Bakı Dövlət Universitetində (BDU) “TəhsilPlus” kartı ilə bağlı müzakirə formatında görüş keçirilib

20 İyun 2025

Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetində (BDU) müəllim və inzibati heyətin iştirakı ilə “TəhsilPlus” kartı mövzusunda müzakirə formatında görüş baş tutub.

Tədbirdə ilk olaraq, Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək müəllimlərin sosial rifahının artırılması yönündə atılan bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, “TəhsilPlus” layihəsi təhsil işçilərinin gündəlik həyatına real töhfə verməklə yanaşı, onların motivasiyasını və peşəkar fəaliyyətə bağlılığını da gücləndirəcək.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova layihənin əsas məqsədləri, hədəf qrupları və təqdim olunan güzəştlər haqqında çıxış edib. O, bildirib ki, “TəhsilPlus” kartı vasitəsilə müəllimlər müxtəlif partnyor şəbəkəsində endirimli xidmətlərdən istifadə edə, gündəlik ehtiyaclarını daha sərfəli şəkildə qarşılayaraq sosial təminat baxımından əlavə dəstək əldə edə biləcəklər.

Görüş çərçivəsində layihənin tətbiqi mexanizmi, partnyor strukturların fəaliyyəti, müəllimlərin bu imkanlardan necə yararlana biləcəyi və gələcək genişləndirmə planları barədə sual-cavab formatında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) tərəfdaşlığı ilə həyata keçirilir.