Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Fevralın 24-də baş tutan imzalama mərasimində ADDA ilə TİF-in rəhbərliyi və nümayəndələri, həmçinin Kapital Bank-ın təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev ilk olaraq, akademiyanın fəaliyyəti, onun ölkənin dəniz təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olduğunu, beynəlxalq əməkdaşlıqların və müasir tədris infrastrukturunun davamlı şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Daha sonra Təhsilin İnkişafı Fonduna, Kapital Bank-a və Visa şirkətinə təşəkkürünü bildirib. O qeyd edib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi ali təhsil müəssisəsində idarəetmə proseslərinin təkmilləşdirilməsinə, tələbələrin akademik və sosial imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə öz növbəsində Fondun fəaliyyət istiqamətləri, həayata keçirilən layihələr haqqında məlumat verib. Bildirib ki, TələbəPlus kartı tələbələrə geniş üstünlüklər təqdim edəcək. Kart istifadəçiləri alış-veriş mərkəzləri, müxtəlif iaşə obyektləri, muzeylər, kitab mağazaları, idman kompleksləri, müxtəlif klinikalarda xüsusi güzəştlərdən yararlana biləcəklər.
Fondun nümayəndəsi Aysel Məhərrəmova TələbəPlus kartı barədə təqdimatla çıxış edərək vahid tələbə kartının üstünlükləri, tələbələr üçün nəzərdə tutulan güzəştlər və funksionallıqları haqqında ətraflı məlumat verib.
Müzakirələrdən sonra tərəflər “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. Layihənin ADDA-da tətbiqi tələbələr üçün vahid kart sisteminin formalaşdırılmasına və onların gündəlik həyatında əlavə üstünlüklərin yaradılmasına xidmət edəcək.
ADDA ilə birgə TələbəPlus-a qoşulan ali təhsil müəssisələrinin sayı 28-ə çatıb.





