TİF ilə BMU arasında əməkdaşlıq imkanları müzakirə olunub

Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub.

Universitetin innovasiya mühiti ilə tanışlıq, eləcə də bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə ali təhsil müəssisəsində innovasiya ekosisteminin inkişafının başlıca prioritetlər sırasında yer aldığı vurğulanıb, həmçinin tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə kadr hazırlığı, ingilis dilinin üstünlük təşkil etdiyi tədris sistemi və s. məsələlərlə bağlı dolğun məlumat verib. Eyni zamanda, universitetin yaxın dövr üçün strateji inkişaf məqsədlərini vurğulayan rektor bu çərçivədə BMU ilə TİF arasında mümkün əməkdaşlıq sahələrinə toxunub.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun ali təhsil müəssisələri ilə bağlı əsas strateji fəaliyyət istiqamətləri və hər istiqamət üzrə nəzərdə tutulan prioritetləri qeyd edib. Ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıqdan gözlənilən mümkün nəticələr haqda danışan Elnur Nəsibov tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, eləcə də digər istiqamətlərdə TİF-in həyata keçirdiyi müxtəlif layihələri, təqaüd proqramlarını diqqətə çatdırıb.

Sonra nümayəndə heyəti ali təhsil müəssisəsinin infrastrukturu, yataqxanaları, o cümlədən elmi-tədqiqat fəaliyyətinə imkan verən Texnoparkı, müasir bazaya malik laboratoriyaları ilə yaxından tanış olublar. Tanışlıq zamanı universitet-sənaye iş birliyinin inkişafı, elm və innovasiyalar istiqamətində faəliyyətin daha da gücləndirilməsi kimi məsələlərdən bəhs edilib, geniş potensiala malik BMU ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Davamlı İnkişaf Mərkəzində  “Handex” şirkəti tərəfindən həyata keçirilən təlimlər yekunlaşıb.

Davamlı İnkişaf Mərkəzində  “Handex” şirkəti tərəfindən həyata keçirilən təlimlər yekunlaşıb.

20-dən çox tələbənin qatıldığı təlim zamanı tələbələrlə birgə “MS Office” proqramları üzrə nəzəri və texniki biliklərin artırılması istiqamətində işlər aparılıb. Təlimin sonunda keçirilən imtahanı uğurla başa çatdıran bütün tələbələr sertifikatlarla təltif edilib, ən yüksək nəticəni toplayan ilk 3 yerin qalibinə isə “Handex” şirkəti tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Davamlı İnkişaf Mərkəzində mütəmadi olaraq digər ixtisas sahələrinə yönəlmiş təlimlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzində  universitet-sənaye əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə  Azərbaycan Texniki Universitetində yaradılıb.

Təhsilin İnkişafı Fondu və “VISA” arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında əməkdaşlıq razılaşması imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “VISA”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş imzalayıblar.

Əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən edilən nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsidir.  

İmzalama mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Quba rayonunda keçirilib

12 mart tarixində Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş baş tutub.

Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov iştirak ediblər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına şagirdlərə hədiyyə olunan kitablar üçün təşəkkürünü bildirib. Coşqun Əliyev bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamatləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə müddətində ümumi ianə edilən kitabların sayının 4800 ədəd olduğunu bildirib.

“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və şirkətin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.

Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TKTA nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirdiyi bildirib. Bu missiyanın həyata keçirilməsi üçün Agentliyin müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin genişləndirməkdə davam etdiyini vurğulayan sədr, Təhsilin İnkişafı Fondu ilə birgə bu istiqamətdə görülə biləcək işlərdən bəhs edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 2023-cü il ərzində gördüyü işlər, eləcə də 2024-cü il üçün təqsdiq edilən fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq, hər iki qurumun fəaliyyətinin kəsişdiyi layihələr üzrə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 7 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsinin icra vəziyyəti və carı il üçün hədəfləri müzakirə olunub.

8 Mart-Beynalxalq Qadınlar Günü münasibəti ilə “FutureFem: Qadın Sahibkarlığının İnkişafı” Konfransı həyata keçirilib

“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Təhsilin İnkişaf Fondunun dəstəyi ilə 7 mart tarixində 50 tələbənin iştirakı ilə ADA Universitetində “FutureFem: Qadın Sahibkarlığının İnkişafı” Konfransı keçirilib.

