17 yanvar 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün “Şəxsi inkişaf və özünü tanıma” mövzusunda təlim sessiyası təşkil olunub.
Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Gülər Paşayeva tərəfindən keçirilən təlim zamanı iştirakçıların şəxsi və peşəkar inkişafı ilə bağlı bir sıra mühüm mövzular müzakirə edilib, iştirakçılara hədəflərini müəyyənləşdirmək və uğurlu bir inkişaf planı hazırlamaq bacarıqları aşılanıb.
Təlimin sonunda iştirakçılar SWOT analizi həyata keçirib və əldə olunan nəticələr əsasında SMART (Spesifik, Ölçüləbilən, Əldə edilə bilən, Realist və vaxt çərçivəli) hədəflər müəyyən ediblər. Bu yanaşma, iştirakçıların praktik bacarıqlarını artıraraq onların şəxsi və peşəkar məqsədlərinə daha effektiv şəkildə çatmasına töhfə verib.
Tələbə qızlar tərəfindən böyük maraqla qarşılanan sessiyanın sonunda iştirakçılarla interaktiv fəaliyyətlər təşkil edilib və onları maraqlandıran suallar cavablandırılıb.