Təhsilin İnkişafı Fondu ali təhsil müəssisələrində keçirilən karyera sərgilərində iştirak edib

07 May 2026

1 və 5 may 2026-cı il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən təşkil olunan karyera sərgilərində Təhsilin İnkişafı Fondu (TİF) təmsil olunub.

1 may tarixində AzMİU-da keçirilən VII karyera sərgisində universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, bu cür sərgilər tələbə və məzunların peşəkar inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, belə platformalar gənclərə əmək bazarının tələblərini yaxından öyrənmək, ixtisaslarına uyğun qurumlarla birbaşa əlaqə yaratmaq və karyera istiqamətlərini düzgün müəyyənləşdirmək imkanı verir.

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Fondun həyata keçirdiyi layihələr və ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib. Xüsusilə beynəlxalq imtahanlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb. Bildirilib ki, “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində universitetlərə dəstək göstərilir, təhsilalan və təhsilverənlərin imtahan xərcləri Fond tərəfindən qarşılanır.

Sərgidə dövlət və özəl sektorun nümayəndələri iştirak edib, tələbə və məzunlara çoxsaylı vakansiya və təcrübə imkanları təqdim olunub.

5 may tarixində isə BDU-da keçirilən “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış karyera sərgisində TİF stendlə təmsil olunub. Sərgi çərçivəsində Fondun nümayəndələri tələbə və məzunlara təqaüd proqramları, inkişaf imkanları və həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələrin inkişafına yönəlmiş layihələri dəstəkləyir, onların bilik və bacarıqlarının artırılması və beynəlxalq imkanlara çıxışı üçün müxtəlif təşəbbüslər həyata keçirir.