Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilib

03 İyul 2025

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutmuş Qadınlar Forumunda qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması, iqlim davamlılığı üçün insan inkişafında onların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması və digər mövzular müzakirə olunub.

Forumda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Fondun nümayəndəsi Ofelya Salmanova iştirak edib.

İlk olaraq, açılış nitqi ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyinin mümkün olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılmasını və sosial rifahının təmin olunmasını cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi kimi qiymətləndirmək olar.

Digər çıxışlardan sonra Forum çərçivəsində 3 panel müzakirəsi həyata keçirilib. I panel “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu” mövzusunda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə baş tutub. Müzakirədə spiker qismində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə yanaşı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Respublikasının Parlament üzvü, Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü Juldız Süleymenova, İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireçci,  BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin tərəfdaşlıq və resursların səfərbərliyi üzrə mütəxəssisi Mihaela İonescu, Asiya İnkişaf Bankının Azərbaycan üzrə Nümayəndəliyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov çıxış edib.

Elnur Nəsibov çıxış edərək qeyd edib ki, qadınların təhsil və tədrisdə rolunun artırılması Fondun əsas məqsədlərindən biridir. O, bildirib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir: “Təhsil almış qadın təhsilli ailə deməkdir. Nazirliyin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb və bundan 350 qız yararlanıb.

Onun sözlərinə görə, gənc qızların təhsildə sayı artır: “Xüsusilə Azərbaycanın təhsil sisteminə gəldikdə, demək olar ki, ölkənin ən iri sistemlərindən biridir ki, bir milyon altı yüz min şagird var. Orta təhsil ocaqlarında qızlara gəldikdə, ümumi təhsil şagirdlərinin 46 faizini təşkil edir. Universitet səviyyəsində isə 52,1 faiz tələbə qızlardır ki, bu da çox yaxşı bir göstəricidir. Hazırda bütün peşə təhsili alanlar arasında qızlar 36 faiz təşkil edir. Nazirlik hədəfləyir ki, onların sayı 40 faiz olsun”.

Panellər sual-cavab sessiyası, fikir mübadilələri ilə davam edib.