Konfrans qadın sahibkarların fəaliyyətlərinin kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq üçün edilə biləcək mümkün addımları, dövlətin və cəmiyyətin bu xüsusda üzərinə düşən öhdəlikləri müzakirə etmək, həmçinin, tələbələrə qadın liderlərdən ilhamlanmaq imkanı yaratmaq məqsədi ilə təşkil olunub.

Açılış nitqi ilə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova qadın sahibkarların iqtisadiyyata daha geniş nüfuz etməsinin əhəmiyyətindən bəhs edərək, bu cür tədbirlərin tələbələrin fərdi inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Konfransda spiker qismində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova “Təhsildən gözləntilər: XXI əsrin tələblərinə uyğun insan kapitalının formalaşması”mövzusunda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva isə “Azərbaycanda qadın sahibkarlar üçün çətinliklər və imkanlar” mövzusunda çıxış ediblər.

Konfransın ikinci hissəsində Azərbaycan Qadınları Elmdə Təşkilatının CEO və təsisçisi Günel Ağabəyli “Techpreneurship: Sahibkarlıq sistemində innovasiya layihələri və innovasiya istiqamətli təşəbbüslərin stimullaşdırılmasında elmin rolu” mövzusunda, Kapital Bankın İşçi bağlılığı və motivasiya şöbəsinin müdiri Gülnarə Əkbərova isə “Korporativ mühitdə gender bərabərliyinin təmini” mövzusunda ətraflı danışıblar.

Qadınların iş dünyasında sahibkar kimi fəal iştirak etmələrinin ölkə iqtisadiyyatında inkişaf və çeşidliliyin təmin olunmasında əhəmiyyətli bir rola malik olduğunu xüsusi qeyd edən spikerlər sessiyalar ərzində tələbələrin suallarını da ətraflı şəkildə cavablandırıb və bu istiqamətdə idealara sahib olan tələbələrə öz tövsiyələrini veriblər.

Qeyd edək ki, hibrid şəkildə təşkil olunmuş konfransda ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər.

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu “Zərif mühəndislər” xanımların inkişafı layihəsinə start verir

Martın 4-də STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Nigar Arpadai, STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iştirak ediblər.

Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər.

Açılış nitqi ilə çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov gənc kadrların yetişdirilməsinin vacibliyindən danışıb. H.Valehov ötən il ərzində “Sabahın Gücü” İnkişaf Proqramının 50 gənc mütəxəssis yetişdirdiyini, hazırda onların böyük əksəriyyətinin bu gün peşəkar mütəxəssis kimi STP Şirkətlər Qrupu və digər müxtəlif müəssislərdə çalışdığını bildirib. Uğurlu nəticələr əldə edilən bu təşəbbüsün davamı olaraq “Zərif mühəndislər” layihəsinə start verilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu kimi layihələrin gender bərabərliyi baxımından vacib olduğunu vurğulayıb.

Gender bərabərliyinin cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri olduğunu vurğulayan Komitə sədri sənaye sahəsində fəaliyyət göstərən mühəndislərə baxdıqda bu sahəyə xanımların marağının az olmasının hiss olunduğunu və bu məsələdə uzun illər ərzində formalaşmış stereotiplərin də öz rolunu bu məsələdə oynadığını bildirib. B.Muradova, bu təşəbbüsün məhz formalaşmış stereotipləri qırmaq, xanımlarımıza öz fərdi və peşəkar inkişaflarında kəşf edə biləcəkləri yeni sahələri göstərmək üçün uğurlu bir layihə olacağına əmin olduğunu vurğulayıb.  

Daha sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai sənaye sahəsində kadr yetişdirilməsi  üçün vacib olan bu təşəbbüsdən dolayı təşkilatçıları təbrik edib. N.Arpadarai gender bərabərliyi ilə yanaşı bu kimi layihələrin gənc kadrların yetişdirlməsi, sözügedən sahədə mütəxəssislərin formalaşdırlması baxımından cəmiyyət üçün çox faydalı olduğunu bildirib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu günədək Fond tərəfindən, tərəfdaş qurumların dəstəyilə təqaüd proqramlarında iştirak edən xanımların sayının 180 nəfərə qədər yüksəldiyini bildirib. Qeyd olunub ki, “Zərif mühəndislər” layihəsinin digər vacib xüsusiyyəti təqaüdlə yanaşı qızlara mentorluq, təcrübə və təlimlərin təşkil olunmasından ibarətdir. Ali təhsilin əsas məqsədlərindən biri kimi əmək bazarı tələblərinə uyğun kadr hazırlığı olduğunu vurğulayan sədr, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan layihənin də sırf bu məqsədə xidmət etdiyini bildirib.

