“Parla” təqaüd və inkişaf proqramının üçüncü məzun buraxılışı keçirilib

08 Oktyabr 2026

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının üçüncü məzun buraxılışı münasibətilə tədbir keçirilib.

“Parla” təqaüd və inkişaf proqramına indiyədək 150 qız cəlb olunub. Onlardan 41-i bu il məzun olub.

Proqram qızların təhsil və inkişaf imkanlarına çıxışını genişləndirmək, onların şəxsi və peşəkar potensialının inkişafına dəstək olmaq məqsədi daşıyır. Bu çərçivədə iştirakçılar ingilis dili və IELTS hazırlığı, şəxsi və peşəkar inkişaf sessiyaları, mentorluq, təcrübə proqramları və müxtəlif öyrənmə imkanlarından yararlanıblar. Eyni zamanda “NEQSOL Holding” və onun qrup şirkətlərində təcrübə keçib, “NEQSOL Academy” və beynəlxalq tərəfdaşlarının təqdim etdiyi müxtəlif inkişaf imkanlarından faydalanıblar.

Tədbir zamanı çıxış edən rəsmilər məzunları təbrik edərək öz təcrübələrini bölüşüb, onların gələcək karyera və inkişaf yolları ilə bağlı tövsiyələrini səsləndiriblər.

Tədbir çərçivəsində “Parla”nın məzunlarına sertifikat və proqramın əsas dəyərlərini simvolizə edən xüsusi hədiyyə də təqdim olunub.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində aylıq təqaüdlə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına, şəxsi və peşəkar potensiallarının gücləndirilməsinə və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirilir.