Mingəçevir Dövlət Universitetinin (MDU) “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə təşkilatçılığı ilə “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.
Tədbiri açan MDU-nun rektoru Anar Eminov sammitin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” regionlarda təhsil müəssisələri ilə sənaye subyektləri arasında əməkdaşlığı gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm platformadır.
Rektor qeyd edib ki, “Regiondan qlobala” konsepti əsasında reallaşan sammit Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir. O, tədbirin məqsədinin universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərini dəstəkləmək və dövlət–özəl sektor tərəfdaşlığını gücləndirməklə regional iqtisadi inkişafı sürətləndirmək olduğunu vurğulayıb.
Bir çox dövlət və özəl sektor nümayəndələrinin çıxış etdiyi Samitdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü, İnzibati idarəetmə şöbəsinin müdiri Ramin Cəfərov dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən fəaliyyətlərdən danışıb. O, bu istiqamətdə görülən işlərin təhsil sahəsində innovativ yanaşmaların tətbiqinə, tədris keyfiyyətinin yüksəldilməsinə və tələbələrin fərdi Inkişaf imkanlarının genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb.
Ramin Cəfərov qeyd edib ki, dövlət və özəl sektor arasında qurulan əməkdaşlıq nəticəsində bir çox sosial layihələr, təqaüd proqramları və inkişaf təşəbbüsləri həyata keçirilib. Bu təşəbbüslər gənclərin təhsil resurslarına çıxışının artırılmasına, onların peşəkar bacarıqlarının formalaşmasına və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına şərait yaradıb.
Tədbir çərçivəsində MDU ilə DMA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ASK, Azərbaycan HR İnstitutu və “Proqress” Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu memorandumlar birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.
Sammitdə DMA ilə birgə Karyera Sərgisi də təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz fəaliyyət istiqamətlərini, vakansiyalarını və xidmətlərini təqdim edib. Tədbirdə təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə, istehsal, logistika, konsaltinq, turizm, media və sosial xidmətlər sektorlarını təmsil edən qurumlar iştirak ediblər. Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib, tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub.