NEQSOL Holding və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirilir

Təhsilin İnkişafı Fondunun NEQSOL Holding ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir.

“Parla” təqaüd proqramının 50 uğurlu iştirakçısı tərəflərin müəyyən etdiyi meyarlar əsasında müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr təhsili başa vurana qədər aylıq təqaüd ödənişləri alacaq. Bundan əlavə NEQSOL Holding tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.

Tədbirdə çıxış edən “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə qeyd edib ki, təhsilə dəstək həm də holdinqin korporativ sosial məsuliyyət strategiyasının mühüm bir hissəsidir, inklüzivlik isə holdinqin əsas dəyərlərindən biridir. Proqramın “Parla” adlanmasına diqqəti çəkərək İmran Əhmədzadə deyib: “Sizdən gözlədiyimiz yalnız bir şey var: parla! Potensialınızı göstərin. Güclü, yaxşı təhsilli və yeni çağırışlara hazır olun. O qədər parlaq olun ki, digər qızların da yolunu işıqlandırın. Sadəcə parla! Bu yolda Sizə dəstək olmaq üçün yanınızda olacağıq.”

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov proqramı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırdı. Qızların şəxsi və peşəkar inkişafı üçün xüsusi proqram hazırlandığını qeyd edən EInur Nəsibov dedi: “Parla” proqramının köməyi ilə tələbə qızlarımız universitetdə daha yaxşı oxumaqla yanaşı əmək bazarında iştirak üçün daha hazırlıqlı olacaqlar.”

Proqram iştirakçılarının və digər qonaqların qatıldığı tədbirdə təhsil və işəgötürmə üzrə ekspertlər, eləcə də digər ölkələrdə oxşar proqramlar həyata keçirən fondların nümayəndələri çıxış etdilər.

Davamlı İnkişaf Mərkəzində təlimlərə start verilib

Azərbaycan Texniki Universitetində Davamlı İnkişaf Mərkəzinin yaradılmasında əsas məqsəd təhsilalan və təhsilverənlərin şəxsi və peşəkar bacarıqlarının inkişafına dəstək olmaqdır. 

Mərkəz universitet-sənaye əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə  Azərbaycan Texniki Universitetində yaradılıb.

20-dən çox tələbənin qatıldığı ilk təlim “Handex” şirkəti tərəfindən “MS Office” proqramları üzrə nəzəri və texniki biliklərin artırılması istiqamətində keçirilib.

Davamlı İnkişaf Mərkəzində mütəmadi olaraq digər ixtisas sahələrinə yönəlmiş təlimlərin keçirilməsi planlaşdırılır.

Ekvita şirkətinin nümayəndələri Təhsilin İnkişafı Fondunun qonağı olub

Ekvita şirkətinin baş direktoru İlqar Mehti və şirkətin İdarəetmə Konsaltinq üzrə partnyoru Fərid Baxşıyev Təhsilin İnkişafı Fondunun qonaqları olublar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri, dövlət-özəl tərəşdaşlığı çərçivəsində icra olunan və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan sosial və biznes layihələri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisələrinin tələbələri üçün yataqxanaların dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmiri və idarəedilməsi fəaliyyətinin təşkili mexanizmləri müzakirə edilib.

Ekvita şirkətinin baş direktoru İlqar Mehti şirkətin yaranma tarixi, icra etdiyi layihələr barəsində görüş iştirakçılarını məlumatlandırıb. O, Ekvita şirkətinin ölkə xaricinə çıxan ilk yerli konsaltinq şirkəti olmaqla həm ölkəmizdə, həm də ölkə xaricində layihələr icra etdiyini bildirib. Ekvita şirkətinin hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərdiyini qeyd edən baş direktor, şirkətin beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanındığını diqqətə çatdırıb. 

Görüş zamanı həmçinin Təhsilin İnkişafı Fondu ilə Ekvita şirkətinin 2024-cü ilin fəaliyyət planına uğun olaraq əməkdaşlıq çərçivəsi barədə fikir mübadiləsi aparılıb.