Yüksək Texnologiyalar Parkı , Təhsilin İnkişafı Fondu və SABAH.Hub tərəfindən dəstəklənən “Texnologiya transferi” layihəsinə müraciət açıq elan edilir.
Layihə ali təhsil və elmi-tədqiqat müəssisələrində olan ixtiraçıların, tədqiqatçıların və innovatorların ideyaları, konsepsiyaları və hüquqi cəhətdən qorunan texnologiyalarının funksional həllərə və yüksək kommersiyalaşdırma potensialına malik məhsullara çevrilməsini dəstəkləməyi hədəfləyir.
Layihə çərçivəsində aşağıdakı formada müxtəlif dəstək növlərinin göstərilməsi nəzərdə tutulub:
Patentləşmə, müəllif hüquqları və əqli mülkiyyətin qorunması;
Potensial bazarların təhlili və biznes modellərinin hazırlanması;
Texnologiyanın təkmilləşdirilməsi və tətbiqə hazır vəziyyətə gətirilməsi;
Real sektora inteqrasiya üçün əməkdaşlıq imkanlarının qurulması;
Müqavilələr, hüquqi tənzimləmələr və sahibkarlıq hüquqları ilə bağlı dəstək;
Texnologiya transferi sahəsində inkişafınız üçün təlimlər;
Layihələrin tanıdılması və bazarda mövqeyinin möhkəmləndirilməsi;
Layihələrin inkişafı üçün maliyyə resurslarının cəlb edilməsi.
11 dekabr 2024-cü il tarixində Təhsilin İnkişafı Fondu (TİF) və Yüksək Texnologiyalar Parkı (YTP) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, YTP-nin baş direktoru Nihat Məcidov, eləcə də hər iki qurumun nümayəndə heyəti iştirak edib.
Bu Memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.
Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə 1000 kitabın təhvil verilməsi olub.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, şirkətin satış müdiri Azər Eminov və şagirdlər iştirak ediblər.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib. Mütaliə prosesinin insanın həyatında, dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini və məktəblilərin gələcək karyeralarında rolunu diqqətə çatdırıb.
Daha sonra “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb eyni zamanda, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Təhsilin İnkişafı Fondunun və Kapital Bankın nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müəllim və tələbələri ilə görüş keçirib.
Görüşün keçirilməsində məqsəd birgə əməkdaşlığı genişləndirmək və Aqrar Universitetinin “TələbəPlus” layihəsinə qoşulması olub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ilk öncə ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Rektor vahid tələbə kartlarının istifadəyə verilməsinin tələbələrin imkanlarını daha da genişləndirəcəyini bildirib.
TIF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 250-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Yekunda ADAU-nun rektoru Zəfər Qurbanov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.
Rəsmi hissənin ardınca tələbələrlə görüş keçirilib. “TələbəPlus” layihəsi və onun üstünlükləri barədə tələbələrə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təhsilin İnkişafı Fondunun (TİF) rəhbərliyi və Kapital Bankın nümayəndələri Gəncə Dövlət Universitetində olublar. Universitetin rektoru Yusif Yusibov dövlətin təhsilin inkişafına verdiyi xüsusi önəmdən və gənclərə yaradılan imkanlardan danışıb. Vurğulanıb ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Rektor ali təhsil ocağının fəaliyyət istiqamətləri, yeniliklər və prioritetlər barədə məlumat verib.
Görüşdə Gəncə Dövlət Universiteti ilə Təhsilin İnkişafı Fondu arasında gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələsi müzakirə olunub, yaxın zamanlarda əməkdaşlıq çərçivəsində GDU-da elektron kitabxana və Davamlı İnkişaf Nərkəzinin yaradılacağı bildirilib.
Daha sonra Təhsilin İnkişafı Fondunun rəhbərliyi və Kapital Bankın nümayəndələri müəllim və tələbələrlə görüş keçirib.
Rektor Yusif Yusibov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlığın Gəncə Dövlət Universiteti üçün faydalı olacağına əminliyini ifadə edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Fondun əsas missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır.
Görüşdə “TələbəPlus” layihələrinin önəmindən də bəhs olunub. Bildirilib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.
Yekunda Gəncə Dövlət Univeristetinin rektoru Yusif Yusibov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə baş tutan görüşdə ATU və TİF-in rəhbərliyi, Kapital Bankın nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühüm yeniliklərdən olduğunu bildirib və bu yeniliyin tələbələrin akademik və sosial imkanlarını genişləndirəcəyinə əminlik ifadə edib.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov Yaşar Ömərovu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi münasibətilə təbrik edib, daha sonra layihənin əhəmiyyətindən danışaraq bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Görüşdə qeyd olunub ki, TİF-in alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Müzakirələrdən sonra ATUnun rektoru Yaşar Ömərovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.
