Sentyabrın ilk həftəsində Şamaxı Astrofizika Rəsədxanasında “NEQSOL Academy”nin dəstəyi və “Women in Tech Azerbaijan”ın ev sahibliyi ilə iki günlük mentorluq düşərgəsi təşkil olunub.
Düşərgənin əsas məqsədi proqram iştirakçısı olan istedadlı qızları müxtəlif sahələr üzrə təcrübəli peşəkarlarla bir araya gətirmək, onların yeni istiqamətlər və karyera imkanları barədə məlumatlılığını artırmaq, eləcə də peşəkar inkişaflarına dəstək göstərməkdir.
İki gün davam edən proqram çərçivəsində maliyyə texnologiyaları, startap, sahibkarlıq, süni intellekt, şəxsi inkişaf, karyera planlaması ilə bağlı sessiyalar keçirilib. İştirakçılar, həmçinin fərdi mentorluq görüşlərində iştirak edib, təcrübəli mütəxəssislərlə açıq müzakirələr apararaq müxtəlif peşə və karyera istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Düşərgədə mentor qismində Leyla Seyidzadə, Alya Abbaszadə, Leyla Hacıyeva və Elnarə Məcidova iştirak edərək öz peşəkar təcrübələrini gənc iştirakçılarla bölüşüblər. Mentorların iştirakı iştirakçıların yeni əlaqələr qurmasına, fərqli baxışlarla tanış olmasına və gələcək inkişaf istiqamətlərini daha aydın müəyyənləşdirməsinə imkan yaradıb.
“Parla” Mentorluq düşərgəsinin keçirilməsi gənc qadınların müasir trendlər və yeni imkanlar barədə məlumatlılığının artırılması, onların təcrübəli mütəxəssislərlə əlaqələrinin genişləndirilməsi və uzunmüddətli peşəkar şəbəkələrinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram ali təhsil müəssisələrində təhsil alan qız tələbələrin akademik, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə yönəlib. Bu çərçivədə iştirakçılara təqaüdlə yanaşı, mentorluq, təlim və karyera inkişafı imkanları təqdim olunur.





