Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

14 İyul 2025

Təhsilin İnkişafı Fondu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartı üzrə görüş təşkil edib.

Görüş zamanı təhsil işçiləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazları əhatə edən yeni layihə barədə ətraflı məlumat verilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Təhsilin İnkişafı Fondunun nümayəndələri Almaz Axundzadə və Ofelya Salmanovanın iştirak etdiyi görüşdə TəhsilPlus kartının əsas məqsədləri, imkanları və hədəfləri haqqında məlumat verilib. Bildirilib ki, kart təhsil sahəsində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması, gündəlik xərclərinə dəstək göstərilməsi və müxtəlif sahələrdə güzəştli xidmətlərdən istifadəsinə şərait yaratmaq məqsədi daşıyır.

Görüş çərçivəsində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onların layihə ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb. Təhsil işçiləri kartın funksionallığı, istifadə mexanizmi və gələcək inkişaf perspektivləri barədə məlumat alıblar. Həmçinin iştirakçıların təklif və rəyləri dinlənilib, bu fikirlərin layihənin daha da təkmilləşdirilməsi prosesində nəzərə alınacağı bildirilib.