Qeyd edək ki, TİF-in Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq yeni tədris ilindən 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.
5 dekabr 2024-cü il tarixində Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri və müəllimləri ilə görüş baş tutub.
Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.
Tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov, eləcə də müxtəlif məktəblərin direktor, müəllim və şagirdləri iştirak ediblər.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov tədbirin təşkilatçılarına təşəkkür edib. O, layihənin region məktəblərində mütaliə mədəniyyətinin yüksəldilməsinə və tədris keyfiyyətinin artırılmasına göstərdiyi töhfədən danışıb. Anar Nəcəfov bü cür təşəbbüslərin gələcək nəsillərin maariflənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında Fondun fəaliyyət istiqamətləri və məqsədlərindən bəhs edib. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr, “Məktəblərə kitab ianəsi” layihəsinin şagirdlərin dünyagörüşünü artırmaq və mütaliə vərdişlərini inkişaf etdirmək üçün əhəmiyyətli olduğunu qeyd edib. Çıxışının sonunda Elnur Nəsibov tədbirdə iştirak edən şagird və müəllimlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir parçası olmaqdan qürur duyduğunu ifadə edib. O, bu təşəbbüsün yalnız kitabların ianəsi ilə məhdudlaşmadığını, həm də şagirdlərin intellektual inkişafına dəstək verdiyini bildirib. Tədbir zamanı şagirdlər arasında viktorina təşkil olunub. Doğru cavab verən şagirdlərə əlavə kitablar və həvəsləndirici hədiyyələr təqdim edilib.
Fərman Salmanov adına tam orta məktəbin direktoru Alidə Hüseynova çıxışında təmsil etdiyi məktəbin uğurlarından danışıb. O qeyd edib ki, məktəbin şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərir, hər il qəbul faizi artmaqdadır. Bununla yanaşı, məktəbin şagirdləri respublika fənn olimpiadalarında fəal iştirak edir, yüksək yerlər qazanır və məktəbi layiqincə təmsil edirlər. Direktor bu layihənin şagirdlərin mütaliə mədəniyyətinə və intellektual inkişafına daha böyük töhfə verəcəyinə inandığını bildirib.
Tədbir şagirdlər və müəllimlər arasında böyük maraqla qarşılanıb və məktəblərin maarifləndirilməsi yolunda növbəti bir addım kimi qiymətləndirilib.
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib.
Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. Ü.Zeynalov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlığın Mingəçevir Dövlət Universiteti üçün faydalı olacağını bildirib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.
Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elnur Nəsibov “IELTS imtahanına təşviq” layihəsinin ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib. Son illərdə Mingəçevir Dövlət Universitetində aparılan dəyişikliklərin, yeniliklərin təhsil ictimaiyyətini sevindirdiyini bildirən sədr universitetin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra Elnur Nəsibov “TələbəPlus” layihəsi barədə təqdimatla ətraflı çıxış edib, tələbələri Mingəçevir Dövlət Universitetinin hər iki layihəyə qoşulması münasibətilə təbrik edib, onların suallarını cavablandırıb.
Tədbirdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Kamran Rəsulov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. K. Rəsulov hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edərək sözügedən layihənin ən başlıca məqsədinin məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi, beynəlxalq jurnallarda elmi məqalələrin nəşri üçün əlverişli şəraitin yaradılması olduğunu bildirib.
Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.
Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində müəllim və tələbələri ilə görüş keçirib.
Görüşün məqsədi Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində universitetin elmi-pedaqoji heyətinin, tələbələrinin məlumatlandırılması olub.
Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. N.İbrahimov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlığın Lənkəran Dövlət Universiteti üçün faydalı olacağını bildirib.
Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.
Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında son illərdə Lənkəran Dövlət Universitetində aparılan dəyişikliklər, yeniliklər təhsil ictimaiyyətini sevindirdiyini və buna görədə rektor Natiq İbrahimova eləcə də, LDU kollektivinə öz təşəkkürünü bildirib. “TələbəPlus” layihəsi barədə təqdimatla çıxış edən E.Nəsibov tələbələrin sözügedən layihə və digər layihələr barəsində suallarını cavablandırıb.
Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.
Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul açıq elan edilir. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursundabakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.
Seçim şərtləri
Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır.
Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır.
Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır: – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü; – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər. – hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs: – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;işsiz kimi qeydiyyatda olanlar;iş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar; – iş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.
Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.
Müraciət forması
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 15 dekabr 2024-cü il.
Qeyd: Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.