Azərbaycan Respublikasının Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Təhsilin Ulduzu” müsabiqəsi keçirilməkdədir.
Layihənin məqsədi müəllimlərin tədris prosesindəki fərqli və yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.
Müsabiqənin şərtləri:
Müsabiqədə dövlət ümumtəhsil müəssisələrində çalışan və yalnız müxtəlif fənləri tədris edən 2 həmkar birlikdə dərs təqdim etməlidirlər. Eyni fənni tədris edən, eyni şəhər və ya rayonda çalışan müəllimlər birlikdə dərs təqdim edə bilməzlər. 2 müəllimdən hər birinin müxtəlif şəhər və rayonlarda çalışıması tələb edilir. (Məsələn, Bakıdakı müəllimlə Qubadakı müəllim birlikdə dərs keçməlidirlər. Yaxud Ucar ilə Xaçmaz, Balakən ilə Yardımlı, Gəncə ilə Sumqayıt müəllimləri dərs təqdim edə bilərlər və s. Buradakı adlar şərti xarakter daşıyır). Təqdim edilən dərslər fənlərarası inteqrasiyaya uyğun olmalıdır. Sinfi və mövzunu seçmək sərbəstdir.