Ümumi təhsil müəssisələrinin təmiri və tikintisi

Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqaməti sahəsində Fond və “Silk Vey Vest Aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin təmiri və tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hesabat dövründə 7 məktəbdə tikinti işlərinə başlanılıb. 5 məktəb Abşeron rayonunda, 1 məktəb Kürdəmir rayonunda, 1 məktəb isə Qubadlı rayonunda yerləşir.

TələbəPlus

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.


Eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə Əməkdaşlıq Memorandumu imzalanıb.


Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 28 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 200 minə yaxın tələbə TələbəPlus kartı istifadəçisidir.

Endirim təqdim edən tərəfdaşlarla tanış olmaq və ətraflı məlumat əldə etmək üçün linkə daxil olmağınız kifayətdir.

Məktəblərə kitab ianəsi

“Məktəblərə kitab ianəsi” layihəsi Təhsilin İnkişafı Fondunun “İnci Group of Companies” şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşır.


Region məktəblərinə klassik dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı kitabların ianə edilməsi məqsədilə baş tutan layihə çərçivəsində 2023-cü il ərzində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Quba-Xaçmaz regional təhsil idarələrinin məktəblərinə 4800 kitab ianə edilib.


2024-cü ildə əlavə 5000 kitab Qazax-Tovuz, Qarabağ, Şərgi Zəngəzur, Şirvan-Salyan, Şəki-Zaqatala regional təhsil idarələrinin tabeliyində olan məktəblərə ianə edilib.

Davamlı İnkişaf Mərkəzləri

Bu günədək 3 ali təhsil müəssisəsi – Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti və 1 orta ixtisas təhsili müəssisəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Davamlı İnkişaf Mərkəzləri yaradılıb və fəaliyyət göstərir.


Dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrinin qurulması, müasir təhsil tələblərinə uyğun innovativ yanaşmaların tətbiq olunması və inkişaf etməkdə olan sahələr üzrə əməkdaşlıq imkanlarının artırılması mərkəzlərin fəaliyyətində əsas prioritetlərdəndir. Burada tələbələr üçün özəl şirkətlər tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar keçirilir.

“4Sİ Akademiyası – Milli Proqram”

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən birgə icra edilir.

“Milli Proqram” çərçivəsində platformada 6 kohort üzrə ümumilikdə 13 000-dən çox təlim təqdim olunub və bu təlimlərdə 45 000 nəfər iştirak edib. Proqram müddətində 80 000-dən çox təlim uğurla başa vurulub, eyni zamanda 960 rəqəmsal nişan əldə olunub. Təlimlərdən 2 500-ü Azərbaycan dilində altyazı ilə təmin edilib, ən çox tələbat olan 15 təlim isə Azərbaycan dilinə dublyaj olunub. İstifadəçilərin rahatlığı üçün platformada Azərbaycan dili interfeysi mövcuddur. Proqram çərçivəsində dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin təlimləri vətəndaşlara ödənişsiz təqdim olunur.

4Sİ Akademiyası 2024-cü ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək “Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət Mükafatı”na layiq görülüb.

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında imzalanmış Əməkdaşlıq Memorandumunn məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Sözügedən Memorandum çərçivəsində “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı təsis edilib. Proqram 600-dən yuxarı bal toplamış, ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan və aztəminatlı ailələrdən olan tələbə oğlan və qızlar üçün nəzərdə tutulub.

2024/2025-ci tədris ilində proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 10 ay ərzində aylıq 200 manat məbləğində təqaüd əldə ediblər.

Eyni şərtlər əsasında 2025/2026-cı tədris ili üçün proqrama 20 tələbə qəbul edilib.

“Maarifçi” tələbə-məzun təcrübə proqramı

“Maarifçi” tələbə–məzun təcrübə proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir. 4 ay müddətində davam edən proqram çərçivəsində “Maarifçi”lər Elm və Təhsil Nazirliyində və onun tabeliyində olan qurumlarda, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.

I “Maarifçi” tələbə–məzun təcrübə proqramına ümumilikdə 1958 nəfər müraciət edib, onlardan 27 nəfər proqramda iştirak etmək hüququ qazanıb.

II “Maarifçi” tələbə–məzun təcrübə proqramına 2741 nəfər müraciət edib, onlardan 37 nəfər seçilərək proqrama cəlb olunub.

III “Maarifçi” tələbə–məzun təcrübə proqramına isə 3542 nəfər müraciət edib, onlardan 42 nəfər proqramda iştirak hüququ əldə edib.

