Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir. Səfərin məqsədi innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və mübadilə proqramının həyata keçirilməsidir.
Səfər çərçivəsində Fondun nümayəndələri Teknopark İstanbul, TÜBİTAK Mərmərə Araşdırmalar Mərkəzi (MAM), Türkiyə Qida İnnovasiya Platforması (TUGİP), TUBİTAK BİLGEM, İNNOFOOD, YTÜ Yıldız Teknopark və digər qurumların rəhbərləri ilə görüşlər keçiriblər.
Görüşlər zamanı texnoparkların hədəfləri, fəaliyyət istiqamətləri, həyata keçirdikləri yerli və beynəlxalq layihələr, beynəlxalq əməkdaşlıqları haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda texnoparklara aid tədqiqat və inkişaf mərkəzləri, startup inkubatorları, emalatxanalar və laboratoriyalarla tanışlıq baş tutub.
Gələcəkdə Təhsilin İnkişafı Fondunun Teknopark İstanbul, TÜBİTAK MAM və YTÜ Yıldız Teknopark arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun rəhbərlik etdiyi nümayəndə heyəti innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində Fondun nümayəndə heyəti qabaqcıl universitetlərin, texnoparkların, araşdırma və inkişaf mərkəzlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Gebze Teknik Universitetinin rektoru doktor, professor Hacı Ali Mantarla görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Təhsilin İnkişafı Fondu vasitəsilə Azərbaycan universitetləri ilə birgə sənaye, İT, elektrotexnika, mühəndislik, biotexnologiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.
Görüş çərçivəsində nümayəndə heyəti Gebze Teknik Universitesinin texnoparkı ilə tanış olaraq burada yerləşən şirkətlərin məhsulları haqqında ətraflı məlumat əldə edib.
Bilişim Vadisində baş tutan görüş zamanı qurumun Beynəlxalq əlaqələr departamentinin direktoru Sezen Güngör tərəfindən Bilişim Vadisinin tarixi, burada fəaliyyət göstərən şirkətlər, onlara verilən imtiyazlar, startapçı və mütəxəssislərin yetiştirilməsi, yerli və beynəlxalq layihələr haqqında məlumatı əks olunan təqdimat nümayiş etdirilib.
Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyə Respublikasına olan səfəri davam edir.
17 noyabr tarixində Təhsilin İnkişafı Forumunda iştirak edən könüllülər Fondun qonaqları olublar.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, “Bir Könüllü” Təşkilatının sədri Leyla Zeynalova, Fondun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin məsul əməkdaşı Fəridə Hüseynzadə və könüllülər iştirak ediblər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək, “Bir Könüllü” Təşkilatının könüllülərinə Təhsilin İnkişafı Forumu zamanı göstərdikləri dəstəyə görə təşəkkür edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Müzakirələrlə davam edən görüşün sonunda könüllülər 1 noyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Təhsilin İnkişafı Forumunda aktiv könüllü fəaliyyətinə görə təltif ediliblər.
16 noyabr tarixində Sumqayıt şəhər 9 Nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllimləri ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Abşeron-Xızı Şəhər Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib. İ.Abdullayeva bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu, eləcə də növbəti həftələr ərzində daha 4 Regional Təhsil İdarəsində görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Kapital Bankın maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti (JA Azerbaijan) İctimai Birliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş və “Maliyyə savadlılığı” ayı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə V – XI sinif şagirdləri üçün “İşğaldan azad, maliyyədə savad!” adlı yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş rayonların ümumi təhsil müəssisələrində maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə şagirdlərin biliklərinin artırılması və həmin regionlara yerli əhali tərəfindən iqtisadi töhfənin verilməsinin təşviq edilməsidir.
Layihə çərçivəsində şagirdlər büdcənin düzgün idarə edilməsi, xərclərin planlaşdırılması, düzgün maliyyə qərarlarının qəbul edilməsi, yığım, büdcə, qənaət, kreditin düzgün istifadə edilməsi, sahibkarlığın əsasları və biznes ideyaların yaradılması kimi nəzəri məlumatları əldə edərək, həmin bilik və bacarıqları praktiki hissədə tətbiq edəcəklər. Nəticədə məktəblilər şəxsi maliyyə resurslarını idarə edə, eyni zamanda, bir sahibkar kimi düşünə biləcəklər.
