“Təhsil” istirahət mərkəzində təhsil işçiləri üçün yaradılan imkanlarla tanışlıq olub 

18 Avqust 2026

AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzinə infotur təşkil olunub.

İnfoturda Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova ilə yanaşı, millət vəkili Vüqar İskəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, nazirliyin və tabe qurumların digər nümayəndələri iştirak ediblər.

İnfotur iştirakçıları “Təhsil” istirahət mərkəzində təhsil işçiləri üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin infrastrukturu, istirahət və asudə vaxtın səmərəli təşkili üçün təqdim olunan imkanlar barədə məlumat alıblar.

Tədbir çərçivəsində mərkəzdə istirahət edən elm və təhsil işçiləri ilə görüş keçirilib, onların istirahət şəraiti və mərkəzdə yaradılmış imkanlarla bağlı təəssüratları dinlənilib. Eyni zamanda, təhsil işçilərinin istirahət imkanlarının daha da genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı ittifaq üzvlərinin təklif və mülahizələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.