Dekabrın 5-də elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) baş direktoru Səlcuq Pəhlivanoğlu ilə Türkiyənin paytaxtı Ankarada görüşüb.
Görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, müəllimlərin və təhsil idarəçilərinin peşəkar inkişafı, təcrübə mübadiləsi proqramları, sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və məqsədləri, o cümlədən, Azərbaycanda aparılan təhsil islahatları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan XXI əsrin tələblərinə uyğun təhsil üçün qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq yaradılıb.
Elnur Nəsibov TİF ilə TED əməkdaşlığına toxunaraq buna misal olaraq ötən günlərdə TED Universietinin rektoru, professor İhsan Sabuncuğlunun geniş təqdimatı ilə Bakıda baş tutan “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” seminarını göstərib və səmərəli əməkdaşlığın davamlı olacağına inandığını bildirib.
Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədri olan Səlcuq Pəhlivanoğlu görüşdən çox məmnun olduğunu bildirərək TİF İdarə Heyətinin sədrinə ziyarət üçün təşəkkür edib, təhsilin inkişafı ilə bağlı görüləcək işləri hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə TED Ankara məktəbinin yaradıcılarından biri Bülənt Bağdatlı, eyni adlı qurumun baş direktorunun müavini Ayşə Nalan Kaskan, məktəbin müdiri Tamer Atacan, TED Universitetinin müşaviri Berkay Orhaner iştirak ediblər.
Elnur Nəsibov TED Ankara məktəbinin təcrübəsi ilə də tanış olub.
Məlumat üçün bildirək ki, Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, TEDMEM düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.