Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin açılışı olub

13 İyun 2025

Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, bp şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə AzTU-da beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili Fariz İsmayılzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

Rəmzi lent kəsildikdən sonra Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva mərkəzdə yaradılan imkanlar haqqında məlumat verib. O bildirib ki, iki mərtəbədən ibarət olan kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərəcək. 

Mərkəzlə tanışlıqdan sonra elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək bildirib ki, universitet həyatını kitabxanasız təsəvvür etmək mümkün deyil və kitabxanalar müasir tələblərə uyğunlaşmalıdır.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil sahəsində həyata keçirilmiş bütün innovativ layihələrdə AzTU və onun rəhbərliyinin dəstəyini xüsusi vurğulayıb və yeni qurulmuş Kitabxana İnformasiya Mərkəzinin də tələbələrə faydalı olacağını bildirib.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz təhsil, elm və kitabxanaların diqqətdə saxlanmasının hər zaman şirkətin sosial investisiya layihələrinin mərkəzində olduğunu vurğulayıb. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova rektor Vilayət Vəliyevi və AzTU ailəsini yeni və proqressiv Kitabxana İnformasiya Mərkəzinin açılışı münasibətilə təbrik edib.

Millət vəkili Fariz İsmayılzadə çıxışında vurğulayıb ki, son illərdə AzTU-nun yüksəlişi bütün təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. O, AzTU və BP şirkətinin birgə işini sənaye-təhsil, şirkət-universitet əməkdaşlığının ən gözəl nümunələrindən biri kimi dəyərləndirib. 

AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq bildirib ki, uzun müddətdir bp şirkəti ilə aparılan sosial layihələrin müzakirəsində diqqət daha çox beynəlxalq səviyyəli və rəqəmsal imkanları olan kitabxananın formalaşdırılmasına yönəlib.

Qeyd edək ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli ixtisasçılar tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır. Belə ki, layihə beynəlxalq biliklərlə ixtisaslaşdırılmış yerli kadrlar tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbəri mərkəzin direktoru Xəyalə Hacıyeva, texnologiya, sistem və proqram təminatı üzrə məsləhətçisi isə İltifat İbrahimovdur.