“Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminar keçirilib

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib.

Seminar Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilati dəstəyi ilə baş tutub.

AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq seminar çərçivəsində “Universitet-sənaye əməkdaşlığı”, “Müəllim-tələbə münasibətləri”, “Tədrisin keyfiyyəti və tədqiqatların sənayeyə tətbiqi”, eləcə də “Gələcəyin universitetləri necə olacaq?” mövzularına toxunulacağından bəhs edib.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Seminar İhsan Sabuncuoğlunun təqdimatı əsasında davam etdirilib.

Təqdimatın birinci hissəsində rektor “Ali təhsildə qlobal trendlər və tətbiqlər” mövzusunda çıxış edib. İkinci hissədə isə “Azərbaycanda ali təhsil və universitet-sənaye əməkdaşlığı” adlı tədqiqat mövzusundan danışılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Təhsilin Ulduzu Müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Təhsilin Ulduzu” müsabiqəsi keçiriləcək. Məqsəd müəllimlərin tədris prosesindəki fərqli və yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Təhsilin Ulduzu” müsabiqəsi keçirilməkdədir.

Layihənin məqsədi müəllimlərin tədris prosesindəki fərqli və yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.

Müsabiqənin şərtləri:

Müsabiqədə dövlət ümumtəhsil müəssisələrində çalışan və yalnız müxtəlif fənləri tədris edən 2 həmkar birlikdə dərs təqdim etməlidirlər. Eyni fənni tədris edən, eyni şəhər və ya rayonda çalışan müəllimlər birlikdə dərs təqdim edə bilməzlər. 2 müəllimdən hər birinin müxtəlif şəhər və rayonlarda çalışıması tələb edilir. (Məsələn, Bakıdakı müəllimlə Qubadakı müəllim birlikdə dərs keçməlidirlər. Yaxud Ucar ilə Xaçmaz, Balakən ilə Yardımlı, Gəncə ilə Sumqayıt müəllimləri dərs təqdim edə bilərlər və s. Buradakı adlar şərti xarakter daşıyır). Təqdim edilən dərslər fənlərarası inteqrasiyaya uyğun olmalıdır. Sinfi və mövzunu seçmək sərbəstdir.

Qeydiyyat üçün link və ətraflı məlumat

“Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi keçirilib

ADA Universitetində “Şuşa ili”nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi keçirilib.

Forumda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin qonaq spikerləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva açılış mərasimində yerli və xarici qonaqları salamlayaraq işğal dövründə Şuşa şəhərinin maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılmasında, eləcə də işğaldan sonrakı mərhələdə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmalar aparılması barədə məlumat veriblər.

Tədbir zamanı 2 panel müzakirə də təşkil edilib. “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, “Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası” mövzularına həsr olunmuş panellərdə forum iştirakçıları arasında maraqlı diskussiyalar aparılıb.

Qeyd edək ki, forumda “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq” və “Diplomatiya” ixtisasları üzrə təhsil alan 50 tələbə iştirak edib. Onlardan 40 nəfəri 30 fərqli ölkəni təmsil edən əcnəbi tələbədir.

Forum 5 gün davam edəcək.

Britaniya Şurasının nümayəndələri TİF-də qonaq olublar

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Təhsilin İnkişafı Fondunun qonağı oldular.

Görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsindən irəli gələn işlərin icra vəziyyəti, həmçinin Fond ilə Britaniya Şurasının əməkdaşlıq edə biləcəyi potensial layihələr barədə fikir mübadiləsi aparılıb.

“Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu keçirilib

Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı ilə hibrid formatda baş tutub.

Elm və təhsil naziri Emin Əmrullayev, İƏİT təmsilçiləri, 20-ə yaxın ölkənin nümayəndələri, rektor, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqların iştirak etdiyi forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə forumun təhsil ictimaiyyəti üçün əhəmiyyətini qeyd edib.

Beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışan nazir bildirib ki, bu tədqiqatlarda iştirak bizi qlobal təhsil sisteminin bir üzvünə çevirir, eyni zamanda müxtəlif ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradır. Nazir sözügedən forumun bu qəbildən olduğunu vurğulayıb.

Emin Əmrullayev diqqətə çatdırıb ki, son bir neçə il ərzində PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkədə təhsilin inkişafının əsas hədəflərindən biri kimi müəyyən olunub. Nazirin sözlərinə görə, PISA bizə yalnız rəqəm deyil, həm də kifayət qədər ciddi elm və dəlillər verir.

Elm və təhsil naziri çıxışında onu da qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təhsilin ayrıca bölmə kimi yer alması, hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur.

Emin Əmrullayev çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

Daha sonra foruma onlayn qatılan UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini çıxış edib. Stefania Giannini bildirib ki, təhsil sosial xidmətdir və rəqəmsal inqilabdan təhsil üçün istifadə etmək əsas hədəf olmalıdır. Stefania Giannini əlavə edib ki, auditoriyada təcrübəli, bacarıqlı müəllimlər təhsil sisteminin idarəçisi kimi əsas rol oynamalıdırlar.

Stefania Giannini Azərbaycan hökuməti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə təhsil üzrə bölmənin daxil edilməsini və bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirib.

Daha sonra forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer “Öyrənənləri gələcəyə necə hazırlayaq?” mövzusunda geniş təqdimatla çıxış edib.

Gələcəyin təhsilindən danışan Andreas Şleyxer qeyd edib ki, məktəblər artıq rəqəmsal transformasiyaya keçid ediblər və bununla da öyrənmənin təbiəti, həmçinin alətləri dəyişir. Öyrənmə prosesində rəqəmsal texnologiyaların istifadəsinə toxunan Andreas Şleyxer bildirib ki, bu öyrənməni daha əyləncəli və effektli edir. Bu prosesdə müəllimin rolu yüksək olaraq qalır.

Forumda Portuqaliya Təhsilin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luiz Pereira dos Santos, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq, PISA-nın baş analitiki Maryo Piaçentini, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş Tədqiqat üzrə Direktoru Tresi Börns, İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren, İƏİT-in Təhsil və Bacarıqlar şöbəsinin Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin analitiki Mark Fuster təqdimatla çıxış ediblər.

Təqdimatlar “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzuları əhatə edib.

Forumda “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?”, “Hansı yeni məktəb modellərinə ehtiyac var?”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?”, “Gələcəyə necə insan hazırlamalıyıq?” sualları ətrafında müzakirələr aparılıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Fondun qonağı olub

Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri cənab Ali Rıza Altunel Təhsilin İnkişafı Fondunun qonağı olub.

A.Altunel qardaş ölkədə təhsil sisteminin carı vəziyyəti, bu istiqamətdə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə iki dövlətin təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri, bu sahədə Təhsilin İnkişafı Fondunun dəstəyi ilə görülə biləcək işlər barədə ilkin müzakirələr aparılıb.

IELTS imtahanına təşviqlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

Oktyabrın 28-də Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. Nazir müavini qeyd edib ki, bu, keyfiyyətli elmi məqalələrin yazılması, dövlətlərarası önəmli akademik layihələrdə fəal iştirakın təmin edilməsi, elmi-pedaqoji heyətin qabaqcıl ölkələrin təcrübəsindən yararlanması və nəticədə, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” komponenti üzrə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına xidmət edəcək.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elnur Nəsibov bu layihənin fondun ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova çıxışında hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edərək sözügedən layihənin ən başlıca məqsədinin məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi üçün əlverişli şəraitin yaradılması olduğunu deyib.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva çıxış edərək Şuranın Azərbaycandakı 30 illik fəaliyyəti ərzində həyata keçirdiyi proqramlar və əldə etdiyi uğurlar barədə qonaqları məlumatlandırıb.

Sonra layihənin benefisiar qurumları olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması planlaşdırılır.