edib.

Çıxış edən Milli Məclisin deputatı, MM-in Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edərək, növbəti illərdə sayların daha da artacağı ümidini ifadə edib. Bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilatların, sahibkarların qoşulması,  dəstək göstərənlərin sayının artması çox  önəmlidir.

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın bir ilinin tamam olduğunu bildirən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, təqaüd alan qızların əksəriyyərinin yüksək bal topladıqlarını bildirib. Fondun bugünədək həyata keçirdiyi layihələrdən, təqaüd proqramlarından söz açan E.Nəsibov, bu sahədə əməkdaşlıqların genişləndirildiyini, yeni qurum və təşkilatların bu fəaliyyətə cəlb olunduğunu vurğulayıb.

Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “BP”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr, təqaüd alacaq 54 tələbəyə isə sertifikatlar təqdim edilib.

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding” Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıblar.

Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib: “Səmərəli tərəfdaşlıq formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində olan əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlığın yaxşı nəticələri olacaq və gələcəkdə yeni layihələr də həyata keçiriləcək”.

Elnur Nəsibov NEQSOL Holding və Təhsilin İnkişaf Fondu (TİF) arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də TİF-in təşkilatçılığı ilə dövlət-universitet-sənaye işbirliyinə dair Təhsilin İnkişafı Forumunun və digər mümkün təşəbbüslərin dəstəklənməsi gözlənilir”.

İmran Əhmədzadə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib: “Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il ərzində aylıq təqaüd almaqla yanaşı, təhsil sahələri üzrə təcrübə keçmək, mentorluq proqramında iştirak və sair imkanlardan faydalana biləcəklər. Layihə onların peşəkar kadr kimi yetişməsinə, gələcəkdə layiqli işlə təmin olunmasına və cəmiyyətə faydalı olmasına töhfə verəcək”.

2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür – https://bit.ly/3LIXf3O.

“NEQSOL Holding” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tələbə qızlar üçün təqaüd proqramı elan edir.

Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlığı çərçivəsində ölkəmizin ali təhsil müəssisələrində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir. Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır.

Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 22.10.2023-cü il.

Kimlər müraciət edə bilər:

  • Azərbaycan Respublikasının vətəndaşı;
  • Yerli ali təhsil müəssisəsində əyani təhsilalma forması üzrə bakalavr təhsili alan tələbələr;
  • Linkdə qeyd olunan ixtisaslar üzrə təhsil alanlar;
  • Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplayanlar;
  • Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olanlar,
  • Aşağıdakı sosial meyarlardan birinə uyğun olan şəxslər:
     – ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;
     – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
     – Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
  • Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
    – İşsiz kimi qeydiyyatda olan şəxslər;
    – İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;
    – İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.

II Kitabqurdu Payız Oxu Marafonuna start verildi

II Kitabqurdu Payız Oxu Marafonuna start verildi. Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı, ASAN Xidmət və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (1 oktyabr 2023 – 1 yanvar 2024). 

2. Marafona 16 yaşdan yuxarı hər kəs qoşula bilər. 

3. Marafon müddətində yalnız seçilmiş 8 kitab oxunacaq.

4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. Teleqram kanalının linki:

https://t.me/kitabqurdumarafonu

5. Oxu müddəti bitəndən sonra qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 8 kitab əsasında hazırlanacaq.

6. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. 

7. Birinci yer 3000 AZN, ikinci yer 2000 AZN, üçüncü yer isə 1000 AZN mükafat əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. 

8. Kitabqurdu I Payız Oxu Marafonu müddətində oxunacaq kitablar:

1. Yunis Orucov, “Boraltan” (MİMTA Yayımları)

2. Elay, “Kolleksioner” (XAN Nəşriyyatı)

3. Rövşən Abdullaoğlu, “Koramal” (“Qədim Qala” Nəşriyyatı)

4. Elçin Əzimli, “Çağrı” (TEAS Press Nəşriyyatı)

5. Pərviz Seyidli, “Məktublar arxasında” (“Parlaq İmzalar” Nəşriyyatı)

6. Kənan Hacı, “Fəna fasiləsi” (“Çapar” Yayımları)

7. XAN, “Sancaqlı kölgələr və Leyla Xuni” (“Strauss” Nəşriyyatı)

8. Arif Əliyev, “Yalama” (“Altun Kitab” Nəşriyyatı)

Kitabları opeativ olaraq onlayn şəkildə bu nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz:

(+994 77) 343 80 22

Marafonun rəsmi instaqram hesabı:

https://instagram.com/kitabqurdu_marafonu?igshid=NzZlODBkYWE4Ng==

4000 kitab “Inci Group of Companies” tərəfindən region məktəblərinə ianə edilib

Sentyabrın 27-də “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov Təhsilin İnkişafı Fondunun qonağı olub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonağı salamlayaraq Fondla səmərəli əməkdaşlıq üçün ona öz təşəkkürünü bildirib. Görüş çərçivəsində şirkət tərəfindən ucqar kənd məktəblərinə kitabların paylanılması, regional təhsil idarələrində müəllimlərlə görüşlərin təşkil edilməsi və digər istiqamətlər üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Yekunda “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov region məktəblərinə 4000 kitabı ianə etdiyinə görə Təhsilin İnkişafı Fondu tərəfindən təşəkkürnamə sertifikatı ilə təltif edilib.

ADNSU-da IELTS imtahanlarını uğurla başa vuran tələbələrə serifikatlar verilib

Sentyabrın 18-də Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən icra edilən layihə çərçivəsində IELTS imtahanlarını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin təltif olunması mərasimi keçirilib.

Mərasimdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və nümayəndə heyəti ilə görüşüb. Görüşdə cari layihələrdə universitetlərin iştirakı, qarşıda duran hədəflər, strateji fəaliyyət istiqamətləri və gələcək planlardan danışılıb.

Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələrin təltif olunması mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun 100-dən artıq tələbəsinin iştirak etdiyi layihədə 53 nəfər tələbənin uğurlu nəticə göstərməsini yüksək qiymətləndirərək tələbələri təbrik edib. Təhsildə tələbat olan sahələr üzrə gənclərin biliklərinin artırılması üçün atılan addımları dəstəklədiyini deyən dosent Vazeh Əskərov IELTS imtahanına təşviqlə bağlı layihənin tələbələr üçün mühüm önəm daşıdığını qeyd edib.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov mövcud layihələr haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, layihədə iştirak edən 7 universitet arasından ən yüksək nəticəni ADNSU tələbəsi qazanıb.

Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələr təltif olunub.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb.

Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması nəzərdə tutulur.

“4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə “4Sİ Akademiyası” layihəsinin məqsədi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan 2030-cu il üçün ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioriteti reallaşdırılmağı hədəfləyir ki, bunlardan da biri rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanı yaratmaqdır. Bu məqsəd insanların yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirməyi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanılmasını hədəfləyir. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir.

Fariz Cəfərov  bildirib ki, layihə çərçivəsində ilk müraciət edən 10 minə yaxın şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi proqramlaşdırma, süni intellekt, böyük verilənlər (big data), rəqəmsal transformasiya, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, kodlaşdırma, data analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunur. 23 avqust – 7 sentyabr tarixlərində “4Sİ Akademiyası”na ilkin qeydiyyat mərhələsində 6654 nəfər qeydiyyatdan keçib.

Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov təmsil etdiyi qurumun “4Sİ Akademiyası” layihəsi çərçivəsində gördüyü işlər barədə məlumat verib. E.Nəsibov qeyd edib ki, Fond layihə barədə məlumatın təhsil müəssisələrində yayılması, elmi-peqadoji heyət üzvləri və tələbələrin bu imkan barədə məlumatlandırılmasını təmin etmişdir. Eyni zamanda, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı ictimai birliyinin dəstəyi ilə layihəyə könüllülər cəlb olunmuşdur. Könüllülərə “Coursera” şirkəti tərəfindən xüsusi təlim keçiriləcək, təcrübə proqramı yekunlaşdıqdan sonra sertifikat təqdim olunacaqdır.

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşa “Coursera” onlayn platformasında 129 milyon istifadəçinin  qeydiyyatdan keçdiyini, ölkəmizdən isə hazırda 125 min istifadəçinin bu platformada qeydiyyatdan keçib təhsil aldığını bildirib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub.

Görüşdə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Bilişim Vadisi”nın Baş icraçı direktorunun müavini Tuba Öztepe, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş iştirak ediblər.

Türkiyənin “Bilişim Vadisi” texnologiyalar, kibertəhlükəsizlik, proqram təminatı, dizayn, oyunlar və ağıllı şəhərlərə yönəlmiş tədqiqatlar aparır. “Bilişim Vadisi” bu sahələrdə çalışan sahibkarlara investisiya, mentorluq, təlim və digər istiqamətlərdə dəstək göstərir.

“Bilişim Vadisi” Bakı Mərkəzi tələbələrin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqlara Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir.

Görüşdə həmçinin Təhsilin İnkisafı Fondunun innovasiya ekosisteminin qurulması, dövlət-özəl tərəfdaşlığı və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində “Bilişim Vadisi” ilə potensial tərəfdaşlıq məsələləri müzakirə olunub.

“Təhsilin İnkişafı Forumu”na hazırlıq görüşü keçirilib

Sentyabrın 7-də Azərbaycan Texniki Universitetində yerləşən universitet-sənaye işbirliyi mərkəzində “Təhsilin İnkişafı Forumu”na hazırlıq məqsədilə görüş keçirilib.

Görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyənin TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş, SABAH.hub-ın Baş icraçı direktoru Rəhim Bayramlı, Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq tədbirin universitet-sənaye işbirliyini dəstəkləyən təhsil və iqtisadiyyatın inteqrasiyası mövzusuna həsr olunmuş “Təhsilin İnkişafı Forumu”nun keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Forumun keçirilməsi ideyasını yüksək qiymətləndirərək AzTu-da universitet-sənaye işbirliyi istiqamətində bir sıra işlərin görüldüyünü bildirib. İclasın keçirildiyi Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində yarandığı vurğulanıb. Rektor universitet-sənayə işbirliyinin formalaşdırılması konsepsiyasının ciddi olduğunu, hal-hazırda AzTU-da həm tədrisə, həm də tədqiqata əhəmiyyət verildiyini, “Bilişim vadisi”, “Aselsan”, “Baykar” və s. şirkətlərlə ilə əməkdaşlıq edildiyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev baş tutacaq Forumun  Azərbaycan təhsili üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Universitet-sənaye işbirliyinin qurulmasında Bakı Dövlət Universitetinin ilkin addımlar atdığını vurğulayan E.Babayev BDU-nun Mükəmməllik Mərkəzinin fəaliyyəti, gələcək hədəfləri, beynəlxalq səviyyədə əməkdaşlıq perspektivləri barədə məlumat verib.

TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən bənzər modelin Türkiyədə qurulduğunu bildirib. Təşkil ediləcək Təhsilin İnkişafı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib, forumun universitet və sənaye arasında səmərəli işbirliyinin qurulmasında mayak rolu oynayacağına inandığını və birgə çalışmaqdan məmnun olduğunu bildirib.

Çıxışlardan sonra “Təhsilin İnkişafı Forumu”nda dövlət və özəl qurumlarının, eləcə də təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.