Layihə Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində təhsil alan 120 şagirdi əhatə edəcəkdir.
Qeyd edək ki, maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə təlimlər Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının peşəkar təlimçiləri tərəfindən 16-17 noyabr tarixlərində Füzuli rayonunda, 18-19 noyabr tarixlərində isə Zəngilan rayonunda həyata keçiriləcək.
Təhsilin İnkişafı Forumunun növbəti günü, 2 noyabr 2023-cü ildə Forumun nəticələrinə həsr olunmuş dəyirmi masa keçirildi. İclas Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində baş tutdu.
Tədbirdə dövlət, universitet və sənaye qurumları, o cümlədən Elm və Təhsil nazirliyi, Təhsilin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, SOCAR, BP, NEQSOL Holding, STP, Prosol şirkətlərinin nümayəndələri iştirak etmişdir.
Forum zamanı dövlət və özəl sektor nümayəndələrinin vurğuladığı kimi innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığının inkişafı istiqamətində dialoq və kommunikasiyanı təmin etmək üçün, bu sahələrdə davamlı və dayanıqlı fəaliyyətləri koordinasiya etmək məqsədilə Dialoq və Əməkdaşlıq Platformasının yaradılması təklifi irəli sürüldü və bütün iştirakçılar tərəfindən dəstəkləndi.
Dəyirmi masa iclası və müzakirələri nəticəsində Forumla bağlı icmal sənədin hazırlanması, Forumda müzakirə olunan məsələlərin davamlılığı və dayanıqlılığı, qəbul olunmuş qərarların reallaşdırılması, universitet və sənayenin maraqları və mənafelərinin nəzərə alınması, mütəxəssislərin yetişdirilməsi, tədqiqat və araşdırma, inkişaf məsələləri, platformanın strategi fəaliyət planı və ya yol xəritəsi, tədqiqat qruplarının hazırlanması, universitetlərdə rəqəmsallaşma səviyyəsi, Qlobal İnnovasiya Hesabatı və meyarlar barədə ictimaiyyətin məlumatlandırılması məsələləri təklif edildi.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil müəssisələrinin kadr yetişdirərkən və xidmətlər verərkən yerli bazarın tələblərinə cavab verməli olduqlarını qeyd etdi. Universitetlərin həmçinin qlobal bazar üçün kadr hazırlığını diqqətdə saxlamalı olduğunu səsləndirdi.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal savadlılığın artırılması, rəqəmsal alətlərdən geniş istifadənin vacibliyini vurğuladı. Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov universitet-sənaye tərəfdaşlığının 2 istiqaməti olaraq neft-qaz ölkələrinin innovasiyaya keçid təcrübəsinin araşdırılması və müvafiq fəaliyyət planının hazırlanmasını bildirdi.
Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva bu əməkdaşlıqlarda universitet-sənaye əməkdaşlığından daha çox sırf təhsil-sənaye əməkdaşlığının nəzərə alınmasının önəmini vurğulayaraq hər zaman bu təşəbbüsə açıq olduqlarını bildirdi.
Daha sonra çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov universitet-sənaye işbirliyi sahəsində icra planının hazırlanması üçün ilk növbədə cari vəziyyətin təhlil edilməsinin önəmli olduğunu, eləcə də təhlil zamanı innovasiya indikatorlarının hesabtlarından mənbə kimi istifadə edilə biləcəyini deyib.
TED Universitetinin rektoru İhsan Sabuncuoğlu tələbəyə, müəllimlərə, yenilikçi fikri olan işçilərə, mühəndislərə, ali təhsil müəssisələrinə və şirkətlərə yönəlik istiqamətlərdə təşviq mexanizmlərinin yaradılmasının zəzuriyyətini vurğuladı. Cari vəziyyət təhlil edildikdən sonra istiqamətlər prioritetləşdirilə bilər.
