“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün “Süni intellektə dair maarifləndirmə” adlı təlim sessiyası təşkil olunub

18 İyun 2025

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün təsis etdiyi “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində “Süni intellektə dair maarifləndirmə” adlı təlim sessiyası baş tutub.

“Azerconnect Group”un dəstəyi ilə təşkil olunan və süni intellekt sahəsində bilik və təcrübəyə malik mütəxəssis Nihat Abdullayev tərəfindən keçirilən maarifləndirici sessiya zamanı iştirakçılara süni intellektin əsas anlayışları, tətbiq sahələri və gündəlik həyatımıza təsiri haqqında ətraflı məlumat verilib. Təlimdə, həmçinin süni intellektin gələcəkdə əmək bazarına və müxtəlif peşə sahələrinə göstərə biləcəyi təsirlər, texnoloji trendlər də müzakirə olunub.

Qeyd edək ki, 2024-cü ildə “Parla” təqaüd və inkişaf proqramına 2-ci dəfə qeydiyyat açıq elan edilib. Proqrama ümumilikdə 791 nəfər müraciət edib, bütün seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. 120 tələbə qız hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəaliyyətləri, tələbə həyatı ilə bağlı müsahibə olunub. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Beləliklə, sözügedən təqaüd proqramında iştirak edən gənc qızların sayı 86 nəfərə çatıb.