Proqramın əsas məqsədi elm və təhsil sahəsində keyfiyyətli insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir təhsil yanaşmalarını mənimsəmələri, eləcə də təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərilməsidir.

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı

Təqaüd proqramının əsas məqsədi qadınların informasiya texnologiyaları və yüksək texnologiyalar üzrə bilik və bacarıqlarını artıraraq cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələrinə dəstəyin göstərilməsidir. Layihə Təhsilin İnkişafı Fondu və “Women in Tech” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilib.


Proqrama 15-40 yaş aralığında Azərbaycan vətəndaşı olan 482 nəfər qadın müraciət edib, onlardan 30-u bu təqaüdə layiq görülüb. Layihə müddətində iştirakçılar “UI/UX Design”, “BI Developer”, “Cybersecurity”, “QA Tester”, “Mobile App Development”, “Digital Marketing” üzrə təlimlərə qatılıb və sertifikat əldə ediblər.

“Zərif mühəndislər” təqaüd proqramı

“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.


Layihəyə ümumilikdə 573 müraciət daxil olub. Müraciət ərizələrinə təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, 105 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələni uğurla yekunlaşdıran 50 nəfər isə “Zərif mühəndislər” təqaüd proqramının qalibi olaraq təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq imkanını əldə edib.


2024-cü il ərzində təqaüd proqramının iştirakçıları STP Şirkətlər Qrupu və Sumqayıt Dövlət Universitetinin birgə həyata keçirdiyi “Gələcək Mühəndislər” proqramına qoşularaq peşəkarların təcrübəsini öyrənib, yeni nəzəri və praktik biliklərə yiyələniblər, GemZA Holdinqə səfər ediblər. Tələbə qızlar həmçinin “İqlim dəyişikliyi və Azərbaycan” və digər mövzularda təlimlərdə, eləcə də STP Şirkətlər Qrupu daxilində olan müəssisələrdə təcrübə proqramında iştirak ediblər.

“Parla” təqaüd və inkişaf proqramı

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. İki qurum arasında əldə olunmuş razılaşmaya əsasən, proqram çərçivəsində hər il Azərbaycanda 50 tələbə qız təqaüd və inkişaf imkanları ilə təmin olunur.

“Parla” proqramı iştirakçılara aylıq təqaüd təqdim etməklə yanaşı, təcrübə və mentorluq proqramlarında iştirak, müxtəlif təlimlərə cəlb olunma, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış imkanı yaradır. Eyni zamanda iştirakçılar ingilis dili və IELTS imtahanına hazırlıq kurslarına cəlb edilir, IELTS imtahanını ödənişsiz şəkildə vermək fürsəti əldə edirlər.

İştirakçıların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə ünsiyyət bacarıqları və karyera inkişafı üzrə təlimlər, xaricdə təhsil imkanlarına dair məlumat sessiyaları təşkil olunur, eləcə də “Norm” ASC-nin istehsalat zavoduna sahə turu həyata keçirilir.

2023-cü ildə proqrama daxil olan I kohort üzrə 674 müraciət arasından 50 nəfər qalib seçilib və 2024-cü ilin sentyabr ayından etibarən 12 ay müddətində hər bir iştirakçıya aylıq 200 manat məbləğində təqaüd verilib. Qaliblər arasında 5 nəfər şəhid yoldaşı olub. I kohort üzrə “Parla” təqaüd və inkişaf proqramının ilk məzun günü keçirilib, 14 tələbə qız proqramı uğurla başa vurub. Həmin məzunlardan 3 nəfəri “NEQSOL Holding” və ona bağlı şirkətlərdə işlə təmin olunub, 36 nəfər isə hazırda proqramda iştirakını davam etdirir.

2024-cü ildə proqrama yenidən qeydiyyat elan edilib və ümumilikdə 791 müraciət daxil olub. Seçim meyarlarına cavab verən 128 namizəd müsahibə mərhələsinə dəvət edilib, onlardan 120 tələbə qızla fərdi müsahibələr aparılıb. Bütün mərhələləri uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Bununla da proqramda iştirak edən gənc qızların ümumi sayı 86 nəfərə çatıb. Onlardan 27 nəfər artıq məzun olub, 59 nəfər isə proqramda iştirakını davam etdirir.

2025-ci ildə proqram üçün üçüncü dəfə qeydiyyat açıq elan edilib. Ümumilikdə 1 170 müraciət daxil olsa da, seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə cəlb olunub. Nəticədə 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı seçilib. Beləliklə, proqram çərçivəsində indiyədək aktiv təqaüd alan tələbə qızların sayı 109 nəfərə çatıb.