Yaşıl texnologiyalar üzrə innovativ layihələr Təhsilin İnkişafı Fondu tərəfindən dəstəklənib

25 May 2026

Təhsilin İnkişafı Fondu innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə keçirilən “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qaliblərinə pul mükafatları təqdim edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən komandalar alternativ enerji, rəqəmsal həllər, robototexnikalar, inklüziv və sosial innovasiyalar istiqamətləri üzrə layihələr irəli sürüblər.

I yerin qalibləri sırasında Bakı Ali Neft Məktəbinin “Biosenatorlar” komandasının  “Eko-Beton”, Milli Aviasiya Akademiyasının “Dəmir qanad” komandasının  “Eko-sistemlərin mühafizəsində PUA-ların intellektual nəzarət sistemlərinin tətbiqi” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Ecob” komandasının “Biznes mobil tətbiq” layihələri yer alıb.

II yerə Bakı Dövlət Universitetinin “Nanotech” komandasının “Su hövzələrində mikroplastiklərin toplanması və emalında innovativ texnologiyanın hazırlanması” layihəsi, Mingəçevir Dövlət Universitetinin “AgroRover” komandasının eyniadlı layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Co-Brain Medical” komandasının “AI əsaslı tibbi təhlükəsizlik və həyati risk monitorinq sistemi” layihəsi layiq görülüb. 

III yerin qalibləri Xəzər Universitetinin “Yüksəliş” komandasının “BioPhyt”, Azərbaycan Texnologiya Universitetinin “Termal instruksiya” komandasının “Termal soyutma sistemi” və Azərbaycan Kooperasiya Universitetinin “Kod21” komandasının “Ağıllı əsa” layihələri olub. 

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu universitetlərarası əməkdaşlığın gücləndirilməsi, innovativ təşəbbüslərin təşviqi və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsini davam etdirir.