Təhsilin davamlı inkişafını və dövlət-özəl tərəfdaşlığını təşviq etməyi qarşısına məqsəd qoyan Təhsilin İnkişafı Fondu rəsmi internet səhifəsini (www.tif.edu.az) yeniləyib.
Yeni dizayn və funksional imkanlarla təkmilləşdirilən sayt, istifadəçilərə Fondun fəaliyyəti, layihələri və təhsil sahəsində görülən işlər barədə daha əlçatan və şəffaf məlumat təqdim edir.
Saytda əsas yeniliklərdən biri “İanə et” bölməsinin istifadəyə verilməsidir. Bu bölmə təhsilə dəstək göstərmək istəyən şəxslər və qurumlar üçün rahat və təhlükəsiz onlayn ianə imkanı yaradır. Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma üzərindən asanlıqla ianə edə bilərlər. İanələr Təhsilin İnkişafı Fonduna ümumi dəstək, “Gənc qızların təhsilinə dəstək” layihəsi və Qarabağ Təqaüd Proqramı üzrə qəbul olunur. İanə edən hər bir şəxsə dəstəyinin simvolu olaraq “İanə sertifikatı” təqdim olunur. Donorlar ianənin məbləğini və istiqamətini özləri müəyyənləşdirərək, təhsilin dayanıqlı inkişafına dəstək göstərə bilərlər.
Dövlət-özəl tərəfdaşlığının real nəticəsi olaraq, yarandığı gündən etibarən 4 il ərzində Fondun dəstəyi ilə 6 proqram üzrə 500-ə yaxın tələbə təqaüdlə təmin olunub, 4 ali təhsil müəssisəsində Davamlı İnkişaf Mərkəzi yaradılıb, 900-dən çox tələbə və müəllimin IELTS imtahan nəticələrinə əsasən ödənişləri qarşılanıb. Eyni zamanda 7 ümumi təhsil müəssisəsinin isə tikinti və təmiri həyata keçirilir.
Təhsilin İnkişafı Fondu ictimaiyyət nümayəndələrini ölkənin təhsil gələcəyinə töhfə verməyə dəvət edir.