Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının görüşü keçirilib

9 dekabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib.

Tədbirdə Təhsilin İnkişafı Fondu, Mədəniyyət nazirliyi, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Texniki Universiteti, “PSG-Kapital İnvestisiya Şirkəti”, “Bilişim Vadisi Bakı” və “Baku Design Academy” nin nümayəndələri iştirak ediblər.

“Universitet, sənaye və dövlət əməkdaşlığı modeli: “Bilişim Vadisi” texnoparkı nümunəsi” mövzusu ilə çıxış edən “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkların, eləcə də Bilişim Vadisinin işləmə prinsipləri, qeyri-hökumət təşkilatları və dövlət müəssisələrinin texnoparklar ilə əməkdaşlıq nümunələrindən bəhs edib.

Daha sonra “Baku Design Academy”nin təsisçisi və direktoru Aysel Gülməmmədova akademiyanın fəaliyyəti, nailiyyətləri və hədəfləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. A.Gülməmmədova “Müasir dövrün kadr tələbləri” mövzusunda ətraflı təqdimat ilə çıxış edib.

Mədəniyyət nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Məmmədov hal-hazırda nazirliyin daha müasir yanaşma və innovativ idarəetmə mövqeyində olduğunu bildirərək bu istiqamətdə müvafiq layihə və təşəbbüslərin dəstəkləndiyini qeyd edib.

Dəyirmi masa və müzakirələr zamanı həm universitet, həm də özəl sektor nümayəndələri yaradılan Platformadan gözləntiləri haqqında fikir bildiriblər.

Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və hər üç universitetin struktur bölmə rəhbərləri iştirak edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edib. Sədr Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verib, perspektivdə yeni layihələrin olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

“Gənc İnnovatorlar” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənc İnnovatorlar” startap müsabiqəsi keçirilib.

Yarış ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondu, “Huawei” şirkəti, “Bir” Tələbə Könüllü Təşkilatının dəstəyi ilə reallaşıb.

ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “BİR” Könüllü Tələbə Təşkilatının Region üzrə sədri Əsli Məhərrəmova stendləri gəzib, startap layihələri ilə ətraflı tanış olublar.

Müsabiqədə 56 tələbədən ibarət komandalar tərəfindən qida, yüngül sənaye, İKT, nəqliyyat sahəsini əhatə edən bir-birindən maraqlı 28 startap təqdim edilib.

“Laser Eye” komandası Mina axtaran dron startapı ilə müsabiqənin qalibi olub. İkinci yeri “Alpha Soldier” startap oyunu ilə “Yarostı Geym” komandası tutub. Üçüncü yerə isə “Yeah Crypto” startap ilə eyni adlı komanda layiq görülüb.

Qalib komandalar pul mükafatı, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, startap yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir.

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Gəncə şəhərində keçirilib

Dövlət- özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti benefisiarı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi oldu.  Regionun aparıcı təhsil müəssisələrindən biri olan Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbində baş tutan görüşdə region məktəblərinə 800 kitab hədiyyə edildi.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, müəllim, şagird və valideynlər iştirak etdilər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun hədəfləri, əsas fəaliyyət istiqamətləri, icra olunan layihələr haqqında məlumatlandırdı. O, ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışdı.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev mütaliənin uşaqların dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini vurğuladı və bu işdə dəstək olan Təhsilin İnkişafı Fondu və “Inci Group of Companies” heyətinə minnətdarlığını bildirdi.

Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparıldı, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib

6 dekabr tarixində Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin şagird və müəllimləri ilə görüş baş tutub.

Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Mərkəzi Aran Rayon Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qonaqları salamlayaraq Fond və “İnci” şirkətinə həyata keçirilən layihəyə görə təşəkkürünü bildirib. E.Kərimov kitabların növbəli şəkildə digər məktəblərə veriləcəyini bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarına Fondun tarixi, fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr, qurduqları əməkdaşlıqlar haqqında məlumat verib. Sədr layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin tam dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu, eləcə də növbəti həftələr ərzində daha 2 Regional Təhsil İdarəsində görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

“Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov “İnci” şirkətinin gələcəkdə məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.

Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.  

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitab ianə edildi

1 dekabr tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə şagird və müəllimlər ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, “Inci Group of Companies” şirkətinin nümayəndəsi Vüsal Əliyev, Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov,  TİF Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin məsul əməkdaşı, layihənin koordinatoru Fəridə Hüseynzadə, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

“Inci Group of Companies” şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayı 4000 ədəddir.

Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib

2 dekabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib.

Tədbirdə Təhsilin İnkişafı Fondu, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt  Texnologiyalar Parkı, “Code Academy”, “Baku Design Academy” və bir sıra digər dövlət və özəl qurumların nümayəndələri iştirak etmişdir.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bilik və texnologiyanın bir arada biznesə çevrilməsi, inkişaf zənciri haqqında təqdimatla çıxış edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində baş tutan görüşlər və gələcək əməkdaşlıq potensialı haqqında məlumat verib.

Dəyirmi masa və müzakirələr zamanı həm universitet, həm də özəl sektor nümayəndələri yaradılan Platformadan gözləntiləri haqqında fikir bildiriblər.

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirak üçün qeydiyyat başladı

“Bir Könüllü” Tələbə Təşkilatının “Elm və İnnovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə keçirilən Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirak üçün qeydiyyat başladı!

Forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında (fizika, kimya, biologiya, fizika mühəndisliyi, kimya mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, tibb elmləri, ətraf mühit və.s) bakalavriat səviyyəsi üzrə təhsil alan II-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

Forumda elmi işləri ilə poster təqdimat şəklində çıxış etmək istəyən tələbələr öz elmi işlərini elmveinnovasiya@konullu.edu.az elektron poçt ünvanına “ATEİF-poster təqdimat” başlığı ilə göndərə bilər.

Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/5MHkHsEKeQQRmK1K7

Son müraciət tarixi: 10.12.2023

Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən “InMerge Innovation Summit”i çərçivəsində Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.

İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.

Memorandumun məqsədi ölkədə sahibkarlıq mühitini formalaşdırmaq, maliyyələşməni tam funksional vəziyyətə gətirməkdir.

Sənədə əsasən tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa Giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.

“Gənc innovatorlar” startap müsabiqəsi keçiriləcək

Azərbaycan Texnologiya Universitetində 7 dekabr 2023-cü il tarixində (ATU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənc innovatorlar” startap müsabiqəsi keçiriləcək.

Müsabiqə ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, “Huawei” şirkətinin tərəfdaşlığı və “Bir” Könüllü Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir. Müsabiqə ATU tələbələri arasında keçirilir.

Azərbaycan Texnologiya Universitetinin tələbələrini müsabiqədə aktiv iştirak etməyə dəvət edirik.