4000 kitab “Inci Group of Companies” tərəfindən region məktəblərinə ianə edilib

Sentyabrın 27-də “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov Təhsilin İnkişafı Fondunun qonağı olub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonağı salamlayaraq Fondla səmərəli əməkdaşlıq üçün ona öz təşəkkürünü bildirib. Görüş çərçivəsində şirkət tərəfindən ucqar kənd məktəblərinə kitabların paylanılması, regional təhsil idarələrində müəllimlərlə görüşlərin təşkil edilməsi və digər istiqamətlər üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Yekunda “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov region məktəblərinə 4000 kitabı ianə etdiyinə görə Təhsilin İnkişafı Fondu tərəfindən təşəkkürnamə sertifikatı ilə təltif edilib.

ADNSU-da IELTS imtahanlarını uğurla başa vuran tələbələrə serifikatlar verilib

Sentyabrın 18-də Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən icra edilən layihə çərçivəsində IELTS imtahanlarını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin təltif olunması mərasimi keçirilib.

Mərasimdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və nümayəndə heyəti ilə görüşüb. Görüşdə cari layihələrdə universitetlərin iştirakı, qarşıda duran hədəflər, strateji fəaliyyət istiqamətləri və gələcək planlardan danışılıb.

Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələrin təltif olunması mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun 100-dən artıq tələbəsinin iştirak etdiyi layihədə 53 nəfər tələbənin uğurlu nəticə göstərməsini yüksək qiymətləndirərək tələbələri təbrik edib. Təhsildə tələbat olan sahələr üzrə gənclərin biliklərinin artırılması üçün atılan addımları dəstəklədiyini deyən dosent Vazeh Əskərov IELTS imtahanına təşviqlə bağlı layihənin tələbələr üçün mühüm önəm daşıdığını qeyd edib.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov mövcud layihələr haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, layihədə iştirak edən 7 universitet arasından ən yüksək nəticəni ADNSU tələbəsi qazanıb.

Sonra IELTS imtahanında uğurlu nəticə göstərən tələbələr təltif olunub.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb.

Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması nəzərdə tutulur.

“4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə “4Sİ Akademiyası” layihəsinin məqsədi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan 2030-cu il üçün ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioriteti reallaşdırılmağı hədəfləyir ki, bunlardan da biri rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanı yaratmaqdır. Bu məqsəd insanların yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirməyi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanılmasını hədəfləyir. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir.

Fariz Cəfərov  bildirib ki, layihə çərçivəsində ilk müraciət edən 10 minə yaxın şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi proqramlaşdırma, süni intellekt, böyük verilənlər (big data), rəqəmsal transformasiya, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, kodlaşdırma, data analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunur. 23 avqust – 7 sentyabr tarixlərində “4Sİ Akademiyası”na ilkin qeydiyyat mərhələsində 6654 nəfər qeydiyyatdan keçib.

Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov təmsil etdiyi qurumun “4Sİ Akademiyası” layihəsi çərçivəsində gördüyü işlər barədə məlumat verib. E.Nəsibov qeyd edib ki, Fond layihə barədə məlumatın təhsil müəssisələrində yayılması, elmi-peqadoji heyət üzvləri və tələbələrin bu imkan barədə məlumatlandırılmasını təmin etmişdir. Eyni zamanda, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı ictimai birliyinin dəstəyi ilə layihəyə könüllülər cəlb olunmuşdur. Könüllülərə “Coursera” şirkəti tərəfindən xüsusi təlim keçiriləcək, təcrübə proqramı yekunlaşdıqdan sonra sertifikat təqdim olunacaqdır.

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşa “Coursera” onlayn platformasında 129 milyon istifadəçinin  qeydiyyatdan keçdiyini, ölkəmizdən isə hazırda 125 min istifadəçinin bu platformada qeydiyyatdan keçib təhsil aldığını bildirib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub.

Görüşdə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Bilişim Vadisi”nın Baş icraçı direktorunun müavini Tuba Öztepe, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş iştirak ediblər.

Türkiyənin “Bilişim Vadisi” texnologiyalar, kibertəhlükəsizlik, proqram təminatı, dizayn, oyunlar və ağıllı şəhərlərə yönəlmiş tədqiqatlar aparır. “Bilişim Vadisi” bu sahələrdə çalışan sahibkarlara investisiya, mentorluq, təlim və digər istiqamətlərdə dəstək göstərir.

“Bilişim Vadisi” Bakı Mərkəzi tələbələrin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqlara Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir.

Görüşdə həmçinin Təhsilin İnkisafı Fondunun innovasiya ekosisteminin qurulması, dövlət-özəl tərəfdaşlığı və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində “Bilişim Vadisi” ilə potensial tərəfdaşlıq məsələləri müzakirə olunub.

“Təhsilin İnkişafı Forumu”na hazırlıq görüşü keçirilib

Sentyabrın 7-də Azərbaycan Texniki Universitetində yerləşən universitet-sənaye işbirliyi mərkəzində “Təhsilin İnkişafı Forumu”na hazırlıq məqsədilə görüş keçirilib.

Görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyənin TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş, SABAH.hub-ın Baş icraçı direktoru Rəhim Bayramlı, Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq tədbirin universitet-sənaye işbirliyini dəstəkləyən təhsil və iqtisadiyyatın inteqrasiyası mövzusuna həsr olunmuş “Təhsilin İnkişafı Forumu”nun keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Forumun keçirilməsi ideyasını yüksək qiymətləndirərək AzTu-da universitet-sənaye işbirliyi istiqamətində bir sıra işlərin görüldüyünü bildirib. İclasın keçirildiyi Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində yarandığı vurğulanıb. Rektor universitet-sənayə işbirliyinin formalaşdırılması konsepsiyasının ciddi olduğunu, hal-hazırda AzTU-da həm tədrisə, həm də tədqiqata əhəmiyyət verildiyini, “Bilişim vadisi”, “Aselsan”, “Baykar” və s. şirkətlərlə ilə əməkdaşlıq edildiyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev baş tutacaq Forumun  Azərbaycan təhsili üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Universitet-sənaye işbirliyinin qurulmasında Bakı Dövlət Universitetinin ilkin addımlar atdığını vurğulayan E.Babayev BDU-nun Mükəmməllik Mərkəzinin fəaliyyəti, gələcək hədəfləri, beynəlxalq səviyyədə əməkdaşlıq perspektivləri barədə məlumat verib.

TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən bənzər modelin Türkiyədə qurulduğunu bildirib. Təşkil ediləcək Təhsilin İnkişafı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib, forumun universitet və sənaye arasında səmərəli işbirliyinin qurulmasında mayak rolu oynayacağına inandığını və birgə çalışmaqdan məmnun olduğunu bildirib.

Çıxışlardan sonra “Təhsilin İnkişafı Forumu”nda dövlət və özəl qurumlarının, eləcə də təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək.

Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, T-Network, ARTİ və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda baş tutacaq.

Beynəlxalq forumun baş sponsorları XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, BP şirkəti, gold sponsoru isə “Landau School” Təhsil Kompleksidir.

Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://forms.gle/eXDG5VCrUz9tATST6

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Heydər Əliyev İli”nə həsr edilən Beynəlxalq Forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur.

“Daha təhsilli gələcək” devizi ilə Beynəlxalq Müəllimlər Günündə baş tutacaq forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti, real dünyanın təhsildən tələbləri və oxu savadlılığı mövzularını əhatə edəcək.


Müzakirə sualları:

Forum çərçivəsində “Daha təhsilli gələcək üçün hansı çağırışlar var? Şagirdlərin smartfonlarından daha ağıllı olması üçün nə etməliyik? İnternetə qoşulmuş şagirdlərin müəllimlərindən əsas gözlənilər nələrdir? Liderləri yetişdirən müəllimləri lider kimi yetişdirmək üçün nələr edilməlidir? Öyrənənlərin özlərini məktəbə aid hiss edəcəkləri effektiv öyrənmə mühiti necə yaradılmalıdır? Yeni dövrün öyrənmə mədəniyyətinin özünəməxsusluğu nədir və bu xüsusiyyətlər təhsil prosesində hansı dəyişikliklər yaradır? Şagird və valideynlərin başqalarının sürətinə yox öz sürətlərinə uyğunlaşması üçün təhsil mühitində hansı redaktələrə ehtiyac var? Oxu savadlılığını təkmilləşdirmək üçün hansı addımlar atılmalıdır?” sualları müzakirə olunacaq.

Spikerlər:

Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri, professor Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq, Türkiyədə və İtaliyada bestseller müəllifi Azra Kohen çıxış edəcəklər.

“4Sİ Akademiyası” layihəsi çərçivəsində görüş keçirilib

30 avqust 2023-cü il tarixində Təhsilin İnkişafı Fondunun əməkdaşları “4Si Akademiyası” layihəsi üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüşüblər.

Görüşdə “Coursera” şirkətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. E.Nəsibov həmçinin qonaqları bu il ilk dəfə keçiriləcək “Təhsilin İnkişafı Forumu”na dəvət edib.

Görüşün gedişatında “4Sİ Akademiyası” layihəsinin cari vəziyyəti, müraciətlər, kvotalar, iş bölgüsü və görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb.

Görüşdə həmçinin qurumlar arasında növbəti əməkdaşlıq perspektivlərinə toxunulub.

“4SİAkademiyası” layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb.

7 sentyabr 2023-cü il tarixinə qədər qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra biləcək.

Qeydiyyat üçün link: https://4sim.gov.az/en/applicationForm

Qeydiyyat üçün son tarix:  07.09.2023

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

“4Sİ Akademiyası” layihəsinə start verilir

“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir.

“Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirlətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaqdır.

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust 2023-cü il tarixindən başlayacaq, 7 sentyabr 2023-cü il tarixində isə başa çatacaqdır. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabr 2023-cü il tarixindən etibarən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından  6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcəkdir.

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı

Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının birgə tərəfşdalığı ilə təsis edilib.

Təqaüd proqramının əsas məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının birgə tərəfşdalığı ilə təsis edilib.

Təqaüd proqramının əsas məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqrama Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.

Təqaüdlər bu istiqamətlər üzrə təlimlərdən bəhrələnəcək xanımlara veriləcək:

“Data analitik”, “Back end development”, “Front end development”, “Mobil tətbiqlər”, “Web development”, “DevOps”, “SQL programlaşdırma”, “Kiber təhlükəsizliyi”, “QA”, “UI/UX Design”, “Graphic Design”; “Rəqəmsal Marketinq”, “Biznes analiz”, “Agile Project management” proqramları və s.