TİF-in təşkilatçılığı ilə “Kampusdan karyeraya: AI (Süni İntellekt)” mövzusunda təlim keçirilib

22 May 2026

Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) Davamlı İnkişaf Mərkəzində “Code Academy”nin Yaradıcı Süni İntellekt üzrə proqram rəhbəri Ümid Salayev tərəfindən “Kampusdan karyeraya: AI (Süni İntellekt)” mövzusunda təlim sessiyası keçirilib.

Sessiyada TİF-in təqaüd proqramlarının iştirakçıları, eləcə də AzTU tələbələri iştirak ediblər.

Təlim zamanı iştirakçılara universitet mühitindən əmək bazarına keçid prosesində süni intellekt texnologiyalarının rolu, real bazar trendləri və müxtəlif peşələrə təsiri praktiki nümunələr əsasında izah olunub. Eyni zamanda tələbələr gündəlik iş proseslərində istifadə olunan əsas süni intellekt alətləri ilə tanış olub və onların karyera inkişafında tətbiq imkanları barədə məlumat əldə ediblər.

Təlim interaktiv formatda keçib və iştirakçıların sualları cavablandırılıb. Məqsəd gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, onların gələcək karyera planlamasında daha hazırlıqlı olmalarına dəstək vermək olub.