TələbəPlus

23 Aprel 2025

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.


Eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə Əməkdaşlıq Memorandumu imzalanıb.


2024-cü il ərzində əməkdaşlıq müqaviləsi imzalanmış 21 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 170000 tələbə TələbəPlus kartı ilə təmin olunmaqdadır.