Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının məzunlarını bir araya gətirən “Parla” Məzunlar İcmasının ilk görüşü keçirilib.
“Parla” Məzunlar İcması proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə yaradılıb.
Hazırda icmanın tərkibinə proqramın əvvəlki buraxılışlarından olan 40 məzun daxildir. Növbəti illərdə yeni məzunların da şəbəkəyə qoşulması ilə icmanın daha da genişlənməsi nəzərdə tutulur.
Tədbir giriş nitqləri ilə başlayıb. Çıxışlarda proqram məzunları üçün yaradılan yeni inkişaf platformasının əhəmiyyəti, güclü məzun şəbəkəsinin formalaşdırılması, davamlı öyrənmə imkanlarının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüş çərçivəsində məzunların şəxsi və peşəkar inkişafını dəstəkləməyə yönəlmiş təlim proqramı təşkil olunub. Tədbirin ilk hissəsində şəxsi inkişaf üzrə interaktiv sessiya keçirilib. Sessiya zamanı iştirakçılar liderlik, özünüinkişaf, məqsədlərin müəyyənləşdirilməsi və peşəkar inkişaf istiqamətində praktiki yanaşmalarla tanış olublar.
Daha sonra neyroqrafika üzrə praktiki seminar təşkil olunub. Seminar çərçivəsində iştirakçılar özünürefleksiya, yaradıcı düşüncə və fərdi inkişaf bacarıqlarının gücləndirilməsinə yönəlmiş interaktiv fəaliyyətlərdə iştirak ediblər.
“Parla” Məzunlar İcmasının yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində gələcəkdə müxtəlif təlimlərin, mentorluq görüşlərinin, peşəkar inkişaf sessiyalarının və şəbəkələşmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı ali təhsil müəssisələrində təhsil alan tələbə qızların akademik, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə yönəlmiş proqramdır. Proqram çərçivəsində iştirakçılara təqaüdlə yanaşı, mentorluq, təlim və karyera inkişafı imkanları təqdim olunur.









