“Qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə olunub

13 May 2026

Mayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli arasında görüş keçirilib.

Görüş zamanı “Qızların təhsilinə dəstək” layihəsinin icra vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bahar Muradova qızların təhsil imkanlarının genişləndirilməsinin cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən təşəbbüslər uzun illər formalaşmış dəyərlərin davamı olmaqla yanaşı, mühüm sosial missiyanı da əhatə edir. O, Dövlət Komitəsi ilə Fond arasında formalaşmış əməkdaşlığın layihənin uğurlu icrasına töhfə verdiyini qeyd edib, gələcəkdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nicat Məmmədli Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təhsilə yönəlmiş sosial layihələr, eləcə də tələbələr və müəllimlər üçün nəzərdə tutulan müxtəlif dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, təhsilalanların və təhsilverənlərin  sosial rifahının yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi Fondun əsas fəaliyyət istiqamətlərindən biridir. Xüsusilə gənc qızların ali təhsilə əlçatanlığının artırılmasına yönəlmiş təşəbbüslərin prioritet istiqamət kimi diqqətdə saxlanıldığı vurğulanıb.

Görüş çərçivəsində layihənin gələcək inkişaf istiqamətləri, əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.