Yekunda, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dəyirmi masa iclasının iştirakçılarına Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının yaradılması prosesində iştiraka görə təşəkkürünü bildirdi. Platformanın məqsədləri, fəaliyyəti və hədəflərinə dair fəaliyyət proqramının hazırlanacağı və qısa müddətdə universitetlər və sənaye qurumları ilə tərəfdaşlıq nəticəsində həyata keçiriləcəyini bildirdi.
Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra foruma dair videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil. Təhsil sisteminin nailiyyətləri isə uzunmüddətli vaxtda innovasiyanın inkişafına təkan verir.
Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “İnnovasiya ekosisteminin yaradılması” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.
Forumun ikinci paneli “Universitet – sənaye tərəfdaşlığı” mövzusuna həsr olunub.
Paneldən öncə “Bilişim Vadisi” Texnoparkının baş icraçı direktorunun müavini Tuba Öztepe məruzə ilə çıxış edib.
Daha sonra “SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının moderatorluğu ilə keçirilən paneldə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov, Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva spiker qismində çıxış ediblər.
Panel çərçivəsində təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, təhsil ilə iqtisadiyyatın inteqrasiyası, tədqiqat və inkişaf ekosistemi mövzuları ətrafında müzakirələr aparılıb.
Forumun üçüncü paneli “Gələcək üçün təhsil” mövzusuna həsr olunub.
Paneldən əvvəl ABŞ-nin “Coursera” şirkətinin baş müşaviri Çad Paşa məruzə ilə çıxış edib.
Daha sonra ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “AzerTelecom” MMC Direktorlar Şurasının sədri Fuad Allahverdiyev, “212” şirkətinin baş direktoru Numan Numan, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş spiker qismində çıxış ediblər.
Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, bp şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilib.
Oktyabrın 20-də Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyi, həmçinin Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev proqramın mahiyyəti barədə məlumat verib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova və nazirliyin Korporativ idarəetmə sektorunun müdiri Şəhriyar Laçınov proqram barədə fikirlərini bölüşüblər.
Daha sonra nazirliyin əməkdaşı Sara Mirzəyeva tərəfindən “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədləri, hədəf qrupu, gözlənilən nəticələri və fəaliyyətinin təşkili barədə təqdimat nümayiş etdirilib.
Təqdimat mərasimində həmçinin proqram barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, iştirakçıların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən https://t.ly/25uSR keçidi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Seçim prosesində uğur qazanan namizədlər proqram çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparatı, qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.
“Caspian Energy Club” və Latviya Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə oktyabrın 18-də Bakıda “LEF Network Azerbaijan” (Latviya, Estoniya, Finlandiya) layihəsi çərçivəsində “B2B Education Forum” keçirilib.
Tədbirdə dövlət müəssisələrinin, diplomatik nümayəndəliklərin, ali təhsil müəssisələrinin nümayəndələri və Azərbaycanla yanaşı, Latviya, Estoniya, Finlandiyanı təmsil edən kommersiya şirkətlərinin rəhbərləri iştirak edib.
Forumda iştirak edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurum barədə ətraflı təqdimatla çıxış edib.
E.Nəsibov Balktikyanı ölkələr, o cümlədən Latviya, Litva, Estoniya və Finlandiya ali təhsil müəssisələri, təhsil sənayesinin nümayəndələri ilə işgüzar müzakirələr apararaq, Fond olaraq potensial tərəfdaşlıq imkanlarını dəyərləndirib.
“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
“Maarifçi” proqramında iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyən, ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. “Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçiriləcək. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.
Seçim prosesi ərizə forması, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir. Mərhələlərdən uğurla keçən namizədin ərizə formasında qeyd etdiyi müvafiq struktur bölməyə yerləşdirilməsi nəzərdən keçiriləcək.
Qeyd edək ki, seçim prosesində uğur qazanan IV kurs tələbələri istehsalat təcrübəsini “Maarifçi” proqramında keçdikdən sonra müvafiq sənədlərlə təmin olunacaqlar. III-IV kurs tələbələri tədris müddətində yarım iş günü, məzunlar isə tam iş günü təcrübə prosesinə qoşulacaqlar.